"Rasim Musabəyov nəyin, nə vaxt və necə ediləcəyi barədə iddialarla çıxış etmək səlahiyyətinə sahib deyil" - Elçin Mirzəbəyli 

 "Deputat Rasim Musabəyovun Rusiyanın NTV kanalına müsahibəsində səsləndirdiyi fikirlər onun subyektiv mövqeyini ifadə edir və tamamilə arqumentləşdirilməmiş, əsaslandırılmamış mülahizələrdir".

Bu sözləri "Sherg.az"a açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

Politoloq bildirib ki, Rasim Musabəyov deyir ki, “Türkiyə sülhməramlılarının Azərbaycana gələrək ermənilərlə azərbaycanlılar arasında dayanmasının mənası yoxdur. Çünki bu ermənilərdə təhlükəsizlik hissi yaratmır, əksinə...”. Əslində bu fikirlərlə Rasim Musabəyov 30 ilə yaxın bir zaman kəsiyində Azərbaycan torpaqlarının işğal altında qalmasına dolayısıyla haq qazandırır:

"Çünki vaxtilə Ermənistan da Azərbaycanın ayrılmaz parçası olan Yuxarı Qarabağda yaşayan ermənilərin “təhlükəsizliyini təmin etmək üçün” digər 7 rayonumuzun işğalına haq qazandırmağa çalışırdı. Ona qalarsa, Rusiya sülhməramlılarının bölgədə mövcudluğu da çoxlarında təhlükəsizlik hissi yaratmır. Amma Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələ hiss məsələsi deyil, hüquqi məsələdir və bu proses BMT  Nizamnaməsinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, həmçinin ərazi bütövlüyü və sərhədlərin toxunulmazılığı ilə bağlı digər hüquqi-normativ aktlara uyğun şəkildə həyata keçirilir və keçirilməlidir. Yuxarı Qarabağ Azərbaycan ərazisidir və bu ərazidə sülhyaratma missiyasının təşkil edilməsi Azərbaycanın ali vəzifəli şəxslərinin yuristdiksiyası altında həyata keçirilir. Bu məsələ Rasim Musabəyovun səlahiyyətlərindən qat-qat yüksəkdə dayanır və onun belə məsələrlə bağlı imperativ fikir ifadə etmək səlahiyyəti yoxdur.
Qeyd edim ki, Rasim Musabəyov sonrakı açıqlamalarında bu sözləri Rusiya audutoriyası üçün səsləndirdiyini deyib. Belə anlaşılır ki, Musabəyovun siyasi baxışları danışdığı dilə və xitab etdiyi auditoriyaya görə dəyişir".

E.Mirzəbəyli vurğulayıb ki, Rasim Musabəyovun bu mövzuda başqa resurslara verdiyi açıqlamalar, yaxud sosial şəbəkələrdə yazdığı statuslar NTV-yə müsahibəsindən heç də az qıcıqlandırıcı deyil:

"Məsələn, Musabəyov "First News" Media-nın təqdim etdiyi statuslarından birində yazır ki, “Vacib deyil ki, Türkiyənin Azərbaycandakı hərbi iştirakı sülhməramlı kontingent görüntüsü alsın və Moskvadan bunun üçün razılıq alınsın”. Burada “Moskvanın razılığının alınması” ilə bağlı hissə xüsusilə diqqəti cəlb edir. Söhbət Türkiyə sülhməramlılarının Azərbaycan ərazisində mövcudluğundan gedirsə, bu rəsmi Bakı ilə Ankara arasında həll olunası məsələdir. Burada “Moskvanın razılığının alınması” ifadəsinin işlədilməsi həm Azərbaycanın, həm də Türkiyənin suveren hüquqlarının, bir dövlət olaraq müstəqil qərar qəbul etmək imkanlarının, yumşaq ifadə etsək kiçildilməsinə xidmət edir. Rasim Musabəyovun danışdığı, yaxud yazdığı zaman bu incəlikləri nəzərə almaq imkanında olub olmadığını deyə bilmərəm, amma bir Azərbaycan vətəndaşı kimi belə yanaşmaları aşağılayıcı hesab edirəm. Hətta reallıqlar fərqli olsa da belə, Azərbaycan parlamentini təmsil edən bir şəxs belə danışmamalıdır".

Ekspert bəyan edib ki, Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının bütün komponentləri iki ölkə arasında 2010-cu il avqustun 16-da imzalanmış Türkiyə-Azərbaycan Strateji Əməkdaşlıq Sazişində öz əksini tapıb:

"Sazişin "Hərbi-siyasi və təhlükəsizlik problemləri", "Hərbi və hərbi-texniki əməkdaşlıq"la bağlı hissələrində Rasim Musabəyovu narahat edən bütün məqamlara yer ayrılıb. Digər tərəfdən, daha öncə qeyd etdiyim kimi, Rasim Musabəyov nəyin, nə vaxt və necə ediləcəyi barədə iddialarla çıxış etmək səlahiyyətinə sahib deyil.
Musabəyovun fikirlərini tənqid edənləri “xroniki axmaq” adlandıran şəxsə isə 1999-cu il oktyabrın sonlarında, Azərbaycanda və Ermənistanda bir gün fərqi ilə baş verən hadisələri xatırlamağı tövsiyyə edərdim. Yaddaşı təzələməyin faydası var. Çünki axmaqlıq bir çox hallarda yaddaş pozulmasından qaynaqlanır".