Möhtəşəm QƏLƏBƏ PARADI ! – “Hər kəs qürur duyacaq”

Azərbaycan Silahlı Qüvvələrinin Vətən Müharibəsindəki tarixi qələbəsi münasibətilə 10 dekabr 2020-ci il tarixində Bakıda hərbi parad keçiriləcək.  Ali Baş Komandan İlham Əliyev də xalqa müraciətlərində torpaqlarımız tamamilə işğaldan azad olundan sonra hərbi paradın keçiriləcəyini bildirib.  Eyni zamanda Prezident öz hərbi texnikamızla yanaşı düşmənin qənimət kimi əldə olunan, həmçinin darmadağın edilən hərbi texnikasının nümayiş olunacağını söyləyib.


Nəhayət o tarixi ana sayılı günlər qalıb. Hər kəs Qələbə paradının keçiriləcəyi günü gözləyir. Hətta Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan da paradda iştirak etmək üçün Bakıya gəlir. Həm 44 günlük müharibə müddətində, həm də daha sonra hər zaman yanımızda olan qardaş ölkə ilə sevincimizi bölüşəcəyik. İllərdir gözlədiyimiz, həsrət qaldığımız hissləri yaşayacağıq. 

Bu paradın özəlliyi barədə “Sherg.az”a danışan ehtiyatda olan polkovnik  Şair Ramaldanov deyib ki, zəfər günlərini yaşadığımız üçün xoşbəxt xalqıq:

“Qələbə paradı tarixdə layiqli yerini tutacaq. Millətimiz hər zaman zəfər arzulayırdı. Hesab edirəm ki, bu parad xalqımız, dövlətimiz üçün tarixdə çatışmayan boşluq idi. İndi cənab Prezidentin rəhbərliyi altında qələbə paradını keçirmək üçün hazırlıq işləri görülür. Həm də ordumuz illərdir, zəfər qazanmaq üçün hazırlaşırdı.

Döyüş meydanında, gecə-gündüz təlimlər keçirilirdi. Qələbəmizdə birliyimiz də mühüm rol oynadı.  Cənab prezidentin göstərdiyi dəmir yumruq kimi birləşdik. Qarabağ məsələsində, müharibə müddətində xalqımız dövlət başçısının ətrafında sıx birləşdi. İstər evləri dağılan sakinlər, istərsə də erməni terroruna məruz qalan vətəndaşlar  böyük iradə, birlik, həmrəylik nümayiş etdirdilər.  Kimliyindən asılı olmayaraq hər kəsin bir amalı vardı: qələbə qazanacağıq !

Ərazi bütovlüyümüz bərpa olunanadək irəli gedəcəyik. Prezidentimiz də  əsl Ali Baş Komandan kimi sərkərdəlik məharətini göstərdi. Bununla yanaşı zəfərimizin əsas memarları olan əsgərlərimiz var. Onlar kiçik yaşlarından hərbi geyimdə tədbirdən –tədbirə gedən, məktəblərdə  ruh yüksəkliyi ilə formalaşdırılan uşaqlardır. Valideynlərindən Dağlıq Qarabağı öyrənən, torpaqlarımızın işğalı ilə barışmayan oğullarımız döyüşdə misilsiz qəhrəmanlıq göstərərək zəfər qazandılar”. 

 Ş.Ramaldanov  bu paradın digərlərindən fərqlənəcəyini xüsusi vurğulayıb:

“Öz möhtəşəmliyi, ağırlığı, mahiyyəti ilə seçiləcək. Paradda döyüşdə iştirak edən hərbi hissələrin nümayəndələri də olacaq. Azadlıq meydanında torpaqlarımızı azad edən əsgərlər sıra addımı ilə qələbəni qeyd edəcəklər.  Paradı izləyən hər kəs qürur və sevinc göz yaşı axıdacaq. Həm də Birinci Qarabağ savaşında, Vətən müharibəsində canlarından keçən şəhidlərin ruhları bizimlə olacaq.

Onların qanı yerdə qalmadı, Azərbaycan torpaqları azad olundu. İndi Azərbaycan əsgəri təmas xəttində deyil, dövlət sərhədində xidmət edir.  Hər zaman arzu edirdik: Cənab Ali Baş Komandan, döyüş əmr verin ! Əmr verildi və layiqincə yerinə yetirildi. Onu da deyim ki, cənab prezident Silahlı Qüvvələrin 100 illiyində keçirilən paradda çıxışı etmişdi.

Ölkə başçısı söyləmişdi ki, düşməni məğlub edəcəyik və Azadlıq meydanında qələbə paradı keçirəcəyik, zəfər bayrağını bura gətirəcəyik. İki il sonra cənab prezident bunları reallaşdırdı. Gördük ki, bizim güclü, qüdrətli, qətiyyətli, müdrik liderimiz var.

Cənab prezident İlham Əliyev paradda birinci şəxs kimi, triubunadan baxarkən onun nə qədər xoşbəxt hisslər keçirəcəyini görəcəyik. O hissləri məhz bütün xalqımız bölüşəcək”.