"Paşinyanın komandasını ondan daha aşağı səviyyəli başqa bir qrup küçə adamı əvəz etməyə hazırlaşır” - Millət vəkili


“Dünən Ermənistanın baş naziri Nikol Paşinyanın əleyhdarlarının keçirdikləri mitinqi izləyirdim. Təəssüratım olduqca mənfidir. Demişəm və bir daha təkrarlayıram ki, Paşinyanın bizdə qıcıq və qəzəb doğuran hərkətləri sadəcə onun şəxsi xarakterindən qaynaqlanmır”.

Bu sözləri millət vəkili Sahib Alıyev şəxsi sosial media hesabında yazıb.



O bildirib ki, yalanlarının əsrinə çevrilən, qonşularına qarşı kin, nifrət püskürən, hamını özlərinə borclu bilən, boylarından, potensiallarından çox-çox böyük iddialara düşən xəstə toplumun içindən çıxan, populist biri necə davranmalıydısa, Paşinyan da o cür davranırdı və davranır: “ Əleyhdarları necə, Paşinyandan çoxmu fərqlənirlər? Dünənki mitinqi izləyəndə gördüm ki, yox. O mitinqdə guya gələcəkdə Ermənistanın rəhbərləri olacaq şəxslər çıxış edirdi ki, dinləyəndə həm onların özlərinin, həm də bütövlükdə oradakı toplumun hansı səviyyədə olduğunu görüb dəhşətə gəlməyə bilmirsən.  Gəldiyim nəticə budur ki, Ermənistanda 2018-ci ildə küçədən hakimiyyətə gələnləri indi dövlətçilik tərbiyəsi və vizionu onlardan da aşağı başqa bir qrup küçə adamı əvəz etməyə hazırlaşır”.

S.Alıyev qeyd edib ki, dünənki mitinqdə ora toplaşanların başbilənləri düşdükləri vəziyyətdən necə çıxarmaq haqda konkret plan və proqram açıqlamaq yerinə daha çox Nikol Paşinyanı təhqir yarışına qoşulmuşdular ki, dövlətçilik tərbiyəsi və ümumiyyətlə tərbiyəsi olan biri hansı səhvləri buraxmasından asılı olmayaraq ölkəsinin baş naziri haqda elə alçaldıcı sözlər işlətməz:

“Onların Paşinyanın yerində görmək istədikləri Vazgen Manukyan bir tərəfdən Rusiyaya diframba oxuyur, digər tərəfdən isə Rusiyanın Prezidentinin altında imzası olan 10 noyabr anlaşmasıyla barışmayacaqlarını vurğulayır. Ermənistanın Türkiyə əleyhinə koalisiyada yer alacağından dəm vurur ki, bu da onun indiki baş nazirlərindən də ziddiyyətli və xəstə zehniyyətli biri olduğunu göstərir. Eyni zamanda bu adamın regionun yeni geosiyasi arxitekturasını kimlərin formalaşdırdığını və necə formalaşdırdığını görməyəcək qədər məhdudluğu üzə çıxır. O, Vladimir Putinin Rusiya ilə Türkiyə arasında əməkdaşlıqdan danışarkən niyə Almaniya və Fransadan misal gətirdiyinin fərqində deyil. Və onun da fərqində deyil ki, Fransanın başında duranlar hayfason davrana bilərlər, amma Ermənistanınkılar fransızsa hərəkət edə bilməzlər. Ona görə hərəkət edə bilməzlər ki, Fransa qüdrətli dövlətlərin ilk onluğunda yer alır. Ermənistan da ilk onluqdadır, amma vassal asılılığında olan ölkələrin ilk onluğunda.  Bir sözlə, görünən odur ki, paşinyanların dəyişməsiylə Ermənistan dəyişməyəcək. Ən azından yaxın və orta perspektivdə dəyişməyəcək. Bu isə o deməkdir ki, biz dövlət olaraq da, cəmiyyət olaraq da, lap fərd olaraq da məhz bu reallıqdan çıxış etməliyik”.