ABŞ-dakı azərbaycanlı memar: "Planetdə gedə bilmədiyim yer doğulduğum Ağdam idi"

“8-10 tipik ev layihələndirmək fikrindəyəm”

Dekabrın 10-da ölkəmizdə Qələbə paradı keçiriləcək. Beləliklə, zəfərimizi dünyaya nümayiş etdirəcəyik. Amma əlbəttə, bu, həm də simvolik xarakterlidir. Çünki planet artıq xeyli müddətdir ki, bizim qalibiyyətimizlə tanışdır. Noyabrın 10-da imzalanan kapitulyasiya sənədi ilə Ermənistan məğlubiyyətini etiraf etdi. Fərqli rakurslardan olsa da, bu tarixi hadisəni bütün ölkələr gördü.

O cümlədən də ABŞ. İndi bizi maraqlandıran əsas suallardan biri həmin ölkədəki hakimiyyət dəyişikliyinin Qarabağ məsələsinə necə təsir edəcəyidir. Bu barədə ekspertlərin fikirləri müxtəlifdir. Odur ki, “Şərq” olaraq ABŞ-ın Delaver ştatında yaşayan soydaşımız, “The Great House” adlı memarlıq, inşaat və dizayn şirkətinin təsisçisi və rəhbəri, əslən Ağdamdan olan Yavər Rzayevin bu və digər suallarımıza dair fikirlərini öyrəndik.

-Maraqlıdır, baş verən hərbi və siyasi hadisələr ABŞ-da necə əks olunurdu?

-Burada xaricdə baş verən hadisələri izləyən kiçik, intellektual bir qrup var. Əksər adamlara başqa ölkələrdəki olaylar tamamilə maraqsızdır. Tanışlarım mənimlə əlaqə saxlayıb Azərbaycanda gedən prosesləri müzakirə edirdilər. Məncə, hadisələrlə maraqlananların çoxu bizim haqq səsimizi eşidənlərdir. Amma məsələnin mahiyyətini, ümumiyyətlə, başa düşməyənlər də var. Həmçinin erməni lobbisinin çoxillik fəaliyyəti nəticəsində başqa cür dəyərləndirənlərlə də rastlaşırdım. Buna baxmayaraq, Azərbaycan diasporunun işini qiymətləndirmək və onlara təşəkkür etmək də lazımdır. Fəallıqları məni heyran etdi. Bu, bizim milli gücümüzü, həmrəyliyimizi göstərdi. Son illər bura təhsil almağa və yaşamağa gəlmiş gənclərimiz erməni mediası və aktivistləri qarşısında böyük əzmkarlıqla mübarizə aparır və həqiqətləri Amerika cəmiyyətinə çatdırırlar. Dediyim kimi, indi bizim çox fəal və güclü diasporumuz var. Onlarla fəxr etməyə dəyər. Ən sevindiricisi onların çoxunun Birinci Qarabağ müharibəsindən sonra doğulmalarıdır. Biz öz vətənpərvərliyimizlə hətta başqa xalqlara da nümunə ola bilərik.

-Ümumiyyətlə, yerli əhalinin Dağlıq Qarabağ məsələsinə münasibəti necədir?

-Fikrimcə, amerikalıların 40-50 faiz əhalisi xəritədə Avropanı tapa bilmir.  Odur ki, bizi ancaq dövlət səviyyəsində, diplomatik sahədə lazımlı adamların fikirləri maraqlandırmalıdır. Bu işdə də Vaşinqtondakı, BMT-dəki səfirliklərimizin, Los-Ancelesdəki konsulluğumuzun böyük əməyi var. Onlar Azərbaycanın haqlı mövqeyini dövlət səviyyəsində dünyaya çatdırmağın çətinliklərinə baxmayaraq, qısa müddətdə böyük işlər görüblər. Həm Amerika mediasındakı, həm də yüksək tribunalardakı çıxışlarını siyasətçilər diqqətlə izləyirlər. Beləliklə, bizim üçün yeni tərəfdarlar yaranır.

-Necə düşünürsünüz, Baydenin prezident seçilməsi siyasi proseslərin gələcək inkişafına necə təsir göstərəcək?

-Amerikada baş verən dəyişiklikləri dünya səviyyəsində demokratiya üçün müsbət hesab edirəm.  Əlbəttə, seçki kampaniyalarında çox vədlər verilə bilər. Bunların nə qədərinin reallaşacağına isə heç kim zəmanət verə bilməz. Baydenin humanitar və sadə olması məni qane edir. Yaşadığım şəhərdə onun yay evi-bağı var. Son dörd ildə hər həftə sonunu ailəsi ilə burada keçirib. Şəhərdə hamı ona qarşı çox müsbət fikirdədir. Keçmiş vitse-pezident olsa belə, özünü heç kimdən yüksək tutmayıb. Hamıyla birlikdə restoranlarda , barlarda dəniz kənarında… Yaxınlaşanlarla səmimi görüşüb söhbətləşir. İtini gəzdirərkən hərdən dondurma alıb dənizkənarı oturacaqların birində əyləşib keçənlərə baxar, yaxınlaşanlarla danışır. Yaşından, irqindən, cinsindən asılı olmayaraq hamı ilə eyni səviyyədə davranır. Maşınını həyətdə özü yuyur. Sadaladıqlarım onun insani tərəfləridir. Beynəlxalq əlaqələrdə tutduğu mövqeyi  isə özü göstərəcək.  Məncə, Obama prezidentliyi dövründə ABŞ-Azərbaycan münasibətləri yüksək səviyyədə idi. Güman edirəm ki, bu əlaqələr daha da güclənəcək. Çünki rəsmi Bakı bu gün çox ölkələrin müttəfiq olmaq istədiyi güclü, strateji cəhətdən lazımlı və güvənilməli bir dövlət olduğunu bir daha sübut etdi.

-Ayrı-ayrılıqda Rusiya və Fransanın münasibətlərini necə qiymətləndirirsiniz? Nəzərə almaq lazımdır ki, onlar ikisi də ATƏT-in Minsk qrupunun üzvləridirlər…

-ATƏT-in Minsk qrupu üzərinə düşən məsuliyyəti və sülhyaratma prosesində gücsüzlüyünü göstərdi. Fransa tam birtərəfli siyasət aparmaqla bu problemin həll olunmasında iç üzünü nümayiş etdirdi. Rusiya ərazidə mövcud vəziyyəti görüb, kiminlə müttəfiq olmaq sərfəlidirsə, onu seçdi. Beləliklə, Azərbaycanın nə qədər lazımlı ölkə olduğu bir daha üzə çıxdı. Məncə, Azərbaycanla yaxşı əlaqələr hamıya lazımdır. Bu, Yaxın Şərqlə Avropa arasında körpü deməkdir. İnanıram ki, Prezidentimiz, Ali Baş Komandanımız kimin kim olduğunu görür. O, bölgədə liderliyimizi möhkəmlətməyin öhdəsindən uğurla gələcək. Mən siyasətçi deyiləm. Amma kənardan hadisələri izləyən bir azərbaycanlı kimi, xalqımı dövlət başçısının ətrafında daim indikitək sıx birləşməyə çağırıram. Bu qələbəni bizə Ali Baş Komandanın güclü siyasətilə yanaşı, həm də xalqın birliyi, vətənə sevgi, qüdrətli və rəşadətli Azərbaycan Ordusu qazandırdı.

-Bir ağdamlı kimi ata-baba torpağınızı necə xatırlayırsınız?

-Uşaqlığım və gəncliyim, yəni ən xoş, xoşbəxt günlərim Ağdamda keçib. Evimizin hər daşı, həyətimizdəki hər meyvə ağacı, gül kollarının yeri… atamın, anamın qonaqpərvərliyinə görə qohum-qonşuların tez-tez evimizdəki böyük masa arxasında nahar və şam yeməkləri xəyalımdan  çıxmır. Şəhərin küçələrini, parklarını, fəvvarələrini, məktəb yoldaşlarımı, müəllimlərimi tez tez xatırlayıram. Fikirləşirəm, görəsən, indi haradadırlar? Qaçqınlıq hamını ayırdı. Hərə bir yerdə sığınacaq tapdı. Çoxları bu itkilərə dözə bilmədi, talelərindən küskün dünyalarını dəyişdilər. Azərbaycan vətəndaşı kimi dünyanın hər yerinə gedib, oraları görə, gəzə bilərəm. Planetdə gedə bilmədiyim yeganə yer doğulub, boya-başa çatdığım evimiz idi. Bu, gecə-gündüz, dayanmadan, həmişə fikrimdə dolanan və gecələr yuxusuzluq gətirən bir dərd idi. Bu dərddən xilas olmaq mümkün deyildi.  Qazandığım uğurların heç biri bu yükü yüngülləşdirə bilmirdi. Qarabağda, Ağdamda ancaq xəyallarımda gəzirdim. Yuxularda belə, ancaq quş kimi, səmadan seyr eləyirdim. İndiki qələbəmiz mənə o qədər başı ucalıq, qürur gətirib ki, deyəsən, yerişim də dəyişib. Ətrafdakılara aşağıdan yuxarı yox, düz gözlərinin içinə baxıram. Yuxularda Ağdamın küçələrində gəzirəm. Ovaxtkı şəhərimdən heç nə qalmadığını bilirəm. Amma tək Ağdamın deyil, azad olunmuş bütün torpaqlarımızın yenidən qurulacağına inanıram. Oralarda həyat yenidən başlayacaq. Hamı evinə qayıdacaq. Yeni nəsil şadlıq-firəvanlıq içində yaşayacaq. Evlərdən, küçələrdən, məktəblərdən yenə uşaq gülüşlərinin səsi gələcək. Adamlar işdən evə tələsik gələcək, ailəsi ilə birlikdə şam edib, ardınca gəzməyə, qonşularla söhbətə çıxacaqlar. Gənclər biri-birlərinə sevgi məktubları yazacaqlar. Toylar, el şənlikləri, musiqilər hər yeri bürüyəcək. Qəmli Qarabağ şikəstəsi daha sevinc, qəhrəmanlıq, əmin amanlıq simvoluna çevriləcək. Yeni qəhrəmanlıq nəğmələri bəstələnəcək. Məhsul bayramları, Xarıbülbül və yeni mədəniyyət festivalları Qarabağa qayıdacaq.

-Qarabağın dilbər guşələrindən birinin azad olunmasını eşidəndə hansı hissləri keçirdiniz?

-Əvvəllər ancaq qəmli mahnılar, o cümlədən muğamlar zümzümə edirdimsə, bu günlərdə ən xoş, şən musiqilər yadıma düşür. Bir neçə gün əvvəl qələbə xəbərləri gəldikcə özümü saxlaya bilmirdim. Pərdələri saldım ki, qonşular görüb dəli olduğumu fikirləşməsinlər. Çünki sevincdən oynaya-oynaya otaqdan-otağa keçirdim. Bu duyğunu başqa cür ifadə etmək çətindir. Azərbaycanın qəhrəman oğullarına, igid qızlarına min dəfə eşq olsun! Şəhidlərimizin ruhları qarşısında baş əyirəm. Onların ailələrinə ömür boyu borclu qalacağımızı bir  daha xatırladıram. Yəqin xalqım mənimlə razılaşar - şəhidlərimizin anaları hamımızın anası, ataları hamımızın atası, övladları hamımızın övladlarıdır. Biz onların problemlərinin həllində köməkliyimizi əsirgəməməliyik. Dövlətimizin, xalqımızın onları heç vaxt darda qoymayacağına əminəm.

-Yəqin ki, bundan sonra Qarabağda, o cümlədən Ağdamda ciddi tikinti- bərpa işlərinə ehtiyac duyulacaq və işinizlə əlaqədar sizin də xidmətiniz lazım olacaq.  Bu istiqamətdə planlarınız nədir?

-Ötən illər ərzində mən çox müsahibələr vermişəm. Hamısında da demişəm: Təki torpaqlarımız azad olsun, o dağılmış şəhərləri yenidən tikib köçkünlərin vətənlərinə qayıtmalarında  əlimdən gələni edərəm. Həm qarabağlı, həm də başqa ölkələrin təcrübəsini görmüş ixtisasçı kimi quruculuq işlərində yaxından iştirak etmək istərdim. Mənə  belə gəlir ki, müvafiq dövlət qurumları şəhərlərin, kəndlərin ictimai hissələrini layihələndirib tikəcəklər. Buna tamamilə inanıram və məsələnin çox az müddətdə həllini tapacağını bilirəm. Mən əsasən şəhərsalma memarı olsam da, iyirmi ildir Amerikada şəxsi evlərin layihə və tikintisi ilə məşğulam. Yerli memarlıqla da tanış olduğuma görə, müasir texnologiya, o cümlədən  bəzi yerli və yeni materiallarla tikilə biləcək fərqli ölçü, dizaynlı 8-10 tipik ev layihələndirmək fikrindəyəm. Bu layihələri uçmuş evlərinə qayıdan əhaliyə təqdim edib bəyəndiklərini də bir az dəyişdirib tikinti prosesini asanlaşdırsaq onların öz torpaqlarına, ata-baba yurdlarına   tezliklə qayıtmalarını təmin edərik. Əlbəttə, bu, ancaq planlarımdan biridir. Şəhər və kəndlərimizin bərpasında uzun işlər gedəcək. Hər cür mütəxəssislərdən tutmuş adi tikinti işçilərinədək hamıya  ehtiyac olacaq. Bu işçilərin müvəqqəti yaşayışı, rahatlığı üçün də səyyar stansiyalar qurulmalıdır. Ümumiyyətlə,  memarlara, inşaatçılara ehtiyac çox olacaq. Belə işlərdə mənə müraciət olarsa, böyük məmmuniyyətlə qəbul etməyə həmişə hazıram.

-Ermənistandakı daxili çaxnaşma hər kəsə məlumdur. İnşaat dili ilə belə demək olarmı ki, bu dövlət damın altında qalıb?

-Ermənistanın illərlə apardığı verdiyi vədlər, saxtalaşdırma, şişirtmə siyasəti və mentaliteti yerli milləti özünüməhvetməyə gətirib çıxarıb. Onlar reallıqla barışmasalar, Ermənistan  dövləti tamamilə parçalanacaq.  Xaricdə bahalı maşınlarda gəzən, isti evlərindən internet səhifələrini millətpərəst, yerli-yersiz fikirlərlə, planlarla dolduran ermənilər nə qədər səs-küy salsa da, lidersiz bir ölkənin gələcəyi yoxdur. Lobbiçilərin, xeyriyyə təşkilatlarının verdiyi köməyi belə, şəxsi gəlir kimi görən dövlət rəhbərləri elə o səviyyədə də qalacaqlar.

-Belədirsə, "restavrasiya"nin bir yolu varmı, ya Ermənistan artıq dağılmağa məhkumdur?

-Mənə belə gəlir ki, hər bir böhranın ən alçaq nöqtəsi olur. Ermənilər də həmin nöqtəyə çatıblar. Bundan sonra düzgün müşahidə, böhranın səbəblərini aydınlaşdırma, təşkilatçılıq, idarəetmə və normal rəhbərlik olarsa, yavaş-yavaş, addım-addım həmin vəziyyətdən çıxmaq olar. Amma bu, uzun illər tələb edəcək.  Ermənistanın gələcəyi ancaq və ancaq onların reallığı qəbul edib ətrafında olan dövlətlərlə münasibətlərini tənzimləməkdən və sülhdən keçir. Onların ən böyük çətinlikləri qonşu dövlətlərdə özlərinə qarşı inam yaratmaq olacaq. Bunu necə bacaracaqlarını isə gələcək göstərəcək.