Dost ölkələrə güvən olacaq

İtaliyanın nüfuzlu şirkətləri Qarabağa investisiya qoya bilərlər

"Qədim Roma imperiyasının varisi sayılan İtaliyada saysız-hesabsız tarixi saraylar, məbədlər var və günümüzədək qorunub saxlanılır. İtaliyanın bu təcrübəsindən yararlanmaq məqsədəuyğundur"

Dekabrın 7-də İtaliya Deputatlar Palatasının sədr müavini Ettore Rosatonu qəbul edən Prezident İlham Əliyev mühüm məqamlara diqqət çəkib. Qarabağ müharibəsi və Azərbaycanın qələbəsindən danışan Prezident bölgədə genişmiqyaslı bərpa işlərinin başlayacağını deyib. Ölkə rəhbəri vurğulayıb ki, Qarabağda yaxın vaxtlarda başlanacaq bərpa və quruculuq işlərində yalnız Azərbaycana dost ölkələrin şirkətlərinin işləməsinə icazə veriləcək. Yəni bu işlərə heç də bütün ölkələrin, xüsusən qərəzli Fransanın şirkətləri buraxılmayacaq.

Sadəcə Azərbaycanın və dost ölkələrin şirkətlərinə qapılar açıq olacaq: “Bizim üçün dost olan ölkələrin şirkətlərini bu işlərə dəvət edəcəyik, daha doğrusu, artıq dəvət etmişik. Çox istərdim ki, İtaliya şirkətləri bu işlərdə, yəni bərpa, rekonstruksiya, yenidənqurma işlərində fəal iştirak eləsinlər. Azərbaycan tərəfi artıq İtaliya tərəfinə bu təklifləri verib, yaxın günlərdə dediyim kimi, bununla bağlı ilkin təmaslar olacaq”. Ölkə rəhbəri xüsusilə qeyd edib ki, Qarabağdakı proseslər, müharibə dövrü Azərbaycanın əsl dostlarının kim olduğunu göstərdi. Azərbaycanlılar isə dostluğu qiymətləndirməyi bacarırlar: “Əsl dostluq özünü çətin anlarda büruzə verir. Biz dostluğu qiymətləndirən xalqıq və sizin Azərbaycana səfəriniz göstərir ki, İtaliya Azərbaycanın əsl dostudur”. 

Dövlət başçısının toxunduğu məqamı “Şərq”ə dəyərləndirən iqtisadçı-ekspert Fuad İbrahimov deyib ki, Qarabağ Azərbaycanın həssas bölgəsidir. İqtisadçının sözlərinə görə, bütün dünyanın Qarabağı Azərbaycan ərazisi kimi tanıdığı halda bəzi dövlətlərin açıq qərəz nümayiş etdirməsi rəsmi Bakı tərəfindən heç vaxt bağışlanmayacaq:

“Dövlət başçısının bu məsələdə xüsusi həssaslıq nümayiş etdirməsi təqdirəlayiqdir. Ermənipərəst qüvvələrə qarşı sərt mövqeyimizi hər zaman sərgiləməliyik. Dost münasibətdə olan ölkələrə isə daha çox diqqət yönəltməliyik. İtaliya ilə Azərbaycan arasında siyasi və iqtisadi əlaqələr yüksək səviyyədədir. İndiyə qədər ölkələrimiz arasında bir çox sənədlər imzalanıb ki, ən mühümü də Çoxölçülü Strateji Tərəfdaşlıq haqqında sənəddir.

Bu sənəd strateji tərəfdaşlığımızı təsdiqləyir. İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır. Keçən il ticarət dövriyyəmiz 6 milyard dollara çatıb ki, bunun böyük hissəsi enerji resurslarına aiddir. Şübhəsiz, qeyri-neft sektoru da gələcəkdə xüsusi çəkiyə malik olacaq. TAP layihəsi istismara veriləndən sonra İtaliya-Azərbaycan əlaqələri daha da möhkəmlənəcək”. 

F.İbrahimov xatırladıb ki, ölkə rəhbəri qonaqları qəbul edərkən İtaliya memarlığı barədə də danışıb və bunun ümumbəşəri dəyər olduğunu söyləyib:

“Qarabağda qədim tarixə malik abidələrimiz, dini məbədlərimiz var. Əfsuslar olsun ki, erməni vandalizmi nəticəsində tarixi önəm kəsb edən abidələrimizin çoxu dağıdılıb, yararsız hala salınıb. İtaliya tarixi tikililərin bərpası sahəsində böyük təcrübəyə malikdir.

Qədim Roma imperiyasının varisi sayılan İtaliyada saysız-hesabsız tarixi saraylar, məbədlər var və günümüzədək qorunub saxlanılır. İtaliyanın bu təcrübəsindən yararlanmaq məqsədəuyğundur. Bundan başqa İtaliyanın nüfuzlu şirkətləri Qarabağda yenidən qurulacaq fərqli biznes sahələrinə investisiya qoya bilərlər.
Qanunvericiliyimiz buna imkan verir və xarici şirkətlər üçün əlverişli şərait yaradır. Qarşılıqlı iqtisadi əlaqələrin genişlənməsi həm İtaliya, həm də Azərbaycan üçün faydalıdır”.