Sükut pozula bilər ! – “Türkiyə ilə Azərbaycan hazır olmalıdır!” 

“İndi ermənilər böyük bir məğlubiyyətə uğradılar" 

“Amma düşmən niyyətlərinin heç birindən imtina etməyib"

“Rusiya da bölgədə özündən başqa güc istəmir”


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu son açıqlamasında Türkiyənin bölgədə hər zaman sülhü və sabitliyi dəstəklədiyini bildirib. O, Cənubi Qafqazda sabitliyin Türkiyə üçün çox önəmli olduğunu bildirib. Nazir, həmçinin vurğulayıb ki, rəsmi Ankara Azərbaycan torpaqlarının işğaldan azad edilməsini dəstəkləyir.

Azərbaycan və Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən imzalanan 10 noyabr bəyanatını dəstəklədiyini diqqətə çatdıran M.Çavuşoğlu bu bəyanatın bölgədə sülh üçün atılan ən böyük addım olduğunu bildirib.  

“Türkiyə hər zaman Azərbaycanın yanında olmaqla yanaşı regional əməkdaşlığı da dəstəkləyib”- deyə, nazir əlavə edib.

Türkiyənin İstanbul universitetinin professoru, beynəlxalq münasibətlər üzrə mütəxəssis Yaşar Onay “Sherg.az”a açıqlamasında məsələni belə dəyərləndirib: 

“Çavuşoğlunun nəzərdə tutduğu sabitlik regionda  sülh və nizamdır. Bu, ancaq Türkiyə yox, bütöv Cənubi Qafqazın marağındadır. Ancaq Ermənistanın bu razılaşmaya uzun müddət əməl edəcəyini düşünmürəm. İndi böyük bir məğlubiyyətə uğradılar.

Yaralarını saracaq və sonra yenidən problemə çevriləcəklər. Yəni Ermənistan görünən niyyətlərinin heç birindən imtina etməyib. Sadəcə bu gün onları reallaşdırmaq imkanına malik deyil. Odur ki, Türkiyə ilə Azərbaycan yaranan səssizliyə inanmamalı və daim hazır olmalıdırlar”.

Y.Onay, həmçinin məsələnin hansı formada düzələ biləcəyi ehtimalını da izah edib:

 “Türkiyə, Azərbaycan, Gürcüstan Avropa Birliyinə bənzər bir iqtisadi qurum yaratmalıdır. İstəsə, Ermənistan da buna qatıla bilər. Bax, belə də regionda müharibə riski də azalar. Lakin Rusiya faktoru burada da var.

O, bölgədə özündən başqa güc istəmir. Hərçənd, region dövlətləri qərarlı olsalar, bir həll mütləq tapılar”.