Qarabağa dəmir yolu xəttinin çəkilməsi iqtisadiyyatı dirçəldəcək

Bununla işğaldan azad olunan rayonlarımıza daha çox yerli və xarici sərmayələrin cəlb edilməsi mümkün hala gələcək

Ümumi uzunluğu 104 kilometr olan Yevlax-Xankəndi dəmir yol xəttinin Bərdə-Ağdam hissəsi yenidən qurulacaq. Azərbaycan Dəmir Yolları QSC-nin məlumatında bildirilib ki, hazırda xəttin Bərdə-Köçərli sahəsi fəaliyyət göstərir. Vurğulanıb ki, Ermənistanın işğalı nəticəsində digər sahələrdə olduğu kimi, dəmir yolu infrastrukturuna da ziyan dəyib. Mövcud dəmir yolu xətləri dağıdılıb, yollar, stansiyalar, vaqonlar, lokomotivlər tamamilə məhv edilib. Məlumat üçün qeyd edək ki, Ermənistanın uzun müddət işğal altında saxladığı əsas dəmir yolu xətlərinin ümumi uzunluğu 240,4 km olub. Bu xətlər Horadiz-Ordubad sahəsində 144 km-dir. O cümlədən 43 km dəmir yolu xətti Ermənistanın Mehri rayonu ərazisindən (Zəngəzurdan) keçir.

Yevlax-Xankəndi sahəsində 51 km, Mincivan-Qafan sahəsində 39,1 km, Qazax-Barxudarlı sahəsində isə 6,3 km təşkil edir. Ərazilər minalardan təmizləndikdən sonra əsaslı infrastruktur layihələrinə başlanılacaq və işğaldan azad edilmiş torpaqlarımızda bütün infrastruktur qurulacaq. 



Millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov “Şərq”ə deyib ki, işğaldan azad olunmuş ərazilərimizdəki dəmir yol və digər nəqliyyat növlərinin yenidən qurulması, yeni yolların çəkilməsi mühüm əhəmiyyət kəsb edir. Parlament üzvü bildirib ki, yol infrastrukturunun qurulması yük və sərnişin daşımalarının sürətlə həyata keçirilməsinə, iqtisadiyyatın bütün sahələrinin inkişafına müsbət təsir göstərir.

Deputat xatırladıb ki, Prezidentin tapşırıqlarına uyğun olaraq, artıq Füzuli rayonundan Qarabağın incisi sayılan Şuşa şəhərinə yol çəkilişinə başlanılıb. Eyni zamanda dəmir yol xətləri də bərpa edilir:

“Yevlaxdan birbaşa Dağlıq Qarabağa dəmir yol xəttinin çəkilməsi, o cümlədən Naxçıvanla Azərbaycanın qərb bölgələrini birləşdirəcək yeni yolun inşası ilə bağlı ciddi müzakirələr aparılır. Dəmir yolları Azərbaycan iqtisadiyyatı, eləcə də işğaldan azad olunmuş ərazilərimizin iqtisadi dirçəlişi üçün çox vacibdir.

Çünki iqtisadiyyat birbaşa infrastruktur, xüsusən nəqliyyat və lojistik xidmətlərin inkişafını tələb edir. Bununla işğaldan azad olunan rayonlarımıza daha çox yerli və xarici sərmayələrin cəlb edilməsi mümkün hala gələcək. Eləcə də yeni iş yerləri yaranacaq”. 

V.Bayramov bəyan edib ki, Qarabağda iqtisadi potensial kifayət qədər böyükdür və bunun realizasiyası baxımından yollar vacibdir. Ölkə boyu nəqliyyat əlaqələrinin bərpa edilməsi bütövlükdə Azərbaycan iqtisadiyyatının inkişafına təkan verəcək”.