İranın təklifi var ! - Naxçıvan dəhlizinə görə narahatdır ? - ŞƏRH 

“Bu, Azərbaycan, Türkiyə, İran, Rusiya və Ermənistanın iştirakı ilə həyata keçiriləcək məsələdir”


“Ceyhun Bayramovun İran səfərində məlum layihənin konturları ətrafında da dialoqlar aparıla bilər” 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 9 dekabrda İrana səfər edəcək. Bu barədə İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə mətbuat konfransında bildirib.O, qeyd edib ki, C. Bayramov səfər çərçivəsində İran Prezidenti Həsən Ruhani, parlament sədri Məhəmməd Baqir Qalibaf və Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani ilə görüşəcək.

44 günlük müharibə dövründə rəsmi Tehranın iki başlı siyasət yeritməsi, birmənalı mövqe tutmaması hər kəsə yaxşı məlumdur. Deməli, indi belə səfərin baş tutması kifayət qədər əhəmiyyətlidir. İran yenə də bəzi “kartlarını gizlədəcək”, ya bu dəfə “açıq oynayacaq”?



Politoloq Sədrəddin Soltan bu barədə “Sherg.az”a danışarkən müzakirə predmetlərini açıqlayıb: 

“Bilirsiniz ki, ötən müddətdə İran rəsmiləri Azərbaycana müntəzəm səfər ediblər. Onlar əməkdaşlığa çalışırlar. Hətta yadınızdadırsa, İran XİN nümayəndəsi regionda sülhün təmin olunmasındakı rolu ilə bağlı təklif etmişdi.

Lakin sonradan köhnə “xəstəlik”lərinə tutuldular və Azərbaycanda terrorçuların olmasını iddia etdilər. Bu, şər-böhtan kampaniyasının növbəti tərkib hissəsi idi. Lakin bizim cavabımız qəti və konkret oldu- 2783 şəhidlə.

Əgər terrorçular döyüşürdüsə, onda bu qədər şəhid sayı haradandır? Beləliklə, özlərini allahlı bilib allahsız olanlar susduruldular”.

S.Soltanın fikrincə, başqa mövzular da gündəmə gələcək: 

“Dediyim kimi, rəsmi Tehranın Azərbaycana təklifi var. Bu, ictimaiyyətə tam açıqlanmayıb.

İkinci bir tərəfdən isə səfər çərçivəsində, əlbəttə, sülhməramlılarla bağlı məqamlar, Ermənistan-İran əlaqələri və onun Azərbaycana, Qarabağdakı erməni icmasına mənfi təsiri müzakirə masasına çıxarılacaq. Noyabrın 10-da imzalanan bəyanatın 9-cu maddəsinə görə Mehridə Naxçıvan dəhlizi inşa edilməlidir.

Bu, beştərəfli, yəni Azərbaycan, Türkiyə, İran, Rusiya və Ermənistanın iştirakı ilə həyata keçiriləcək məsələdir. Şübhəsiz, sözügedən layihənin konturları ətrafında da dialoqlar aparıla bilər”.