"Şifrə ilə danışırdıq ki, düşmən məlumatları ələ keçirməsin"


Yelena Sidorenko: "Yazırdım ki, salamatçılıqdırsa mənə bir “okey” yaz. Şükür Allaha, daim bu “okeyləri” almışam və Allah onu qoruyub"

Azərbaycan torpaqlarını mənfur düşməndən azad etmək uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla vuruşan igidlərimiz çoxdur. Onların hamısı bizim fəxrimiz və qürurumuzdur. Tarixi qələbəni bizə yaşatdıqları üçün biz hamımız bu igidlərin qarşısında baş əyirik. Belə igidlərimizdən biri də Mehdi Eyvazlıdır. Bu igid zabitin ömür-gün yoldaşı Azərbaycan mediasının tanınmış nümayəndəsi, “Real” televiziyasının aparıcısı, "Gazelli group" şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yelena Sidorenko Eyvazlıdan cəbhədə vuruşan bir zabit xanımı kimi öz təəssüratlarını bizimlə bölüşməyi xahiş etdik.

- Yelena xanım, Azərbaycan torpaqlarını mənfur düşməndən azad etmək üçün döyüş meydanına atıllan bir zabitin həyat yoldaşı nə düşünür?

- Müharibə başlayanda çox böyük həyəcan hissi keçirmişdim. Həmin gün mən övladıma yemək vermək üçün tezdən oyandım və daha sonra sosial şəbəkəyə daxil oldum. Çünki mənim həyat yoldaşım Azərbaycan Ordusunun ehtiyatda olan zabiti kimi müharibədən əvvəl artıq təlimlərdə iştirak edirdi. Mən də bu səbəbdən hər gün xəbərləri daha artıq diqqətlə izləyirdim. Həmin gün də sosial şəbəkəyə daxil olanda gördüm ki, Müdafiə Nazirliyi məlumat yayıb ki, mənfur düşmən bizə hücum edib. Bizim ordumuz da əks hücuma keçib, bununla da anladım ki, artıq müharibə başlayıb. Əslində böyük qorxu hissi keçirdim. Bilirsiz, həmin anda insan başqa heç nə haqqda düşünə bilmir. Sadəcə həyəcanla fikirləşir ki, onun yaxını və əzizi ölməsin. Elə məndə də eyni hisslər var idi, çünki həyat yoldaşımın cəbhədə olmağı məni həm sevindirir, həm də qorxudurdu. Sözün düzü müharibənin ilk 2 həftəsi gözümün yaşı qurumurdu. Yolda, maşında, evdə, işdə, ümumiyyətlə hər yerdə özümü ələ ala bilmirdim, ağlaya-ağlaya gəzirdim. Bəli, bu yaşantılar mənim üçün çox ağır idi.

- Yoldaşınızın Qarabağa döyüşə gedəcəyini eşidəndə buna necə reaksiya verdiniz?

- Dediyim kimi, yoldaşım ehtiyatda olan zabit olduğuna görə müəyyən vaxtlarda xüsusi təyinatlılarla toplantılarda və təlimlərdə olurdu. Müharibə başlayan zaman o, belə təlimlərdən birində idi. Sözün düzü, mənim nə gecəm, nə də gündüzüm var idi. Bütün vaxtımı xəbər saytlarını oxumaqla keçirirdim ki, cəbhədəki döyüşlər haqqında yeni bir məlumat öyrənim.

- Onunla hər gün əlaqə saxlaya bilirdinizmi? Danışanda sizə dediyi ilk söz, xəbər nə olur?

- Biz hər gün əlaqə saxlaya bilirdik. Amma bəzi günləri çıxmaq şərti ilə, çünki həmin zamanlarda internetdən istifadə etmək məhdudlaşdırılmışdı. Onlar andriod telefonlardan yox, adi telefonlardan istifadə edirdilər. Və elə olurdu ki, təhlükəsizlik baxımından telefonu söndürürdülər. Daha çox o zəng edəndə məndən soruşurdu ki, ümumi hərbi əməliyyatlar haqqında nə xəbərlər var. O ərəfədə biz arxa cəbhədə daha çox məlumat əldə edə bilirdik. Bu da Müdafiə Nazirliyinin və aidiyyətli qurumların çox operativ və konkret işləməsi nəticəsində idi. Operativ şəkildə hücum, əks-hücum, müdafiə, düşmən təxribatları və s. haqqında xalqımızı məlumatlandırırdılar. Eyni zamanda hər gün ənənəvi mətbuat konfransları keçirməklə, gün ərzində baş verənlər barədə məlumat verilirdi. Təbii ki, bu da arxa cəbhədə qəhrəman ordumuzun apardığı döyüşlər haqqında əminlik yaradırdı, etibarlılığı təmin edirdi. Bu səbəbdən yoldaşımdan daha çox məlumatlı idim. O lokal, olduğu yerdən xəbərdar idisə, mən ümumi olaraq cənab Prezidentin bəyanatlarından, sərəncamlarından, çıxışlarından xəbərdar idim, yəni prosesə təsir edən hər bir amil haqqında məlumat verirdim. Təxminən yoldaşımın hansı ərazilərdə olduğunu bilirdim. Biz bir-birimizlə şifrə ilə danışırdıq ki, düşmən məlumatları ələ keçirməsin. Düzdür, çox vaxt yoldaşım hansı ərazidə olduğunu gizlədirdi. Çox güman ki, o məni həyəcandan qorumaq üçün belə edirdi. Çünki bilsəm ki, o hansı ərazidədir, həmin yerə ermənilər atəş açıb, bomba atanda təbii ki, mən həyəcandan ölürdüm. Hər zaman yazırdım ki, salamatçılıqdırsa mənə bir “okey” yaz. Şükür Allaha, daim bu “okeyləri” almışam və Allah onu qoruyub.

- Belə məlum olur ki, ən çox yük sizin üzərinizdədir. Həm evin işləri, həm öz işləriniz, həm də övladınızla məşğul olurdunuz. Bu qədər işin öhdəsindən necə gəlirdiniz?

- Bəli, bu çox ağrılı mövzudur. Mənim üzərimə düşən bu böyük yük hələ də, davam etməkdədir. Həyat yoldaşım bugünkü gün də hərbi xidmətdədir. Təsəvvür edin ki, müharibə başlayandan 2-3 gün sonra yoldaşım artıq cəbhədə idi. Anamda həkimlər xərçəng xəstəliyini aşkar etdilər. Bununla da qayğılarım bir xeyli artdı. 2 həftəlik çox yorucu və çətin yoxlanışdan sonra həkimlər anamı əməliyyat etdilər. Həmin ərəfədə çox ağır fiziki və mənəvi sarsıntılar keçirdim. Mən bilmirdim anamın dərdini çəkim, yoxsa yoldaşımın. Günlərim yalnız Allaha yalvarmaqla keçirdi. Körpə qızım məndən hər gün atasının nə zaman evə gələcəyini soruşurdu. Qapıdan içəri girəndə elə bilirdi ki, arxamca atası da gələcək. Və bu da mənim üçün çox ağır günlər idi. Sadəcə olaraq müharibə gedən zaman mənə ilahi bir güc gəlmişdi. Sanki alınan hər bir kənd, hər bir rayon məni gücləndirirdi. Bilirdim ki, yoldaşım bir vətən oğlu kimi şərəfli bir vəzifəni yerinə yetirir. Bəlkə də milyonlarla insan bu şərəfli missiyada iştirak etmək arzusunda idi. Lakin bu şərəfli iş hamıya nəsib olmur. Yoldaşım cəbhədə olduğu üçün qürur hissi keçirdirdim. Hamını güclü olmağa çağırırdım. Hətta insanları ruhlandırmaq üçün videolar çəkib paylaşırdım. Video çəkib bitirəndən sonra isə kameranı bağlayıb hönkür-hönkür ağlayırdım. Lakin əzmimi, iradəmi itirməyib güclü olmağa çalışırdım. Buna da bacardığım qədər nail olurdum.

- Yelena xanım, həyat yoldaşınız cəbhədə vuruşarkən, siz Müzəffər Ordumuzun qələbə xəbərini necə qarşılayırdız?

- Sizə həmin günü necə yaşamışam, onu danışım. Həmin gün axşam vaxtı “Real” televiziyasında “Real savaş” verilişinin qonağı idim. Efir bitəndən sonra eşitdim ki, Azərbaycan Ordusu Rusiya Ordusuna məxsus helikopetri vurub, bu xəbər məndə böyük həyəcan yaratdı. Qorxurdum ki, bu məsələ dərinləşsə nəticələr çox ağır ola bilər. Daha sonra evə gəldim və düşündüm ki, bu gecə nə isə baş verəcək. Amma yaxşı şeylər gözləmirdim. Bu əhvalda olduğum üçün çalışdım ki, tez yuxuya gedim. Gecə təxminən 1-2 arası telefonuma yoldaşımdan zəng gəldi və yuxudan qorxa-qorxa oyandım, tez zəngi açıb, yoldaşımdan nə baş verdiyini soruşdum. Sual verdi ki, hər şey yaxşıdırmı? Bakıda partlayış baş verib. Cavab verdim ki, bəli, salamatam, hər şey yaxşıdır. Yenidən yatmağa davam etdim. Təxminən 4-ə işləmiş həyətdən gələn qarışıq səslərə oyandım. İnsanlar fit çalaraq, qışqırırdılar. Sevinc sədaları hər yeri bürümüşdü. Hər kəs öz eyvanından “Qarabağ Azərbaycandır”, “Qələbə bizimdir” sözləriylə qışqırırdılar. Elə bildim ki, yuxu görürəm, ya da dəli olmuşam. Dərhal yoldaşıma mesaj yazdım ki, bəs burada camaat qışqırır, sevinc səsləri hər yeri bürüyüb, bilmirsən bu nə məsələdir. Yoldaşım yazdı ki, bilmirsən, müharibə qurtardı, hər şey bitdi, biz qələbə çaldıq və Qarabağ bizimdir. Həmin an içimdən keçdi ki, qələbə sevincimi himnimizi oxumaqla bildirim. Sevincdən ağlaya-ağlaya eyvana çıxdım və ucadan himni oxumağa başladım. O anda yaşadığım hissləri sizlərə sözlə ifadə edə bilmərəm. Məncə, hər kəs eyni hissləri bölüşürdü və bu yerdə sözlərə ehtiyac yoxdur.

- Həyat yoldaşınız ön cəbhədə vuruşanda, siz arxa cəbhədə bir jurnalist kimi öz missiyanızı necə yerinə yetirirdiniz?

 - Təkcə jurnalist kimi yox, bir Azərbaycan vətəndaşı kimi də öz missiyamı yerinə yetirməyə çalışmışam. Həmişə insanlara rəsmi mənbələrə istinadən düzgün və obyektiv məlumatlar vermişəm. Müharibə dövründə də bu prinsiplərə əsaslanaraq fəaliyyət göstərirdim. Bu müddət ərzində Azərbaycanda yaşayan başqa millətlərin nümayəndələrinin çıxışlarından ibarət rus dilində videoçarx hazırladım. Titorlarda məlumat ingilis dilində gedirdi. Həmin videoçarxa 1 milyondan artıq insan baxmışdı. Bu mənim üçün çox sevindirici bir nəticə idi. Çünki bütün dünya bu videoya baxmışdı. Bundan əlavə Azərbaycanda yaşayıb rus dilində danışan dostlarımıza, xaricdə yaşayan həmvətənlərimizə müaricət video çarxı hazırlamışam. O videoçarxlar da böyük populyarlıq qazanıb. Və bu gün çox qürurluyam ki, Azərbaycanda baş verən həqiqətləri, Dağlıq Qarabağ münaqişəsiylə bağlı olayları bütün dünyaya çatdıra bildim. Düşünməzdim ki, izləyicisi cəmi 5 min olan səhifənin videosuna milyonlarla insan baxacaq. Jurnalist olaraq bu fəaliyyətimi təkcə müharibə zamanı deyil, bundan sonra da davam etdirəcəm.

Banuçiçək Hüseynli