“Xarici deputatlar erməni vandallıqlarına baxıb heyrətlənirlər”

“Nəzərə almaq lazımdır ki, deputatlar öz ölkələrində də dağıntılar, vəhşiliklər barədə danışacaqlar”

“Məhz belə məqamların həllini tapmasında beynəlxalq ictimaiyyətin haqq səsimizi eşitməsinin mühüm rolu var” 

Azərbaycanda səfərdə olan İtaliya parlamentinin Deputatlar Palatasının nümayəndə heyəti bir neçə gün əvvəl Ağdam rayonuna səfər ediblər.  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən italiyalı deputatlar işğaldan azad edilmiş ərazilərdəki vəziyyətlə yerində tanış olublar.

Deputatlar Palatasının sədr müavini Ettore Rosatonun başçılıq etdiyi nümayəndə heyətini Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli, digər deputatlar müşayiət ediblər.

Qeyd edək ki, italiyalı deputatlar oktyabrın 11-də və 17-də Gəncədə erməni terroru nəticəsində çoxsaylı insanın öldüyü, yaralandığı və böyük dağıntıların yarandığı ərazidə olub, qətlə yetirilən dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq dağılmış yaşayış binasının ətrafına gül dəstələri düzüblər.

“Modern.az” saytının baş redaktoru Elşad Eyvazlı “Sherg.az”a açıqlamasında bu cür addımların haqq səsimizin eşidilməsi istiqamətindəki rolunu müsbət qiymətləndirib: 

“Azərbaycanın zəfəri Ermənistanı rəzil duruma saldı, düşmənin dağıdıcılıq işlərinin üstündən xətt çəkdi. Ağdama gələn deputatlar buradakı vandallıqlara baxıb heyrət edirlər. Bu, çox önəmlidir.

Nəzərə almaq lazımdır ki, deputatlar öz ölkələrində də dağıntılar, vəhşiliklər barədə danışacaqlar.  Amma biz həmin təşəbbüslərlə kifayətlənməli deyilik.

Qarşıda bizi başqa məsələlər, o cümlədən təzminat almaq gözləyir. Məhz belə məqamların həllini tapmasında beynəlxalq ictimaiyyətin haqq səsimizi eşitməsinin mühüm rolu var”.