Almaniya xarici siyasətində düşünülmüş addımlar atır

Bu ölkənin Qarabağda humanitar proseslərə töhfə verməsinə imkan yaradılmalıdır

Rusiya Prezidenti Vladimir Putinlə Almaniyanın kansleri Angela Merkel arasında telefon danışığı olub. Rəhbərlər Qarabağdakı vəziyyəti də müzakirə ediblər. Hər iki dövlət başçısı ATƏT-in Minsk qrupu çərçivəsində əməkdaşlığın davam etdirilməsinə hazır olduqlarını bildiriblər. Rusiya prezidenti Merkeli hərbi əməliyyatların dayandırılması və sülhməramlıların fəaliyyəti barədə məlumatlandırıb. Rusiya və Almaniya liderləri beynəlxalq humanitar yardım təşkilatlarının bu işə cəlb olunmasının əhəmiyyətini qeyd ediblər. 

Almaniya Dağlıq Qarabağ münaqişəsində hər zaman obyektiv mövqeyini qoruyub saxlamağı bacarıb. Qonşusu ermənipərəst Fransadan fərqli olaraq bu Qərb ölkəsi Qarabağın Azərbaycanın ərazisi olduğunu və işğala məruz qaldığını dəfələrlə bəyan edib. Həmçinin, ötən illər ərzində Qarabağdakı qondarma rejim tərəfindən keçirilən “seçkiləri” tanımayıb və qanunsuz sayıb. Məhz bu məqamlara görə, 30 il ərzində Almaniyanın münaqişənin həllinə cəlb olunması, həmsədrlik missiyasını icra etməsi üçün təşəbbüslər irəli sürülüb. Lakin Ermənistan və havadarları buna qarşı çıxıb. Artıq münaqişə yoxdur. 44 günlük müharibə Azərbaycanın şanlı qələbəsi ilə başa çatıb. Hazırda 10 noyabr Bəyannaməsində yer alan məsələlər həyata keçirilir və problemin birdəfəlik çözümü üçün addımlar atılır. O baxımdan hesab edilir ki, indiki mərhələdə Almaniyanın da iştirakı rəsmi Bakının maraqlarına uyğundur. 

Politoloq Tofiq Abbasov “Şərq”ə açıqlamasında vurğulayıb ki, Almaniya ATƏT-ə sədrlik etdiyi müddətdə münaqişənin həlli üçün ciddi səy göstərib, problemin çözümünə nail olmaq məqsədi ilə təşəbbüslər irəli sürüb. Ekspertin sözlərinə görə, rəsmi Bakı da Almaniyanın prosesdə yaxından iştirakında maraqlı olub:

“Almaniyanın mövqeyi konstruktiv olub. Məhz bu məqama görə, işğalçı Ermənistan rəsmi Berlinin çağırışlarına cavab verməyib. İndi vəziyyət dəyişib. Bütün Qərb dövlətləri kimi Almaniya da çox gözəl anlayır ki, Azərbaycan regionun güclü dövlətlərindəndir. Angela Merkel Bakıya səfər edərkən demişdi ki, Azərbaycanla strateji əməkdaşlığa böyük önəm verirlər. Vurğulamışdı ki, Avropanın Şərq siyasətində Azərbaycanın özünəməxsus yeri, çəkisi var. Rəsmi Berlinin baxışları olduğu kimi qalır.

Nəzərə alaq ki, Almaniya dünyanın 7-8 ölkəsindən biri, Avropanın lider dövlətidir. Merkelin təşəbbüsləri göstərir ki, Almaniya xarici siyasətində düşünülmüş, ağıllı addımlar atır və indiki məqamda Azərbaycanla münasibətləri genişləndirmək istəyir”. 

Analitik bildirib ki, Almaniya kimi ölkələrin humanitar proseslərə töhfə verməsinə imkan yaradılmalıdır:

“Qarabağ məsələsi 70 faiz həllini tapıb, amma hələlik 30 faizlik humanitar məsələlər hələ yekunlaşmayıb. Ona görə də hesab edirəm ki, təhlükəsizlik mexanizmləri, insanların öz torpaqlarına qaytarılması, kommunikasiya xətlərinin bərpası və s. məsələlərin həllində Almaniyanın səylərindən faydalanmaq lazımdır”.