Var gücləri ilə çalışdılar, alınmadı

Ermənilərin, ümumiyyətlə, Laçından çıxmaq fikirləri olmayıb

Azərbaycan Ordusu və Ali Baş Komandan onların bütün planlarını alt-üst etdi

44 günlük aktiv müharibə fazası və sonrakı 20 gündə 3 rayonumuzun bir güllə atılmadan azad edilməsi mühüm hadisədir. Bu, Dağlıq Qarabağ problemi adlandırılan məsələnin birdəfəlik və heç bir status olmadan həll edilməsi deməkdir. Bununla Azərbaycan xalqı “məğlub” statusunda təqdim edilməkdən qurtularaq qalib xalq statusu əldə etdi. Ən vacibi isə Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Ordumuz hərb və diplomatiya tarixində bütün dünyada heyrətlə qarşılanan yeniliklərə imza atdı.

Hazırda Azərbaycan yeni reallıq yaratmaqla özünə mühüm strateji perspektiv təmin edib. Lakin hamı bilməlidir ki, noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın sonuncu versiyasına nail olmaq heç də asan başa gəlməyib. Dekabrın 1-də xalqa müraciət edən Prezident İlham Əliyev razılaşma ilə bağlı bəzi məqamlara diqqət yönəldərək vurğuladı ki, hər bənd üzərində uzun müzakirələr aparılıb.

Bir çox həssas məqamlar məhz birbaşa dövlət başçısı İlham Əliyevin qətiyyəti, iradəsi və israrlı tələbi sayəsində Azərbaycanın milli maraqlarına uyğun olaraq dəyişdirilib.

Ölkə başçısı xüsusən Laçın dəhlizindən bəhs edərək bildirib ki, bəyanatın ilkin variantında karidora ermənilərin nəzarət edəcəyi vurğulanmışdı. Həm də dəhlizin eninin 30 kilometr olması tələb olunurdu: “30 ilə yaxın aparılan danışıqlarda Laçın rayonunun Azərbaycana qaytarılması, xüsusilə Laçın dəhlizi ilə bağlı olan məsələ həmişə çox önəmli və ayrı bir mövzu kimi müzakirə olunurdu.

Ermənistan tərəfi, ümumiyyətlə, hesab edirdi ki, bütün Laçın rayonu onlara dəhliz kimi verilməlidir. Bunun nəticəsində, məhz Laçın rayonunda çox ciddi məskunlaşma siyasəti aparılırdı. Yəni Ermənistan rəhbərliyində Laçın rayonunu Azərbaycana qaytarmaq fikri olmayıb. Biz Laçın dəhlizi haqqında danışıqlar zamanı mövzulara toxunarkən həmişə həm Ermənistan, həm də onun havadarları qeyd edirdilər ki, yox, Laçın rayonu ayrı mövzudur. Birbaşa bizə deyilməsə də, belə bir fikir həmişə var idi ki, Laçın rayonu hansısa formada Ermənistana qalmalıdır”. Dövlət başçısı qeyd edib ki, onun sərt etirazı nəticəsində Bəyanatın bütün bəndləri Azərbaycanın lehinə dəyişdirilib və məğlub Ermənistana qəbul etdirilib. 

Milli Məclisin deputatı, Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli “Şərq”ə açıqlamasında vurğulayıb ki, sentyabrın 27-də Azərbaycanın əks hücumu ilə başlanan ikinci Qarabağ müharibəsinin ilk günündən həm fərd, həm də xalq olaraq hər birimiz Azərbaycan Ordusunun, Ali Baş Komandanın dəmir iradəsini gördük. Məhz bu iradə sayəsində Azərbaycan bir yumruq kimi birləşdi:

“Ataların gözəl bir məsəli var: - görünən dağa nə bələdçi?! Ali Baş Komandanın istər xarici jurnalistlərin suallarını cavablandırarkən, istərsə də öz tvitter səhifəsində, yaxud efirdən xalqa müraciətlərində Azərbaycan xalqı hər dəfə sanki yenidən doğuldu, mətinliyimiz, inamımız bir az daha artdı. Artıq heç kəsdə şübhə qalmadı ki, bu ordu və bu Ali Baş Komandanla lazım gəlsə, düşməni İrəvana qədər qovarıq. Hadisələrin sonrakı gedişi göstərdi ki, istəsəydik, doğrudan da qovmağa gücümüz vardı. Amma bu müharibədə hədəfimiz, 30 ildən bəri işğal altında olan Qarabağ torpaqlarını ən az itki ilə düşməndən azad etmək idi və buna da tam nail olduq”. 

Deputat bəyan edib ki, 10 noyabr Bəyannaməsindən sonra bəzi insanlarda düşmənə inamsızlıqdan doğan narahatlıq vardı və bu narahatlıqdan qaynaqlanan suallar səsləndirilirdi. Lakin belə insanlar yaddan çıxarmamalıdır ki, torpaqlarımızın son qarışına qədər işğaldan azad olunması üçün var gücü ilə çalışan Ali Baş Komandanımız zərrə qədər əleyhimizə olan heç bir sənədin altına imza atmaz:

“Bunu biz cənab Prezidentin 1 dekabr müraciətində açıqladığı məqamlarda gördük. Dövlət başçısının çıxışından məlum oldu ki, erməni tərəfi Laçından çıxmamaq üçün əlindən gələni edib. Əslində, Laçından və Kəlbəcərdən çıxmamaq onların çoxdankı niyyəti idi, problemin 5+2 həll variantı da, çox güman ki, bəzi qüvvələr tərəfindən buna hesablanmışdı.

Lakin Azərbaycan Ordusu və Ali Baş Komandan onların bütün planlarını alt-üst etdi. Ümidini üzən düşmən dəhliz bəhanəsi ilə Laçın rayonunu və Laçın şəhərini əldə saxlamağa, dəhlizin enini 30 kilometrə çatdırmağa və s. çalışdı. Bu, məğlub düşmənin son hiylələrindən idi, amma yaddan çıxarırdı ki, onun qarşısında artıq müzəffər bir dövlətin Prezidenti və müzəffər bir ordunun Ali Baş Komandanı dayanıb. Bəli, indi Bayannamənin bütün maddələri bir-bir icra olunur və olunacaq”. 

Ə.Ələkbərli bəyan edib ki, dövlət başçısının” Bəyannamənin reallaşmasına mane olmağa çalışanlar var və bu halda Azərbaycanın reaksiyası çox sərt olacaq” mesajı Azərbaycanı öz haqq işini başa çatdırmaq üçün hansı nöqtədəsə dayandırmaq fikrinə düşənlər üçün çox ciddi siqnaldır: “Belələri unudur ki, ox yayından bir dəfə çıxır, onu öz sinəsi ilə saxlamaq istəyənlər öz taleyindən küssün.

Əgər hələ də qulağı kar, gözü kor, dili lal olanlar varsa, onda küt zehinlərinə əbədi həkk etsinlər ki, Qarabağ Azərbaycandır! Əgər bunu da bacarmasalar, biz onların beyninə "İrəvan Azərbaycandır" nidasını həkk etməyin bir yolunu taparıq”.