Azərbaycan ərazisində hansı xarici dövlətin hərbçilərinin yerləşəcəyinə özü qərar verir - Politoloq 


 ""Türk sülhməramlıları bölgəyə gəlməməlidir, çünki ermənilər bundan narahat olurlar" fikri nə beynəlxalq hüquqa, nə Azərbaycanın suverenliyinə, nə onun xarici siyasət xəttinə, nə də obyektiv reallığa uyğundur".

Bu sözləri "Sherg.az"a siyasi şərhçi Araz Aslanlı deyib. 

Politoloq bildirib ki, Azərbaycan öz ərazisi daxilində hansı xarici dövlətin hərbçilərinin harada, hansı müddətə və hansı statusla yerləşəcəyinə özü qərar verir:

"Bunun Ermənistan, ya da Rusiya ilə birlikdə imzalanacaq hansısa sənədlə tənzimlənməsinə də hüquqi cəhətdən ehtiyac yoxdur. Hətta rus sülhməramlılarının bölgəyə gəlməsi belə Ermənistan ilə razılaşdırılacaq bir məsələ deyil. Sadəcə Türk sülhməramlıların Azərbaycan-Ermənistan sərhədinə yerləşdirilməsi məsələsinə ehtiyac olarsa, bunu 3, ya da 4 tərəfli qaydada müzakirə etmək olar".

Analitik qeyd edib ki, digər tərəfdən erməni tərəfinin 105 il öncəyə aid uydurma "soyqırım" iddiasından narahat olduqlarını tez-tez xatırladanlar, Azərbaycan xalqının son 30 ildə yaşadığı qətliamları, soyqırımları unudurlar:

"Onların heysiyyatı, qüruru var, bəs bizim yoxdur?! Anlayırıq ki, regionda mürəkkəb proses gedir. Bu prosesdə Türkiyə-Rusiya münasibətləri önəmlidir. Doğrudan da imkan var ki, bu iki ölkənin münasibətlərindəki səmimiyyət artsa və Ermənistan cığallıq etməsə regionun gələcəyi daha fərqli olsun. Uzunmüdətli sülh və əməkdaşlıq mühiti yaradılsın. Amma bunun üçün bütün tərəflər beynəlxalq hüquqa və mehriban qonşuluq prinsiplərinə sadiq olmalıdır. Bölgədə zorla beynəlxalq hüquqa zidd olarq formalaşdırılmış reallığın artıq dəyişmiş olduğu da hamı qəbul etməlidir".