“Manukyan da faşist ideologiyalı şəxsdir” – ŞƏRH  

“O,  Paşinyandan daha çox Rusiyanın nökəri olacaq”

“Dediyim kimi, kim gəlir gəlsin, nə Azərbaycanla bacarar, nə də Kremmlə”

“Paşinyan hakimiyyətdən getməsə daxili gərginlik artacaq. Hətta  silahlı qarşıdurmanı da istisna etmirəm”
 

İrəvanın Azadlıq meydanında müxalifətin mitinqi başlayıb. Aksiya iştirakçıları Nikol Paşinyanın istefasını tələb edirlər. Müxalifət baş nazir postuna Vazgen Manukyanı təklif edib. O, mitinqdə çıxış edəcək. Manukyan vəziyyətdən çıxmaq üçün “yol xəritəsi” hazırlayıb. Görünür, baş nazir Nikol Paşinyanın vəziyyəti getdikcə ağırlaşır. Tibb dililə desək, onun reanimasiyaya aparılması an məsələsidir.

 “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bu barədə fikirlərini “Sherg.az”la bölüşüb: 

“Vazgen Manukyan Ermənistanın keçmiş baş naziri və müdafiə naziri olub. Torpaqlarımızın işğalında onun mühüm rolu var. Manukyan  Köçəryan və Sarkisyan kimi millətçi və faşist ideologiyalı şəxsdir.

Fikirlərində heç nə dəyişməyib. O, eyni zamanda SSRİ-nin son illərində Azərbaycana qarşı ərazi iddiası irəli sürən “Qarabağ” komitəsinin fəal üzvü idi. Prezident seçkisində Levon Ter-Petrosyanın əsas rəqibi olub. 1998-ci ildə jurnalist işlədiyim illərdə Vazgen Manukyandan geniş müsahibə götürmüşdüm.

Bircə onu deyə bilərəm ki, son dərəcə hiyləgər siyasətçidir. Buna baxmayaraq, Vazgen Manukyanın dədəsi də gəlsə, Ermənistanı hazırkı ağır vəziyyətdən çıxara bilməyəcək. Manukyan baş nazir olub nə edəcək? İtirdikləri torpaqları qaytaracaq, yoxsa taqətdən düşmüş ordularını hücuma keçməyə əmr verəcək? Olsa-olsa Paşinyandan daha çox Rusiyanın nökəri olacaq. Dediyim kimi, kim gəlir gəlsin, nə Azərbaycanla bacarar, nə də Kremmlə”.

E.Şahinoğlu, Paşinyanın siyasi karyerası barədə də danışıb: 
“Müxalifət arasında onun hakimiyyətdə qalmasını istəyənlər də var. Çünki hakimiyyətə gələn yeni şəxsin də bəyanatın şərtlərinə əməl edəcəyini bilirlər. İndi Ermənistanda vəziyyət çox ağırdır. Bu, təxminən Azərbaycanda 90-cı illərdəki durumu xatırladır. Əgər Paşinyan hakimiyyətdən getməsə, daxili gərginlik artacaq.

Hətta mən silahlı qarşıdurmanı da istisna etmirəm. Buna naxmayaraq, məğlub ölkənin baş naziri olsa da, əhalinin 25-30 faizi onu dəstəkləyir. Bu, Ermənistan kimi kiçik bir dövlət üçün normal göstəricidir. Üstəgəl, Paşinyan parlamentdə səs çoxluğuna sahibdir. Bəzi ermənilərsə üzdə deməsələr də, yükdən qurtulmaq naminə hətta Qarabağın getməsinə də razıdırlar. Fikrimcə, Paşinyan yaxın günlərdə tərəfdarlarını mitinqə də çağıra bilər. Bir şey aydındır ki, o, bütün imkanları ilə hakimiyyətdə qalmaqda israrlıdır”.