Televiziyalarda vətənpərvərlik bir nömrəli mövzu olmalıdır - VİDEO

Qulu Məhərrəmli: "Bəzi ənənəvi mövzular var ki, ümumiyyətlə, bu mövzuları qapatmaq lazımdır"

Vətənpərvərliyin təbliği hər zaman vacib mövzulardan olub. Bu baxımdan torpaqlarımız uğrunda can qoyan şəhidlərimiz, sağlamlığını itirən qazilərimiz haqqında televiziya proqramlarının olması çox vacibdir. Tarix yazan igid oğullarımızın xatirəsini əziz tutmaq, onları təbliğ etmək hər birimizin borcudur. Şəhid və qazilərimiz haqqında kitablar, sənədli filmlər, vətənpərvərlik mahnıları olduğu kimi, televiziya verilişlərinin olması da əsas məsələdir. 

Amma bu gün televiziyalarımızdakı vəziyyət ürəkaçan deyil. Müxtəlif televiziya proqramları var ki, onların efirdə yayımlanması sözün həqiqi mənasında əhalinin qıcıqlanmasına səbəb olur. Xüsusilə, müxtəlif yemək verilişlərinin və şou-proqramların televiziyalarda geniş yer alması tamaşaçıları ekranlardan uzaqlaşdırır. 

Bu günlərdə feysbuk sosial şəbəkəsində hərbi geyimdə olan döyüşçülərimizdən birinin videosu yayılıb.


Həmin şəxs televiziyalarda yemək proqramlarının yayımlanmasından dilə gəlib. O qeyd edib ki, bu gün ölkə telekanallarında şəhid və qazilərimizlə bağlı hər hansı bir proqram yayımlanmır. Gənclər vətən uğrunda can verən şəhidləri və yaralı olan qaziləri tanımırlar. 

Tanınmış media eksperti, professor Qulu Məhərrəmlinin “Şərq”ə açıqlamasına görə, sentyabrın 27-dən sonra təkcə ictimai-siyasi həyatımızda yox, düşüncəmizdə, təfəkkürümüzdə, ədəbiyyatımızda və televiziyalarımızda yeni mühit yaranmalıdır:

“Əhalinin yeni istəkləri və çağırışları var. Düşünürəm ki, televiziyalar da bu çağırışlara operativ reaksiya verməli, proqramlara yenidən baxılmalıdır. Televiziyalarda bəzi ənənəvi mövzular var ki, ümumiyyətlə, bu mövzuları qapatmaq lazımdır. Xüsusilə dövlət büdcəsindən maliyyələşən televiziya kanalları proqram siyasətinə yenidən baxmalıdırlar”.

Q.Məhərrəmli vurğulayıb ki, vətənpərvərlik mövzusu, şəhid və qazilərimiz haqqında sistemli, düşünülmüş və davamlı televiziya proqamları olmalıdır:

“Ənənəvi, bayağı və şablon verilişlərə yox, əhalinin marağına xidmət edən proqramların yayımlanmasına ehtiyac var. Bu amillər təkcə televiziyalara yox, radio və qəzetlərə, bütövlükdə KİV-lərə aiddir. İnsanların duyğularına və istəklərinə təsir edən mövzular olmalıdır.

Təkcə sosial şəbəkələrdə yox, ümumiyyətlə, real həyatımızda müxtəlif mövzular meydana çıxır. Ona görə də televiziyalarımız, sənədli kino ustalarımız, rejissor və senaristlərimiz fikirləşməlidir ki, maraqlı layihələr hazırlasınlar.

Vətənpərvərlik ötəri yox, uzun illər düşüncə və davranışımız əsasında dayanan mövzudur. Vətən, onu qoruyanlar, şəhid olanlar və yaralananlar... Onlar haqqında davamlı televiziya proqramları bir dalğa və tərz kimi olmalıdır. Bunun üçün televiziya yaradıcılığının bütün imkanlarından istifadə etməliyik”.