Türkiyədə Rusiyanın NTV kanalının əməkdaşları saxlanılıb - FOTO


Türkiyədə Rusiyanın NTV kanalının “Mərkəzi Televiziya” verilişinin əməkdaşları saxlanılıb. 

Bu barədə kanalın özü xəbər yayıb.

Bildirilir ki, dekabrın 3-də müxbir Aleksey Petruşko və operator İvan Malışkin İstanbulda polis tərəfindən nəzarətə alındıqları barədə redaksiyaya xəbər veriblər. Sonra onlarla əlaqə kəsilib.

Moskva vaxtı ilə saat 21:00-da Aleksey Petruşko qısa bir SMS göndərməyə imkan tapıb.

“Nə səbəbdənsə bizi hələ də saxlayırlar”, - deyə ismarıcda bildirilib.

Bundan sonra yenidən onlarla əlaqə yaratmaq mümkün olmayıb; nə zənglərə, nə də mesajlara cavab verilib.


“NTV televiziya şirkəti, vəziyyəti aydınlaşdırmaq üçün Rusiya Xarici İşlər Nazirliyi və Rusiyanın Türkiyədəki Baş Konsulluğu ilə sıx təmasdadır”, - deyə kanaldan bildirilib.