“RİA Novosti” tənqid olundu: “Məkrli addımlara təməlatma cəhdi...” – Riakarlıq !

Rusiyanın erməni təsiri altında olan televiziya kanallarının və  “RİA Novosti”, “Lenta.ru” kimi məşhur Rusiya nəşrlərinin 44 günlük Vətən müharibəsi günlərində olduğu kimi, artıq rus sülhməramlıların Qarabağa yerləşdiyi bu günlərdə  də ikibaşlı, ermənipərəst, anti-Azərbaycan mövqe nümayiş etdirməsinin şahidi oluruq.
Azərbaycan ordusunun şanlı zəfərindən sonra Ukraynada, Moldovada və Gürcüstanda müşahidə olunan antiseparatizm meyilləri, deyəsən , Rusiyanı bərk narahat edir. Bu günlərdə Rusiyanın “RİA Novosti” agentliyi  30 ilə yaxın Ermənistan və onun havadarlarının işğal altındakı Azərbaycan ərazilərində qondarma separatçı-terrorçu erməni xuntasının Xankəndində Rusiya sülhməramlılarının  himayəsində gizlənən tör-töküntülərindən biri –  daim qatı anti-türk, anti-Azərbaycan çıxışlarıyla seçilən “prezident” “müşaviri” David Babayandan müsahibə götürüb. 




 Siyasi analitik Züriyə Qarayeva həmin materialı “Sherg.az”a təhlil edib: 

"Əvvəla, belə bir separatçı, terrorçu cinayətkar ünsürdən müsahibə faktının özü Azərbaycanın suverenliyinə barmaqarası baxmağın göstəricisidir. Necə ki, sülhməramlılar da artıq bir aya yaxındır, oxşar davranışlar nümayiş etdirirlər...  Ancaq ən dəhşətlisi bilavasitə dövlət qurumlarıyla bağlılığına şübhə olmayan  rus agentliyi əməkdaşının separatçı erməniyə verdiyi yönləndirici, təbliğedici sualdır: 

““Dağlıq Qarabağ Respublikası” ərazisində Rusiya hərbi bazasının yerləşməsinə necə baxırsınız?”. Cavab başdan-ayağa təxribat xarakterlidir: “Bu ölkənin bir mütəxəssisi, vətəndaşı və siyasətçisi kimi inanıram ki, burada Rusiya bazasının olması çox yaxşı olar. Özünüz mühakimə edin. Rusiya çox güclü bir geosiyasi potensiala malikdir.

Bəs əgər Türkiyə Azərbaycanı təcavüzə yönəltməyə başlayarsa? Terrorçular Türkiyənin tabeliyindən çıxıb burada bir şey etməyə qərar verərlərsə?  Bu vəziyyətdə qəsdən Rusiyanın imicinə zərbə vurulmağa çalışıla bilər. Bu təhlükəsizlik baxımından da böyük rol oynayan addım olardı.

Buna görə “DQR”də bir Rusiya hərbi bazasının yaradılmasını dəstəkləyərik. Bu, ən azından burada uzunmüddətli perspektivdə təhlükəsizlik və sabitliyi təmin edəcəkdir". 

Əsl erməni simasıdır. Havadarlarının dəstəyilə Xocalı soyqırımı törədənlər, 30 il özgə torpaqlarını işğalda saxlayanlar sülhməramlı türk əsgərlərini “terrorçu” adlandırır.

Daha da azğınlaşan rus müxbir müsahibəsində Rusiya sülhməramlılarının Qarabağdakı varlığını alqışlayan D.Babayana Xankəndindəki hava limanının açılması barədə də sual verərək bunun da Moskvanın köməyi ilə həyata keçəcəyi haqda müsbət cavab alıb...

Bu, ikiüzlülükdən, riyakarlıqdan və gələcəyə hesablanmış məkrli addımların təməlatma cəhdindən başqa bir şey deyil. Daha söz Azərbaycan XİN-in, diplomatlarımızın və ziyalılarımızındır".