Fransa növbəti təxribata cəhd edir

Əgər fransız deputatlar Azərbaycanın izni olmadan Qarabağa gəlsələr, nəticələri ağır olacaq

Ermənistan KİV-də Fransa parlamentinin bir qrup üzvünün Dağlıq Qarabağa səfər edəcəyi, orada görüşlər keçirəcəyi ilə bağlı informasiyalar yayılıb. Məlumatda deyilib ki, məqsəd mövcud humanitar vəziyyəti yerindəcə qiymətləndirməkdir. Azərbaycan Xarici İşlər Nazirliyi dərhal yazılanlara münasibət bildirib. XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib ki, Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suveren ərazisinə edilən səfərlərlə bağlı rəsmi mövqeyi bəllidir və bu mövqe dəyişilməz olaraq qalır: “Azərbaycan ərazisinə, o cümlədən onun Dağlıq Qarabağ bölgəsinə edilən səfərlər Azərbaycan hökuməti ilə razılaşdırılmalıdır. Azərbaycanın qanunvericiliyini pozan şəxslər müvafiq sanksiyalarla üzləşirlər və onların gələcəkdə Azərbaycan ərazisinə səfərləri məhdudlaşdırılır”. 



Fransa tərəfinin növbəti təxribatçı addımını “Şərq”ə analiz edən politoloq Araz Aslanlı deyib ki, Azərbaycan artıq prosesin ilk mərhələsini başa çatdırdığını elan edib. Laçın və Kəlbəcər Ermənistan işğalından azad olunub və Azərbaycanın ərazi bütövlüyü təmin edilib. Bundan sonra Azərbaycan ərazisinə dövlətimizin razılığı olmadan heç kim daxil olmamalıdır:

“Laçın koridoru ilə bağlı detallar yəqin ki, növbəti mərhələdə ortaya çıxacaq. Amma bu məqama qədər də, Azərbaycan sərhədlərindən bütün keçişlər sadəcə və mütləq qaydada Azərbaycanın razılığı daxilində baş verməlidir. “Gəlsinlər, biz onlara sanksiya tətbiq edək, sonra üzrxahlıq məktubu yazsınlar, bağışlayaq” mərhələsi artıq tarixdə qalıb. Bir məqamı da qeyd edim ki, Azərbaycanda “Dağlıq Qarabağ” adlı yer yoxdur. Aydındır ki, müəyyən çıxışlarda, müraciətlərdə məsələyə aydınlıq gətirmək üçün bu ifadənin işlədilməsi zərurəti yaranır. Amma rəsmi mətnlərdə mümkün qədər bu ifadənin işlədilməməsinə çalışmaq lazımdır”.