Uzun illər danışılacaq

İndi hər kəs davamızdan, döyüşümüzdən bəhs edir

Zəfərimiz bədəlsiz qazanılmayıb.Torpaq uğrunda canından keçən igidlərimiz var.  
2783 oğul Vətən müharibəsində qəhrəmancasına şəhadətə qovuşub. Biz də onları yad edib, ruhlarına ehtiram göstərdik.
 Bundan sonra da belə olacaq. Daim onları yaşadıb, borcumuzu ödəməyə çalışacağıq. 

“Şərq”lə həmsöhbət olan Qarabağ qazisi Anar Məmmədov da şəhidlərimizin, hərbçilərimizin tarix yazaraq ərazi bütövlüyümüzü bərpa etdiyini söyləyib:

“Həm Ali Baş Komandan, həm də xalqımız 44 günlük müharibə müddətində iradəsini, əzmini nümayiş etdirdi. Bütün dünya milli birliyimizin şahidi oldu.   Vətən savaşı şanlı tariximizə qızıl hərflərlə yazıldı. İndi hər kəs davamızdan, döyüşümüzdən danışır. Hələ uzun illər də danışılacaq. Bu qələbəni bizə şəhidlərimiz bəxş edib.

Onlar öz qanları, canları ilə zəfər sevincini bizə yaşatdılar. Vətən müharibəsində hərbçilərimizin böyük xidmətləri oldu. 30 ilə yaxındır ki, torpaq həsrəti çəkirdik.

Qarabağa qovuşacağımız günü gözləyirdik. Şükürlər olsun ki, sentyabr ayında Vətən müharibəmiz başladı. Düzdür, şəhidlərə görə üzülürük. Lakin qələbəmizə görə sevinmək lazımdır. Müharibə qurban tələb edir.

Onu da deyim ki, Ermənistan ordusunun itkiləri bizdən 5-6 dəfə çoxdur. Əslində əks-hücum edən dövlətin itkisi çox olur. Amma bizdə əksinə, az itkimiz var. Bu da ordumuzun gücünün sübutudur. Millətimizin döyüşkənliyinin, qoşunlarımızın savaşa hazırlıqlı olduğunun göstəricisidir.

Eyni zamanda cənab Ali Baş Komandanın ordumuza, millətimizə  qayğısının, diqqətinin bariz nümunəsidir”.