Yeni sayt gəlir ! - “Haqq səsimizi Rusiyaya duyuracaq”

“Rusiya məkanın informasiya siyasətində niyə ermənilər üstün olmalıdırlar ki?”

“Hərbi əməliyyatlar dayansa da, informasiya müharibəsi hələ gedir. Və, bəlkə, bundan sonra yüz il də davam etməlidir”

“Çünki informasiya müharibəsini biz dayandırsaq, düşmən qalib gələcək”


Rusiyada yeni xəbər portalı fəaliyyətə başlayacaq. Bu barədə “Vostok” televiziyasının vitse-prezidenti Şəhriyar İmanbəyli özünün “Facebook” hesabında yazıb. Əlbəttə, davam edən informasiya müharibəsi dövründə bu cür addımların atılması olduqca vacibdir. Şübhəsiz, təsis ediləcək portal informasiya cəbhəsindəki “post”larımızı daha da gücləndirəcək və düşmən hücumlarının qarşısının alınmasında mühüm rol oynayacaq.

Şəhriyar İmanbəyli təşəbbüslə bağlı daha ətraflı “Sherg.az”a danışıb:

 “Biz dünyada baş verən hadisələri, o cümlədən Rusiya gündəmini işıqlandıracağıq. İlk beşlikdə qərarlaşmaq hədəfimizdir. Odur ki, kollektivimiz professional jurnalistlərdən ibarət olacaq. Doğru-düzgün, obyektiv xəbərlərin ünvanı kimi çıxış edəcəyik. Saytımızda qərəzli, sifarişli yazılara yer olmayacaq. Rusiya məkanın informasiya siyasətində niyə ermənilər üstün olmalıdırlar ki? Biz daha buna imkan verməməliyik. Yanvardan fəaliyyətə başlayacağıq. Son mərhələlərdəyik. Xəbər portalımızın adı müəyyənləşsə də, hələ rəsmiləşmədiyi üçün açıqlamaq istəmirəm”.

 Jurnalist, həmçinin indiki məqamda “Dördüncü hakimiyyət”in gücündən də söz açıb: 

“Hərbi əməliyyatlar dayansa da, informasiya müharibəsi hələ gedir. Və, bəlkə, bundan sonra yüz il də davam etməlidir. Çünki informasiya müharibəsini biz dayandırsaq, düşmən qalib gələcək.

Məsələ Azərbaycanı yox, ədaləti dəstəkləməkdədir. Təəssüf ki, AzTV-dən başqa yerli telekanallarımızın informasiya siyasəti ancaq daxili auditoriyaya hesablanıb. Hərçənd, baş verənləri biz görür və bilirik. Üsətəgəl, Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşmişik. İndi əsas məsələ 24 saat fəaliyyət göstərən və xaricə çıxış imkanı olan xəbər televiziyasının yaradılmasıdır.

Biz xarici jurnalistlərlə əlaqə quraraq, onlara müsahibələr verərək haqq səsimizi dünyada daha yaxşı eşitdirə bilərik”.