“Vətən yaxşıdır”oxuyub dastana döndü – ““Xudayar təsnifi” adlandırılacaq” - Video

“Xudayar çox istedadlı gənc idi”

“O mahnının müəllifi ustadımız Əlibaba  Məmmədovdur”

“O xeyir-dua veribsə, biz iki əlli dəstəkləyirik. Çox gözəl olar. Həm şəhidimizin adı da əbədiləşər”



Vətən müharibəsində fərqlənən, qəhrəmanlıq göstərən igidlərimiz çoxdur.Əlbəttə, bu şanlı savaşın hər bir iştirakçısı igiddir, ərdir. Lakin yadda qalanlar var. Videoları, fotoları sosial şəbəkələrdə yayılan, odun-alovun içində gülər üzləri ilə ürəklərdə silinməz izlər qoyan oğullarımızdan danışıram. Onlardan biri də Xudayar Yusifzadədir. Sadəcə bir neçə kilometr uzaqlıqda düşmən var, başının üstdən toplar, tüfənglər atılır. Amma Xudayar oxuyur, “Vətən yaxşıdır” söyləyir.

Kaş bizi eşitsə, desək ki, ay Xudayar, torpaq sənin kimi oğullarla vətəndir. Amma o artıq cənnətdən xalqını izləyən şəhidlər sırasındadır. Elə həmin video yayıldıqdan bir neçə gün sonra eşitdik ki, bülbül səsli igidimiz şəhadətə qovuşub.

O gündən sonra qulağımızdan səsi getmədi. Adı gələndə könlümüz dastana döndü. Sözləri böyük şair Əliağa Vahidə, musiqisi yaşayan əfsanə Əlibaba Məmmədova məxsus olan “Vətən yaxşıdır” mahnısı yaddaşlarda Xudayarın səsi ilə qaldı.

Bu səbəbdəndir ki, ictimai fəallar sosial şəbəkələrdə mövzu ilə əlaqəli təklif irəli sürdülər. Dedilər ki, həmin mahnı “Xudayar təsnifi” adlandırılsın. Hətta Əlibaba müəllimin də razılığı alındı.



Həmin  təqdirəlayiq təşəbbüsü  “Sherg.az”a dəyərləndirən  xalq artisti Mənsum İbrahimov əvvəlcə şəhidlərimizi yada salıb:

 “Bütün şəhidlərimizin, o cümlədən Xudayarın ruhu şad olsun. Vətənimizin igid oğullarının sayəsində torpaqlarımızı işğaldan azad etdik. Çox istedadlı gənc idi.

O mahnının müəllifi ustadımız Əlibaba  Məmmədovdur. O xeyir-dua veribsə, biz iki əlli dəstəkləyirik. Çox gözəl olar. Həm şəhidimizin adı da əbədiləşər”.