Bölgədə vəziyyət dəyişib, Ermənistan dəyişmir

Manukyan kimi köhnə başlı fiqurlar Ermənistanın vəziyyətini daha da ağırlaşdıracaq

Noyabrın 10-da Ermənistan kapitulyasiya bəyanatını imzaladığı gününün səhəri Yerevanda etiraz aksiyası keçirildi. Hökumət evinə, baş nazir Nikol Paşinyanın iqamətgahına hücum oldu. Bununla da hökumət başçısının istefası tələbilə aksiyaların başlaması sanki elan edildi. Əslində Paşinyanın istefası sadəcə müharibəni uduzduğu üçün tələb olunmur. Səbəb yalnız bu deyil. 2018-ci ilin aprelində Ermənistanda baş verən hakimiyyət dəyişikliyindən sonra istefa çağırışları səslənirdi.

Hələ 2019-cu ilin yayında məlumat yayılmışdı ki, payızda 20 siyasi partiyadan ibarət yeni siyasi blok elan ediləcək. Yeni yaranacaq siyasi bloka Ermənistanda tanınmış siyasi xadimlər, bir sıra ictimai təşkilat və cəmiyyətin daxil olacağı gözlənilirdi.

Bu məlumat yayılmazdan bir müddət əvvəl Robert Koçaryan verdiyi müsahibədə hakimiyyət məsələsinin küçələrdə, növbədənkənar seçkilərdə həll olunacağını bildirmişdi. Bu il iyunun 16-da Çiçəklənən Ermənistan Partiyasının lideri, milyonçu deputat Qaqik Sarukyan parlamentdəki çıxışında hökuməti hədələmişdi.

O, çıxışında Ermənistanın baş naziri Nikol Paşinyanın başçılıq etdiyi hakim “Mənim Addımım” Partiyasını ittiham edərək vurğulamışdı ki, hökumət başçısı inqilab zamanı verdiyi vədləri yerinə yetirməyib. Sarukyan paşinyançıların inqilabının sonunun artıq gəldiyini də bildirmişdi. Deməli, Paşinyanın istefası yalnız döyüşlərdən sonrakı vəziyyətlə bağlı deyil. Çünki məğlub olan erməni ordusu Robert Koçaryan və Serj Sarkisyandan qalma ordudur. Prezident İlham Əliyev də Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı vurğulamışdı ki, “Biz Koçaryan-Sarkisyan ordusunu məhv etdik”. 

Ermənistandakı vəziyyəti şərh edən politoloq Sədrəddin Soltan deyib ki, dekabrın 5-də Yerevanda Nikol Paşinyana istefa tələbi ilə keçirilən etiraz aksiyasında Koçaryanın, Sarkisyanın və daşnakların tərəfdarları iştirak edib. Bu isə 30 il ərzində Ermənistanın siyasi səhnəsində dəyişikliyin baş vermədiyinin göstəricisidir. Siyasi şərhçinin sözlərinə görə, Paşinyanın yerinə müxalifətin vahid namizədi sayılan Vazgen Manukyan da bu siyasi dəstənin nümayəndəsidir:

“O, Qarabağda separatçılığın əsasını qoyanlardan, Xocalı soyqırımının törədilməsini təşkil edənlərdəndir. 74 yaşlı Vazgen Manukyan 1988-ci ilin ovqatından hələ də xilas ola bilməyib. Belə çıxır, Ermənistanda yeni heç nə baş verməyib. Qarabağı yenidən işğal və regionda xarici maraqlara xidmət etmək, qonşulara qarşı düşmənçiliyi davam etdirmək, Rusiyaya münasibəti dəyişməmək və s. Bu siyasi xətt 29 ildir davam etdirilir. Nəticədə Ermənistanda vəziyyət gündən-günə ağırlaşır. Ölkə daha çox ələbaxım vəziyyətə düşür. Ermənistanda hakimiyyətdaxili və ölkədaxili siyasətə Qarabağ məsələsi hakimdir”. 

Ekspertin fikrincə, 44 günlük döyüş ermənilərə və erməniliyə işğalçılığın, qonşu dövlətə qarşı ərazi iddiasının həyata keçməsinin mümkünsüzlüyünü başa salmayıb: “Manukyanın çıxışından yenidən müharibə ritorikası sezilməkdədir. Ermənistanın mövcud hökuməti və hakimiyyətə gəlmək istəyən yeni köhnə düşüncəli siyasi qüvvəsi bölgədə şəraitin dəyişdiyini hələ də anlaya bilmir.

Ermənistanda müharibədə məğlub olan bir qüvvəni revanşistlərin əvəzləməsi ölkəyə yeni heç nə vəd etməyəcək. Onlar bəyanata qarşı çıxmır, müharibəni davam etdirmək istədiklərini də bəyan etmirlər.

Manukyanın başçılıq etdiyi hərəkat “Paşinyan, get!” deməklə fikirlərini bitmiş sayır. Ölkənin Türkiyə, Azərbaycan, İran, Gürcüstan, Rusiya və Qərb bloku ilə daha doğru siyasət yürüdə biləcək, onlar arasında tarazlıq qura biləcək yeni düşüncəli siyasi qüvvəyə ehtiyacı var.

Əks halda, Manukyan kimi köhnəbaşlı fiqurlar Ermənistanda vəziyyəti daha da ağırlaşdıra bilər. Özü də Manukyan və ətrafı qonşu dövlətlərə münasibətini tam açıqlamayıb. İqtisadi proqram bəlli deyil.

Qarabağla bağlı ritorika dəyişməz qalıb. Onları Paşinyandan fərqləndirən başlıca xüsusiyyət Moskvaya münasibətdir. Manukyan və ətrafına toplaşanlar Ermənistanın düşdüyü vəziyyətdən çıxışı Rusiya ilə əlaqələrdə görürlər.

Başqa sözlə, hesab edirlər ki, Rusiya onların dövlətini ağır böhrandan xilas edəcək. Ancaq 2018-ci il dəyişikliyindən əvvəl Ermənistanda hakimiyyətdə olmuş siyasi qüvvələrin Rusiya ilə heç bir problemi olmamışdı.

Bununla belə, indiki ağır, böhranlı vəziyyətin bünövrəsi o illərdən başlayır. Rusiya Ermənistana bundan sonra əvvəlki kimi yardım etmək niyyətində olana oxşamır.

Çünki son üç ildə Ermənistan ictimaiyyətinin nümayiş etdirdiyi anti-Rusiya münasibəti qarşılığında Kremlin də yanaşmasının dəyişəcəyi istisna edilmir. Odur ki, Moskva bundan sonra Yerevanda hakimiyyətə gələcək yeni qüvvəyə çətin ki əvvəlki kimi etibar etsin, etimad göstərsin”.