101 il sonra qələbə paradı ! – Şəmistan Nəzirlinin müqayisəsində...

“Milli ordunun ilk paradı 1919-cu ildə  Mehmandarov və Əliağa Şıxlınski tərəfindən keçirilib”

“Hərbi nümayişi hər ölkə keçirə bilməz. Qələbə  paradı o vaxt reallaşır ki, dövlətin generalları və Prezidenti zəfər qazansın”

İkinci Qarabağ müharibəsi sentyabrın 27-də başlayıb, noyabrın 10-da Azərbaycanın qələbəsi ilə başa çatıb. Bu tarixi zəfərin ardından xalqımızın qüruru, məğrurluğu birə-min artıb.

Savaşdan sonra dövlət tərəfindən bir sıra mühüm işlər görülüb. Müharibə iştirakçıları, o cümlədən qazilər üçün yeni orden və medallar təsis olunub. Şəhidlərimizin xatirəsi yüksək səviyyədə yad edilib. Qeyd edək ki, dekabrın 10-da zəfərimizin şərəfinə Qələbə paradı keçiriləcək. Parad üçün ciddi hazırlıq tədbirlər həyata keçirilir. Azadlıq meydanında “Formula 1” stendləri sökülərək hərbi texnikalarımızın nümayişi üçün əlverişli şərait yaradılıb. Həm də  paradda öz hərbi texnikalarımızla yanaşı, düşmənin qənimət kimi ələ keçirilən hərbi texnikaları da nümayiş olunacaq. Həmçinin təntənəli paradda iştirak etmək üçün qardaş ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan da Bakıya gəlir. Xalqımız o tarixi anı səbirsizliklə gözləyir.

Həmin möhtəşəm günlə bağlı “Sherg.az”a danışan tanınmış araşdırmaçı-publisist, hərbi jurnalist Şəmistan Nəzirli deyib ki, ilk dəfə milli ordunun paradı 1919-cu ildə  Səməd Bəy Mehmandarov və Əliağa Şıxlınski tərəfindən keçirilib:

“O zaman millətimiz istiqlaliyyət qazanmışdı, öz hökümətimiz var idi. Beləliklə S.B.Mehmandarov və Ə.Şıxlınskinin təklifi ilə ordu yarandı, sonra onun bir illiyini qeyd etdilər.

Gəncədə Artirelliya meydanında hərbi parad baş tutdu. İndiyə qədər həmin Artirelliya meydanı qalıb, Gəncə çayının sağ sahilində yerləşir. Onu da deyim ki, xalqımız uzun illərdən sonra İlham Heydər oğlu Əliyevin sayəsində bir  təhqirdən qurtuldu. Elə bil millətimizin qəddi əyilmişdi, qırılmaq ərəfəsində idi.

İlham ƏLiyev dedi ki, elə şey yoxdur, bu millətin qaməti düzəlməlidir, və düzəltdi, torpaqlarımızı işğaldan azad etdi. Allah onun atası, ulu öndər Heydər Əliyevə qəni-qəni rəhmət eləsin.

Həmin qələbə paradını bizim gənclər görsün, onun mahiyyətini dərk etsin. Bu qələbə paradı  suverenliyimizi, azadlığımızı göstərən hərbi nümayişdir.

Qeyd edim ki, hərbi nümayişi hər ölkə keçirə bilməz. Qələbə  paradı o vaxt reallaşır ki, dövlətin generalları, Prezidenti, baş naziri zəfər qazansın. Cümhuriyyət dövründə də  Məhəmməd Əmin Rəsulzadə, Ə.Şıxlınski, S.B. Mehmandarov və Yadigarov qardaşları Gəncədə parad keçirilməsinin təşəbbüskarı olublar.

Xülasə bu qələbənin və paradın şahidi olduğum üçün qürur duyuram”.