Milyonlar hardadır?

Qarabağ 4 il əvvəl təmizlənməli idi, amma heç bir iş görülməyib, "HALO" əksinə maliyyə vəsaitini istehkamların, hərbi-mühəndis binaların tikintisinə xərcləyib
 Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq torpaqlarını işğalçılardan təmizlədi. İndi də torpaqların minalardan və partlayıcılardan təmizlənməsi prosesi aparılır. Bugünədək ABŞ-dan və Avropadan olan müxtəlif beynəlxalq təşkilatlar fərqli adlar altında Qarabağın minalardan təmizlənməsi ilə bağlı milyonlarla maliyyə vəsaiti xərcləyiblər.

Amerikanın USAID təşkilatının Yerevandakı nümayəndəliyinin direktoru Karen Hilliard 2014-cü ilin oktyabrında bildirmişdi ki, “HALO Trust” təşkilatı bu layihəyə 5 milyon dollar ayırandan sonra Dağlıq Qarabağ əraziləri 2016-cı ilədək minalardan təmizlənəcək. “HALO Trust” mülki şəxslər üçün təhlükəli ola biləcək mina və partlamamış hərbi sursatların zərərsizləşdirilməsi ilə məşğul olan bir təşkilatdır.

Maraqlıdır, şirkət İngiltərədə xeyriyyə, ABŞ-da isə qeyri-kommersiya təşkilatı kimi qeydə alınıb. Şirkətin qlobal qərargahı Şotlandiyada yerləşir, Vaşinqtonda və Kaliforniyanın San-Fransisko şəhərində isə ofisləri mövcuddur. Təbii ki, ilk baxışda mina və partlamamış hərbi sursatların zərərsizləşdirilməsi xeyirxah bir missiya kimi görünür. Ancaq xeyriyyə və ya qeyri-kommersiya kompaniyası adlanan təşkilat əslində Özəl Hərbi Kompaniyadır.

Onun bu əməliyyatları yerinə yetirməsi üçün sırf hərbi hazırlıqlı peşəkar mühəndis-istehkamçıları və ya xüsusi hazırlıq kurslarında təlim keçmiş ixtisaslı texniki mütəxəssisləri, həmçinin hərbi mühəndis təyinatlı texnikaları, avadanlıqları var. 

Politoloq Sədrəddin Soltan vurğulayıb ki, bu ilin iyulunda ABŞ Konqresinin Nümayəndələr Palatası işğal altında olan Dağlıq Qarabağ bölgəsinin erməni icmasına 1,4 milyon dollar ayırılmasını təsdiqləyib. Bu maliyyə vəsaitinin Qarabağın minalardan təmizlənməsi üçün “HALO Trust” proqramına veriləcəyi iddia olunur.

İndiyədək Vaşinqton Dağlıq Qarabağa birbaşa yardım qismində ayırdığı maliyyə dəstəyinin böyük bir hissəsini hər il sözügedən şirkətin hesabına köçürürdü: “Xeyriyyə təşkilatı isə həmin maliyyə yardımlarının Qarabağın minalardan təmizlənməsinə xərcləndiyini bildirirdi. Ancaq Azərbaycan torpaqları işğal altında olduğundan bu kimi beynəlxalq “qeyri-hökumət təşkilatlarının” fəaliyyətinə nəzarət etmək imkanı məhdud idi.

Deməli, bu kimi təşkilatların işlərinə heç bir nəzarət olmayıb. Xatırladaq ki, Fransa prezidenti Emmanuel Makron bir sıra xarici humanitar təşkilatlar Qarabağa humanitar yardım adı ilə dəstək göstərdiklərini etiraf etmişdi.

Onların arasında “HALO Trust” təşkilatı da var. Heç şübhəsiz, Rusiyadakı erməni iş adamları da Qarabağdakı separatçılara yardımlar ediblər”. 

Ekspert qeyd edib ki, Qarabağ işğaldan azad edildi və indi düşmənin basdırdığı mina və partlayıcılar təmizlənir:

“Bu zaman maraqlı bir sual yaranır. Beynəlxalq təşkilatlar bu illər ərzində işğal altında olan torpaqlarda nə işlə məşğul olublar? Halbuki onların vədinə əsasən, Qarabağ 4 il əvvəl minalardan təmizlənməli idi.

Həmin qurumların fəaliyyətinə kim nəzarət edib? Deməli “HALO” və başqalarının fəaliyyəti şəffaf olmayıb. Yaxud belə düşünmək olar ki, həmin maliyyə vəsaiti hesabına işğal altında saxlanılan torpaqlarda istehkamlar, sığınacaqlar və başqa hərbi-mühəndis binaları tikilib.

Fəaliyyətlərində şəffaflığa əməl edilmədiyindən onların Qarabağda mina basdırdıqlarını, “minadan təmizləmək” adı altında çirkli pulları yuduğunu da ehtimal etmək olar”.