Sarkisyan - Paşinyan qovğası... – “Birincinin şansı çoxdur”

“Prezident yaxşı başa düşür ki, Paşinyanın reputasiyasının bu vəziyyətindən istifadə edə bilər”

“Ölkədə Qarabağ klanının,  Ter- Petrosyanın şansı, demək olar ki, yoxdur”

“Bu mənada Armen Sarkisyanın imkanları genişlənirartır. Ona görə də o, Paşinyan hökumətinə təzyiqi daha da artıracaq”


Ermənistan prezidenti Armen Sarkisyan Baş nazir Nikol Paşinyanın istefasının vacibliyini bildirib. Bu barədə A.Sarkisyan Rusiyanın Ermənistan icmasının nümayəndələri ilə görüşdə deyib. Onun sözlərinə görə, Ermənistan çətin böhran vəziyyəti ilə üzləşib: "Belə böyük bir faciənin baş verdiyi hər bir ölkədə bir həll yolu var: buna səbəb olan hökumət getməlidir. Siyasətçi güclüdürsə, sonra geri qayıda bilər. Əvvəlki seçkilər 2,5 il əvvəl keçirilib, o zaman ölkə tamamilə fərqli idi, indi fərqli bir ölkədə yaşayırıq". 

A.Sarkisyan qeyd edib ki, bu, bir ölkənin, bir dövlətin deyil, bir xalqın böhranıdır - psixoloji, maliyyə, iqtisadi, humanitar böhrandır.
Bütün bunlar Ermənistan daxilində siyasi böhranın sürətləndiyinin bariz nümunəsidir. 

Siyasi analitik Rusif Məmmədsoy Ermənistandakı daxili vəziyyəti “Sherg.az”a şərh edib:  

“Ermənistan prezidenti Armen Sarkisyanın Paşinyanla bağlı fikirlərinin arxasında ictimai rəy dayanır. Ermənistan Paşinyanın gəlişindən sonra prezidentli respublikadan parlament respublikasına çevrildi. Beləliklə, əsas səlahiyyətlər məhz baş nazirin əlinə keçdi. Yəni Ermənistanda prezident formal xarakter daşıyır. Ciddi səlahiyyətlərə sahib deyil. Armen Sarkisyan yaxşı başa düşür ki, Paşinyanın reputasiyasının bu vəziyyətindən istifadə edə bilər. Ölkədə Qarabağ klanının,  Ter- Petrosyanın şansı, demək olar ki, yoxdur.

Rusiya da keçmiş Qarabağ klanını hakimiyyətə gətirə bilməz. Çünki cəmiyyət daxilində nüfuzları çox aşağıdır. Əsas səbəb isə korrupsiya və digər özbaşınalıqlardır. Bu mənada Armen Sarkisyanın şansı artır. Ona görə də o, Paşinyan hökumətinə təzyiqi daha da artıracaq. Əsas məsələ Rusiyanın yaşıl işıq yandırıb, yandırmamasıdır. Amma burada daha bir məqam var.

Rusiya Paşinyanı hazırkı vəziyyətdən xilas etmək istəyir. Çünki Qarabağ savaşından sonra üçtərəfli müqavilə məhz Paşinyanın iştirakı ilə həyata keçirilib. Ermənistanda hansısa çaxnaşma baş verərsə, razılıqdan imtina etmək məsələsi də ön plana çıxa bilər. Təbii ki, bu heç nəyi dəyişməsə də, Kremlin nüfuzuna ciddi zərbə olacaq.  Bu mənada, fikrimcə, Rusiya ən azından proseslərin sona çatması üçün Paşinyana şans vermək niyyətindədir”.

 R.Məmmədsoy, həmçinin erməni baş nazirin gələcək taleyindən də danışıb: 

“Paşinyana gəlincə isə ona qarşı təzyiqlər günü-gündən daha da artır. Evinə, hökumət binasına hücumlar təşkil edilir.
 Lakin, o, hakimiyyətdən getmək istəmir. Bütün günahları keçmiş rəhbərlərin hakimiyyəti illəri ilə əlaqələndirir. Ermənistanın varlığına o zaman son qoyula bilərdi ki, Rusiyanın vasitəçiliyi ilə imzalanan müqaviləyə razı olmasın. 

Bəli, onda şimal qonşumuzun hiddətinə səbəb olardı. Lakin indi Rusiya Ermənistanın dağılmasına imkan verməz. Ən azından gücü əlində saxladığı müddətədək. 

Təbii ki, indi Ermənistan adlanan ərazilərin hər biri bizim doğma, tarixi torpaqlarımızdır. Lakin hesablaşmalı olduğumuz beynəlxalq hüquq və müəyyən qüvvələr var. Bu mənada prioritetimiz hazırda işğaldan azad etdiyimiz ərazilərin yenidən bərpasıdır”.

Analitik, Ermənistan prezidentinin baş nazirlə bağlı replikasına da aydınlıq gətirib: 

“Sarkisyanın “Paşinyan yaxşı siyasətçidirsə, iki il sonra yenidən hakimiyyətə gələr” fikri Ermənistanın çətin vəziyyətə düşməsini göstərir. Bundan sonra Ermənistanda həm sosial, həm iqtisadi, həm demoqrafik böhran açıq şəkildə özünü büruzə verəcək.

Savaşdan çıxmış Ermənistan kimi zəif dövlətlər sadəcə hərb meydanında məğlub olmurlar. Sarkisyan demək istəyir ki, əgər  Paşinyan yaxşı siyasətçidirsə, gəlib Ermənistanı bu vəziyyətdən xilas edər. Digər tərəfdən də başqa bir ultimatum verməsi də mümkündür. 

Sarkisyan hakimiyyəti öz əlinə alaraq Ermənistan üçün yaxşı işlər görməyi bacaracağına da işarə edə bilər. Erməni cəmiyyətinə də atmaca ata bilər ki, bəli, mən gəlib sizi ağ günə çıxaracam».