Ərdoğanın Bakıya səfəri dünyaya siyasi mesajdır

Türkiyə Prezidenti müharibədən sonra ciddi müzakirələr aparacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Bakıya gələcək. Bu barədə qardaş ölkənin lideri özü deyib. Ərdoğan həyat yoldaşı ilə birlikdə Azərbaycana səfər edəcəyini bildirib. Türkiyə rəhbəri Bakıda bir sıra önəmli tədbirlərə qatılacağını vurğulayıb. 44 günlük müharibədən sonra Türkiyə prezidentinin Azərbaycana gəlişi böyük maraqla gözlənilir. “Haber 7” kanalının məlumatına görə, Türkiyə liderinin səfəri zamanı Naxçıvan (Zəngəzur) dəhlizi əsas gündəm mövzulardan olacaq. Ərdoğanın dekabrın 10-da Bakıda keçiriləcək Qələbə Paradında iştirak edəcəyi də deyilir. Vurğulanır ki, iki ölkə liderinin müzəffər Azərbaycan Ordusunun tarixi paradını izləməsi xarici dairələrə ciddi mesaj xarakteri daşıyacaq. 

Məlumat üçün bildirək ki, Azadlıq meydanında keçiriləcək hərbi paradda 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir texnikalar, raket və artilleriya qurğuları nümayiş etdiriləcək. Paradda Vətən müharibəsi zamanı düşməndən ələ keçirilmiş hərbi qənimətlərin bir qismi də nümayiş olunacaq. 

Qardaş ölkə başçısının Azərbaycana səfərini “Şərq”ə dəyərləndirən AĞ Partiya sədri Tural Abbaslı deyib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın nəinki Azərbaycana, yaxud regiona, ümumiyyətlə, dünyanın istənilən bölgəsinə səfəri çox önəmlidir. Partiya rəhbərinin sözlərinə görə, Ərdoğan regionda və dünyada söz sahibinə çevrilmiş bir ölkənin şəksiz lideridir:

“İndiki məqamda isə qardaş ölkə rəhbərinin Azərbaycana səfəri xüsusilə diqqətçəkəndir. Müharibə təzə bitib, siyasi proseslər isə hələ davam edir. Həm də 10 noyabr Bəyannaməsində bəzi narahatedici və tam aydın olmayan nüanslar var. Ərdoğan müharibədən sonra Azərbaycana gəlməklə bütün mərhələlərdə rəsmi Bakının yanında olduğunu əyani şəkildə nümayiş etdirmək istəyir.

Türkiyə lideri göstərir ki, heç bir təzyiq və təhdid qarşısında Azərbaycanı yalnız buraxmaq fikrində deyil. Ərdoğanın Bakı səfəri həm dünya, həm də daxili auditoriyaya bir mesajdır. İctimaiyyətdəki müəyyən narahatlıqların aradan qaldırılmasında Türkiyə çox önəmli faktordur”. 

T.Abbaslının fikrincə, Ərdoğan sadəcə hərbi paradda iştirak etmək üçün gəlmir:

“Yəqin ki, başqa mühüm tədbirlər olacaq, ciddi məsələlərlə bağlı açıq, yaxud qapalı müzakirələr aparılacaq. Könül istər ki, Ərdoğan bizim prezidentlə birlikdə işğaldan azad olunmuş ərazilərə, Qarabağa da getsinlər. Bunun özü məlum dairələrə güclü mesaj olardı. Ehtimal ki, müzakirə olunan bəzi məsələlərlə bağlı ictimaiyyətə detallı açıqlamalar verilməyəcək. İstənilən halda bu səfər bizim üçün dəyərldir. Ərdoğanın səfərini hər baxımdan önəmsəyirik. Azərbaycan dost və qardaş Türkiyəyə sahib olduğu üçün çox şanslı ölkədir”.