“YAŞAT” şəffaf bir platforma olacaq

Şəhid ailələrinə yardım etmək istəyənlər hər şeyi aydın görə biləcək

"Prezident bununla bir daha təsdiq etdi ki, dövlətin həyata keçirdiyi ardıcıl sosial siyasət daha da gücləndiriləcək"


Prezident İlham Əliyevin Fərmanı ilə Azərbaycanın ərazi bütövlüyü ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək olaraq “YAŞAT” Fondu yaradılıb. Fondun yaradılmasında məqsəd şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsidir. Həmçinin, bu istiqamətdə vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib ki, Fondun vəsaitinin formalaşdırılmasına və idarə olunmasına ümumi nəzarəti yeni təsis olunmuş Himayəçilik Şurası həyata keçirəcək.

Müvafiq vəsait Azərbaycan vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq verdiyi yardımlar, ianələr, habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılacaq.

Fondun vəsaitlərinin idarə olunması ilə bağlı elektron hesabatlılıq, habelə daxil olan və xərclənən vəsaitin məbləği və istiqamətləri ilə bağlı məlumatların rəsmi internet səhifəsində yerləşdirilməsi təmin ediləcək.

Ü.Mehdiyev vurğulayıb ki, Fond vasitəsilə həyata keçirilən tədbirlərə könüllülər də cəlb ediləcək:

“Hər kəs müharibədə yaralananlar və şəhidlər barədə məlumat ala biləcək. Bu, şəffaf bir platforma olacaq.

Şəhid ailələrinə yardım etmək istəyənlər hər şeyi aydın görə biləcək”. 

İctimaiyyət nümayəndələri YAŞAT Fondunun yaradılmasını çox yüksək qiymətləndiriblər. Onların fikrincə, Fondun təsis edilməsi dövlətin şəhid ailələrinə və əlillərə həssas münasibətinin növbəti təzahürüdür. Ümumiyyətlə, Azərbaycanda şəhid ailələri, müharibə əlilləri, veteranlar, hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməsi, onların rifah halının yüksəldilməsi dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir. 

Millət vəkili Cavid Osmanov deyib ki, Azərbaycan dövləti şəhid ailələri, müharibə əlilləri və digər bu kateqoriyadan olan şəxslərin sosial durumunun yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirir.

Prezidentin aylıq təqaüdü və digər sosial ödənişlərlə - pensiya, müavinətlə təmin edilməklə yanaşı, həmin vətəndaşların rifahının yaxşılaşdırılmasına xidmət edən bir çox sosial proqramlar da həyata keçirilir. Deputatın sözlərinə görə, şəhid ailələri və müharibə əlilləri mənzil və avtomobil təminatı, habelə birdəfəlik sığorta ödənişi ilə yanaşı, orta hesabla aylıq əsasda 700 manat sosial ödəniş alırlar:

“Bununla yanaşı, vətəndaş cəmiyyəti, biznes dairələri, ölkə vətəndaşları, xaricdə yaşayan soydaşlarımız da bu kateqoriyadan olan insanlara mümkün dəstəyi göstərmək üçün əllərindən gələni edirlər. Azərbaycan xalqı xeyirxahlıq, humanizm prinsiplərinə uyğun olaraq təmənnasız yardım ənənələrini davam etdirir. Şəhid ailələrinin, hərbi əməliyyat iştirakçılarının zəruri ehtiyaclarının təmin edilməsinə xüsusi həssaslıqla yanaşır.

Hər bir vətəndaş bu məsələyə öz töhfəsini verməyə çalışır. YAŞAT Fondunun vəsaitləri şəhid ailəsi status alana və ya əlilliyi müəyyən edilənədək götürülən istehlak kreditlərinin və digər borc öhdəliklərinin qarşılanmasına, müalicə və psixoloji dəstək xərclərinin, təhsillə bağlı xərclərin ödənilməsinə, məişət şəraitinin yaxşılaşdırılmasına və digər istiqamətlərə yönəldiləcək.

Bu Fərman Azərbaycan Prezidenti tərəfindən bəyan olunmuş “Həyata keçirdiyimiz siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır” şüarının təcrübədə yüksək səviyyədə reallaşdığının əyani sübutudur. Prezident bununla bir daha təsdiq etdi ki, dövlətin həyata keçirdiyi ardıcıl sosial siyasət daha da gücləndiriləcək. Azərbaycan dövləti hər bir vətəndaşın, imtiyazlı təbəqənin, dövlət və xalq qarşısında xidmətləri olan şəxslərin sosial məsələlərinin həllini prioritet vəzifə hesab edir”.

Millət vəkili Razi Nurullayev də YAŞAT Fondunun yaradılmasını yüksək qiymətləndirib:

“Həqiqətən çox sevinirəm və bu gün mənim üçün ən gözəl günə çevrildi. Neçə zamandır ki, mənim, xalqımızın və şəhid ailələrinin arzusu idi. Bu arzunu reallaşdırdığına görə cənab Prezidentə təşəkkürümü bildirirəm.

Çox yaralıları, şəhid ailələrini ziyarət edirəm. Görürdüm ki, yalnız dövlət dəstəyi ilə bütün problemlərin həll olunması mümkünsüzdü. Saysız-hesabsız gözə görünməyən, dövlətin nəzərə ala bilmədiyi əlavə qayğılar ortaya çıxırdı və bu da cəmiyyətdə haqlı narazılıqlar yaradırdı.

Ümid edirik, YAŞAT Fondu şəhid ailələrinin və qazilərimizin ləyaqətli və şərəfli həyatını layiqincə təmin edəcək”.