Analitikdən İDDİA: ““Dağlıq Qarabağ” ifadəsini işlətməyək"    

“Çünki rəsmi olaraq 1991-ci ildə “Dağlıq Qarabağ” muxtar vilayətinin statusunu ləğv edib, rayonlara bölmüşük”


“Ona görə də “Dağlıq Qarabağ münaqişəsi” anlayışından istifadə edilməməlidir”


Beynəlxalq münaqişələr üzrə ekspert Yevgeni Mixaylov bildirib ki, artıq “Dağlıq Qarabağ münaqişəsi” anlayışı işlədilməməlidir. Onun sözlərinə görə, gərginlik hələ uzun müddət davam edəcək. Çünki Ermənistan ictimaiyyəti məğlubiyyət acısını yaşayacaq. Onlar qisas almaq istəyəcək. Lakin bu, prinsipcə indiki mərhələdə mümkün deyil.
Ekspert qeyd edib ki, Ermənistan dövlətin saxlanılması haqda düşünməlidir. Amma bir ay keçməmiş ölkənin yeni XİN başçısı münaqişə ritorikasını gücləndirməyə başlayıb.

Ermənistan tərəfinin Azərbaycan ərazilərinə vurduğu zərbələrdən danışan ekspert qeyd edib ki, talan edilmiş abidələr, qəbirlər və dağıdılmış şəhərlər beynəlxalq hüquq normaları üzrə işğalçı ölkəyə qarşı irəli sürülmüş iddiaya daxil edilməlidir:

“Fikrimcə, Azərbaycana dəyən ziyanın dəyəri daha əvvəl səsləndirilən rəqəmlərdən qat-qat çoxdur. Qeyd edim ki, İrəvanın pulu yoxdur. Əgər ona borc verilsə, bu, bir neçə nəslin əsarəti olacaq. 

Digər tərəfdən, xatırladaq ki, İkinci Qarabağ müharibəsinin başlanğıcında dünyanın hər yerindən erməni iş adamları təklif edirdilər ki, Azərbaycandan ermənilər üçün Qarabağ torpağını satın alsınlar. Buna əsaslanaraq İrəvana Zəngəzuru və Bakı üçün vacib olan digər strateji obyektləri verməyi təklif etmək olar ki, bu da işğal dövrünün fəlakətli borclarının silinməsi ilə nəticələnər”.

Prosesləri “Sherg.az”a şərh edən siyasi analitik Turab Rzayevin də fikrincə, “Dağlıq Qarabağ münaqişəsi” sözünün istifadə edilməməsi daha yaxşı olardı:

“Bunun əvəzinə “Qarabağ münaqişəsi” və ya vaxtilə təklif edildiyi kimi, “Qarabağın dağlıq hissəsinin münaqişəsi” anlayışından istifadə edilməlidir. Çünki biz rəsmi olaraq 1991-ci ildə “Dağlıq Qarabağ” muxtar vilayətinin statusunu ləğv edib, rayonlara bölmüşük. Belə olan halda bizim üçün “Dağlıq Qarabağ” mövcud deyil.

Ona görə də “Dağlıq Qarabağ münaqişəsi” anlayışından istifadə edilməməlidir. 1994-cü ildə atəşkəs olanda məcbur olduq ki, “Dağlıq Qarabağı” tanımasaq da, ən azından onun mövcudluğunu, status-kvonu qəbul edək. Çünki o zaman hərbi cəhətdən zəif idik. İndi isə vəziyyət dəyişib. Həm güclüyük, həm də qalib gəlmişik. Ona görə “Dağlıq Qarabağ” ifadəsini gündəmdən çıxarmağa çalışmalıyıq”.

Analitik bildirib ki, Ermənistanın daxilində və Rusiyada bir neçə nəfər çıxışlarında səsləndirib ki, münaqişədə “Dağlıq Qarabağ” tərəf deyil:

“Artıq münaqişənin tərəfi Azərbaycan və Ermənistandır. Bu, bizim üçün sərfəlidir. Çünki, “Dağlıq Qarabağ” olduqda tərəflər öz müqəddəratını təyin etmək maddəsindən yararlanmaq istəyirdilər. Amma münaqişə tərəfləri Azərbaycan və Ermənistan olduqda onlar öz aralarında müqəddəratlarını təyin edə bilməz. Aydın məsələdir ki, o zaman Ermənistanın Azərbaycan ərazisini işğal etdiyi ortaya çıxır”.

T.Rzayev qeyd edib ki, üçtərəfli bəyanat gecə vaxtı və tez-bazar imzalandı, çox detallı deyil və sadəcə qısa mətndən ibarətdir:

“Ona görə bəyanatda bir çox məqam var. Hər iki tərəf bu məqamları fərqli şəkildə şərh etməyə çalışa bilər. Fikrimcə, Ermənistan bundan istifadə etməyə çalışır. Ona görə də onların yeni xarici işlər naziri qəribə açıqlamalar verir. Guya “Dağlıq Qarabağ”ın statusu məsələsi gündəmdədir, gələcəkdə bu məsələyə yenidən baxılacaq və.s. Bunlar sadəcə Ermənistan tərəfinin iddialarıdır.

Onlar məcbur olub, bağladıqları müqavilədən hansısa formada daha yaxşı şərtlər çıxarmağa çalışırlar. Ermənistan tərəfi bəyanata imza atanda vəziyyətləri çox kritik idi. Müharibə dayanan kimi də istəyirlər ki, daha çox  iddia irəli sürsünlər. Düşünürəm ki, status məsələsi bizim üçün bağlanıb. Onlara muxtar respublika tipində status verilə bilməz”.

Erməni diasporunun Qarabağı almaq üçün Azərbaycana pul təklif etməsinə gəlincə, ekspert söyləyib ki, bizim onların puluna ehtiyacımız yoxdur:

“Hətta biz bir neçə dəfə dedik ki, “Dağlıq Qarabağ”dakı separatçı rejimə pul təklif edə bilərik. Onların bizə nəsə təklif etməkləri bizim üçün əhəmiyyətli deyil.

Onsuz da Ermənistanda iqtisadi durum çətindir. Borcu-borcla bağlayırlar. Silah alırlar və pulu ödəyə bilmədikləri üçün dövlət obyektlərini Rusiyaya satırlar. Amma erməni diasporunun ən böyük rolu bu ola bilər ki, böyük Ermənistan xülyasından əl çəksinlər. Bəlkə bundan sonra Ermənistan iqtisadi baxımdan özünü normal şəkildə təmin edə bilər”.