Şəhidlərin bank borcları tamam silinəcək

Dövlət bütün imkanlarından maksimum istifadə edir


“Nazirlər Kabinetinin qərarı ilə ermənilər tərəfindən qətlə yetirilən mülki insanlara da şəhid statusu verilib. Bütün bunlar onu deməyə əsas verir ki, ölkəmizdə bu kateqoriyadan olan insanlara böyük diqqət və qayğı var”. Bu sözləri “Şərq”ə açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib. Parlament üzvü bildirib ki, Azərbaycanda müharibədən əziyyət çəkmiş, öz yaxınlarını itirmiş ailələr daim Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunur. Deputatın sözlərinə görə, şəhid ailələrinə dövlət tərəfindən göstərilən dəstək ən yüksək səviyyədədir:

“Prezident və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Vətənin müdafiəsi uğrunda canlarını qurban verənlərin, həmçinin bu yolda əlil olanların sosial müdafiəsinin gücləndirilməsi ilə əlaqədar müxtəlif tədbirlər həyata keçirirlər.

Həssas qəlbli insanların qarşılaşdıqları problemlərin aradan qaldırılması üçün əllərindən gələni əsirgəmirlər.

Onların mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir və hər bir azərbaycanlı, ölkə vətəndaşı bu addımlardan qürur, fərəh hissləri keçirir”. 

A.Məmmədov qeyd edib ki, belə bir dönəmdə şəhidlərin bank borclarının tam həcmdə silinməsi olduqca təqdirəlayiq bir addımdır:

“Mərkəzi Bankın tövsiyəsi ilə Azərbaycan Banklar Assosiasiyasının yekdilliklə qəbul etdiyi qərar alqışlanmalıdır. Qərarda şəhid ailələrinin, o cümlədən düşmən təxribatı nəticəsində zərər görən mülki şəxslərin istehlak kreditlərinin tam həmcdə silinməsi nəzərdə tutulur.

Bu fakt bir daha göstərir ki, dövlətimiz şəhid ailələrinə maddi-mənəvi dəstəyin göstərilməsini, onların sosial rifahının yüksəldilməsini, onların hər cür qayğı ilə əhatə olunmasını zəruri hesab edir, bütün imkanlarından bu məqsədlə istifadə edir.

Bununla yanaşı yaxın gələcəkdə sosial həyatın bütün sahə və sferalarında şəhid ailələri ilə bağlı yeni-yeni mütərəqqi addım və yeniliklərə şahid olacağıq”.