Rusiya sülhməramlıları varsa, erməni silahlıları nəyə lazımdır?

Məhəmməd Əsədullazadə: "Bu vəziyyət növbəti silahlı qarşıdurmaya səbəb ola bilər"

“Rusiya sülhməramlı qüvvələrinin nəzarət etdiyi ərazilərdə erməni hərbi birləşmələri qalmaqdadır”.

Bu barədə “Şərq”ə politoloq Məhəmməd Əsədullazadə deyib. Analitik bildirib ki, Xocavənd rayonu ərazisində Azərbaycan əsgəri ilə erməni silahlısı arasında 100 metrlik məsafə var: “Xocavənd rayonunun erməni nəzarətində olan kəndində hər iki tərəfin postu qurulub.



Burada silahli erməni əsgərləri Azərbaycan hərbçiləri ilə üz-üzə mövqedə dayanır. Əvvəlki vaxtdan fərqli olaraq səngərdə deyillər və biri-birlərini açıq müşahidə edirlər, sərbəst fəaliyyət göstərirlər.

Ona görə də üçtərəfli bəyannamədə nəzərdə tutulduğu kimi bu ərazilərdən erməni silahlı birləşmələri tezliklə və tam çıxarılmalıdır”. 

Ekspertin sözlərinə görə, Rusiya və Ermənistan burada hərbçilərin qalmasında maraqlıdır:

“Şübhə yox ki, Azərbaycan düşmən əsgərlərinin oradan çıxarılmasına nail olacaq. Yoxsa, bu vəziyyət növbəti silahlı qarşıdurmaya səbəb ola bilər. Ermənistan əsgərinin orada olması qanunsuzdur və sabitliyi pozmağa xidmət edir.

Əgər Rusiya bölgədə sülhməramlı qüvvələrini yerləşdirirsə, erməni silahlıları nəyə lazımdır?! Azərbaycan və Türkiyə Rusiyadan qəti tələb etməlidir ki, üzərinə götürdüyü öhdəlikləri dəqiq yerinə yetirsin.

Çalışmalıyıq ki, bir müddətdən sonra Xankəndi, Xocavənd və Ağdərə də de-fakto nəzarətimizə keçsin. Artıq regional şərtlər lehimizə işləyir”.