İş gedir ! - “Bəyanatın maddələri yerinə yetiriləcək”

“Zakir Həsənovla Rüstəm Muradov görüş zamanı üçtərəfli bəyanatdakı bəndlər ətrafında söhbət aparıblar”

“Nə qədər çox görüşlər keçirilirsə, bu, o deməkdir ki, sülhməramlı qüvvələr öz fəaliyyətlərini respublikamızın maraqlarına uyğun olaraq təşkil edirlər”


Ötən həftə Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya sülhməramlı qüvvələrinin komandanı general-leytenant Rüstəm Muradovla görüşüb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Görüşdə Azərbaycan, Rusiya Prezidentləri və Ermənistanın baş nazirinin birgə Bəyanatının müddəalarının icrası məsələləri müzakirə olunub.

Görüş barədə fikirlərini “Sherg.az”la bölüşən ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, generalların görüş zamanı bəzi məsələləri müzakirə etməsi narahatlıq doğurmamalıdır:

“Təbii ki, sülhməramlı qüvvələr üçtərəfli bəyanata görə Azərbaycan ərazisində fəaliyyət göstərirlər. Bunun üçün müvafiq qurum əməkdaşları bir-biri ilə təmasda olaraq müəyyən məsələlərin həlli istiqamətində görüşlər keçirməlidirlər. Bu görüşdə də sülhməramlı qüvvələrin ərazimizdə yerləşməsi ilə bağlı tədbirlər müzakirə olunub. Təbii ki, Ermənistan müdafiə naziri ilə yox, Azərbaycan  tərəfi ilə müzakirələr aparılır”.

Ş.Ramaldanov qeyd edib ki, üçtərəfli bəyanatdakı maddələri yerinə yetirmək üçün iş prosesi gedir. Bu baxımdan belə görüşlər tez-tez olacaq:

“Generallar görüş zamanı üçtərəfli bəyanatdakı bəndlər ətrafında söhbət aparıblar. Ermənistan tərəfi həmin bəndlərin yerinə yetirilməsində aktiv deyil. Çünki işğalçı qüvvələr artıq ərazilərimizdən çıxıb.

Ona görə də Azərbaycan Müdafiə naziri ilə söhbətlər aparılır. Azərbaycanın müvafiq qurumları ilə nə qədər çox görüşlər keçirilirsə, o deməkdir ki, sülhməramlı qüvvələr öz fəaliyyətlərini respublikamızın maraqlarına uyğun olaraq təşkil edirlər”.