Proqnoz ! – “10-15 faizlik yumşaq devalvasiya ola bilər”

İqtisadçı Əkrəm Həsənov "S&P Global Ratings" agentliyinin Azərbaycanın bank sektorunun risklərini qiymətləndirməsinə münasibət bildirərkən növbəti illə bağlı proqnozlar verib. O, 2021-in çətin il olacağı qənaətindədir: “"Bu il dünyada və Azərbaycanda banklar üçün ağır, çətin ildir. Çünki problemli kreditlər dünyada hər yerdə artır və bunun əsas səbəbi pandemiyadır. Pandemiya dövründə insanların bir qismi banklarda olan əmanətlərini çıxarır və bizdə də bu, müşahidə edilir”.

 O, devalyivasiya ehtimalını da istisna etmədiyini deyib:

 "Pandemiya, müharibə, işğaldan azad edilmiş ərazilərin bərpası və s. ilə bağlı xeyli vəsait gedib və gedəcək. Təbii ki, dövlət büdcəsində bunun üçün vəsait nəzərdə tutulmamışdı. Bunun üçün Neft Fondunun valyuta ehtiyatlarından istifadə ediləcək. Valyuta ehtiyatları azalan kimi manata təzyiq artır, yəni manatın məzənnəsini saxlamaq çətinləşir. Bu baxımdan gələn il devalvasiya istisna deyil".



Proqnozu “Sherg.az”a qiymətləndirən iqtisadçı-ekpert Rəşad Həsənov devalvasiyanın çıxış yollarından biri olacağını düşünür: 

“Ən ciddi təhlükə ödəmələr balansında tarazlığın pozulmasıdır. Hələ ki, gündəmdə belə bir məsələ yoxdur. Sadəcə məlum olduğu kimi, düməndən təmizlənmiş torpaqlarda 2021-ci ildən etibarən ciddi tikinti-bərpa işləri başlayacaq.

Bu, büdcənin xərclər hissəsinin 3-4 milyard artması, büdcə kəsrinin isə 5-6 milyardadək azalması deməkdir.

Kompensasiyanın müxtəlif yolları var. Onlara misal olaraq dövlət müəssisələrinin özəlləşdirilməsini, yerli və xarici borclanmasını misal göstərə bilərik. Belə üsullardan biri də ilin əvvəlindən etibarən devalvasiya qərarının verilməsidir”.

 R.Həsənovun fikrincə, gələn il devalvasiyanın olması mümkündür: 

“Dediyim variantlar ayrı-ayrılıqda yox, kombinə olunmuş formada tətbiq edilməlidir. Odur ki, təxminən 10-15 faizlik, yəni “yumşaq” devalvasiyaya da ehtiyac ola bilər. Həm də bu, iqtisadiyyatımızın tələbinə çevrilib.

Çünki Azərbaycan iqtisadiyyatı 2017-ci ildən etibarən rəqabətliliyini itirir. Əlbəttə, dəqiq proqnoz vermək çətindir. Yəni başqa variantlar da irəli sürülə bilər.

Amma devalvasiya da ehtimallardan biridir. Ola da bilər, olmaya da. Hər halda post-pandemiya və post-müharibə dövründən uğurla çıxmaq üçün rəqabətlilik artırılmalıdır”.