Sükutu pozmalıyıq !- “Qarabağda pasportlaşmanı Azərbaycan aparmalıdır"

“Ermənilər Qarabağda yaşamaqdan ötrü bizim qanunlarımızı, konstitusiyamızı qəbul etməlidirlər” 

“Əhalinin süni artırılmasına çalışsalar da, pasportlaşma dövründə hamısı geri qayıtmağa məcbur qalacaq”

“Yalnız 1988-ci ilədək Qarabağda anadan olan ermənilər burada yaşaya biləcəklər. Və, əlbəttə, onların da hamısı yox”

"Deməli, operativ-istintaq qrupu bu işlə ciddi məşğul olmalıdır”



Müharibə zamanı Ermənistana qaçan daha 1950 erməni Azərbaycanın Qarabağ bölgəsinə gətirilib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Ermənilər Rusiya sülhməramlılarının müşayiəti ilə İrəvandan avtobuslarla gəliblər. Rusiyanın əli ilə ermənilərin yenidən Qarabağa, xüsusən Xankəndinə və ətraf bölgələrə daşınması ictimaiyyətdə narahatlığa səbəb olur. Ehtimal edilir ki, Moskva Qarabağdakı ermənilərin sayını süni şəkildə artırmaqla bölgədə öz dayaqlarını möhkəmləndirmək niyyəti güdür.

Məsələ ilə bağlı mütəxəssislərin fikirləri birmənalıdır. Onlar ermənilərin Qarabağa daşınmasına son qoyulmasını tələb edirlər. Politoloq Əhəd Məmmədli bu barədə açıqlamasında deyib:

“Moskvaya xəbərdarlıq edilməlidir ki, ermənilərin bölgəyə daşınmasına son qoysunlar. Sükutu pozmalıyıq və hərbi qalibiyyətimizi diplomatik meydanda davam etdirməliyik. Prosesin əleyhimizə işləməyinə imkan verməməliyik”.



Sabiq millət vəkili, Milli Dirçəliş Hərəkatı Partiyasının lideri Fərəc Quliyev də bu barədə fikirlərini “Sherg.az”a bildirib: 

“Əhalinin süni artırılmasına çalışsalar da, pasportlaşma dövründə hamısı geri qayıtmağa məcbur qalacaq. Yalnız 1988-ci ilədək Qarabağda anadan olan ermənilər burada yaşaya biləcəklər. Və, əlbəttə, onların da hamısı yox. Çünki aralarında soyqırımda, seperatizmdə iştirak edənlər ola bilər. Deməli, operativ-istintaq qrupu bu işlə ciddi məşğul olmalıdır. Həmçinin Laçın dəhlizində Azərbaycan sərhəd xidmətinin, gömrük xidmətinin və polisinin işi güclənməlidir. Onlar gələn-gedəni yoxlamalıdırlar”.

F.Quliyevin fikrincə, Qarabağda yaşamaq istəyən ermənilər mütləq Azərbaycan qanunlarını tanımalıdırlar: 

“Bölgədəki rus sülhməramlıları ancaq iki etnos arasındakı qarşudurmanın qarşısını almaq üçündür. Onlar Azərbaycanın mülki idarəetməsinə qarışa bilməzlər. Ermənilər də başa düşməlidirlər ki, başqa ölkənin pasportu ilə yaşamaq mümkün deyil. Pasportlaşma prosesini təkcə Azərbaycan apara bilər. Və ermənilər Qarabağda yaşamaqdan ötrü bizim qanunlarımızı, konstitusiyamızı qəbul etməlidirlər”.