Ordumuz yeni reallıqlar yaradıb

Azərbaycana qarşı istər bölgəmizdə, istərsə də dünyada münasibət kökündən dəyişdi

Ermənilər həm şokdadır, həm də dərin ruh düşkünlüyü yaşayırlar. Onlar hələ də inana bilmirlər ki, İkinci Qarabağ müharibəsini uduzublar. Ağdamı, Kəlbəcəri tərk etmək istəmirdilər. Çıxmalı olduqlarını dərk edəndə isə hər şeyi yandırıb, viran qoyub çıxırlar. Elə Laçını da son saatlaradək tərk etmək istəmirdilər. Laçın şəhərində və bəzi kəndlərində bir sıra ermənilər gözləyirdilər ki, bəlkə çıxmamaq haqqında “göstəriş” gələcək. Bir erməni qadınının Laçından çıxmamaq üçün özünə necə əl qatmasının, vay-şüvən salmasının videogörüntülərini yəqin ki, çoxları izləyib. Bu onu göstərir ki, təkəbbürlü və özlərindən razı ermənilər Laçından və digər torpaqlarımızdan çıxarılacaqlarına, daha doğrusu, qovulacaqlarına inanmırmış. 

Prosesləri “Şərq”ə dəyərləndirən Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib ki, işğalçı Ermənistanın keçmiş və indiki rəhbərləri sıravi ermənilərdə belə bir yanlış inam formalaşdırmışdı ki, guya Qarabağ həmişəlik Ermənistanın işğalı altında qalacaq və “erməni yurduna” çevriləcək. Partiya rəhbərinin fikrincə, erməni “başbilənləri”  sıravi insanları miflərə inandırmışdı:

“Azərbaycan Ordusu bu mifləri qırdı, məhv etdi. Ermənilər Ordumuzun qələbəsi nəticəsində ağır mənəvi-psixoloji zərbə aldı. Biz bu zədənin nəticələrini, əlamətlərini Laçını tərk etmək məcburiyyətində qalan mülki ermənilərin çöhrələrində gördük. Laçını tərk etmək onlar üçün çox ağrılı idi.

Prezident İlham Əliyev xalqa müraciətində diqqət çəkdi ki, ermənilər Laçın rayonunun ərazisinin bütünlüklə dəhliz kimi Ermənistanın nəzarətində qalmasını arzulayırmışlar.

Müzəffər Ordumuz ermənilərin bu iddialarını tamamilə alt-üst etdi, yeni reallıq yaratdı. Azərbaycana qarşı istər bölgəmizdə, istərsə də dünyada münasibət kökündən dəyişdi.

İndi Azərbaycan həqiqətən də Cənubi Qafqazın lider dövlətidir. Bütün bunların hamısı Sizin xidmətiniz və uğurlarınızdır, cənab Prezident!”.