“Şəhərin görkəmli yerlərində şəhidlərə abidə ucaldılacaq”

“Nə qədər ki, Azərbaycan var, onlar həmişə anılacaq”

Vətən müharibəsində canlarını fəda edən şəhidlərin, itkin düşən və müalicə olunan hərbçilərin sayı açıqlandı. Müdafiə Nazirliyindən verilən məlumata görə 2783 şəhidimiz, 100 nəfərdən çox itkinimiz, 1245 yaralı hərbçimiz var.

Ən çox da 2783 rəqəmi beynimizə, qəlbimizə həkk olundu. 2783 igid Vətən uğrunda canlarından keçib. Qarabağda doğma işıqlar yansın deyə 2783 ocaq sönüb. Bir o qədər də ata, ana oğulsuz, övladlar atasız qalıb. Borclarını ödəmək üçün nə edək? Əlbəttə, heç nəylə borclarından çıxa bilmərik.
Həmin rəqəmi görəndə elə bil dünya başımıza dolandı.

Ürəklərimiz yenidən riqqətə gəldi, hər biri üçün od tutub yandı. Şübhəsiz ki, xatirələri əzizdir, əbədidir. Əlimizdən onları daim yaşatmaq, yad etmək gəlir. Bundan sonrası məlumdur. Adlarına abidələr ucaldıb, ruhları qarşısında baş əyəcəyik.  

Xalq artisti Rasim Balayev də belə düşünür. Sənətkar deyir ki, mütləq əziz xatirələrini ədəbiləşdirmək üçün işlər görüləcək. Ən gözəl yerlərdə onlara abidələr, heykəllər ucaldacaqlar:

“Bütün şəhidlərimiz bir dəqiqəlik sükutla anıldı. Onların qəhrəmanlığı nəticəsində Qarabağı işğaldan azad etdik. Mütləq xatirələrini əbədiləşdirəcəklər. Şəhərin görkəmli yerlərində onlara abidə ucaldılacaq. Çünki Vətən uğrunda canlarını fəda ediblər, böyük şücaət göstəriblər. Bir məqama da toxunmaq istərdim. Hər zaman bir-birimizi qınayırdıq ki, Qarabağı unutduq.

Sən demə belə deyilmiş. Hamının fikrində, qəlbində yaşayırmış. Məsələn ömründə Qarabağı görməyən yaxud da valideynləri oralı olan uşaqlar əjdaha kimi döyüşdülər. Qəhrəmanlıq hər adama qismət olmur.

Müharibə ilə bağlı yazıları izləyirdim. Cavan uşaqlar, əsgərlərimiz hamısı bir-birindən fərqlənməyən igidliklə  vuruşub, şəhid oldular.

Ona görə  Bakıda və bütün rayonlarda  şəhidlərimizin ruhunu daim yad etmək məqsədilə tədbirlər görüləcək. Nə qədər ki, Azərbaycan var, onlar həmişə anılacaq”.