Yeni dalğa sürətlə yayılır


Yüngül yoluxanlar evdə müalicə alsa daha yaxşıdır

Evdə özünü təcrid, digər qoruyucu tədbirlərlə bağlı təcili yardıma zəng etmək yolverilməzdir

Koronavirusa yoluxma sayında artım davam edir. Son sutkada ölkə üzrə koronavirusa yoluxanların sayı 3000-dən yüksək olub. Ölüm hallarında da təəssüf ki, müsbət azalma hələ müşahidə edilmir. Yoluxma sayının azalması, karantin qaydalarına dəyişiklik edilməsi ilə bağlı müxtəlif təkliflər səslənir. Mütəxəssislər yoluxmanın azaldılmasında ən əsas faktorların 3 amil olduğunu yenə də israrla bildirir, tibbi maska, sosial məsafə və gigiyena qaydalarına riayət etməkdən savayı çarə olmadığını deyirlər. Bu qaydalara isə əməl etməyənlər məsuliyyətsiz davranışları sayəsində yoluxanların sayını artırır.

Nəticədə nə koronavirusa yoluxanların, nə də dünyasını dəyişənlərin sayı azalmır. Eyni zamanda həm səhiyyə sisteminə, həm də ümumilikdə ölkə iqtisadiyyatına da ciddi zərbə vurulmuş olur. Bu gün xəstəxanalar koronavuris xəstələrini qəbul etməkdə böyük çətinliklə üz-üzədir. Yoluxanlara evdə müalicə almaq tövsiyə edilir. Amma burada da problemli məqamlar var. Millət vəkili Fazil Mustafa mövcud vəziyyətə dair şəxsi feysbuk hesabında status paylaşıb. 

“Təcili çıxış yolu tapılmalıdır”
 
Millət vəkili statusunda yazır ki, koronavirusla mübarizə xeyli çətinləşib və belə vəziyyətdə dövlətlə vətəndaş bir-birinə dəstək verməlidir: 
“Xəstəxanalarda yer tapmaq mümkün deyil. Xəstəliyə yoluxmuş insanların çoxu dədə-baba qaydasında evində necə gəldi müailcə olunurlar. Qoruyucu vasitələrdən istifadə etməməyə görə cərimələrin tətbiqi də prosesi ləngitməyə təsir göstərmir. Əsas problem test üçün təyin olunan qiymətlərin çox baha olması ilə bağlıdır. Əksər insanlar 100-150 manat vəsaitləri olmadığına görə sadəcə müşahidə olunan əlamətlərə görə özləri xəstəliyin başladığını təyin edib yaxınlarının və ya tanışlarının tətbiq etdiyi üsullardan istifadə edirlər. Qeyri-peşəkar müalicənin nəticələri də bir çox hallarda ürəkaçan olmur. Təsəvvür edin ki, test qiymətlərinin bahalığına görə vətəndaş yoxlamadan keçməkdən imtina edir. Bəzən isə bir gün öncə bir klinikada neqativ çıxan test sabah başqa klinikada  pozitiv çıxırsa, bu da əlavə maddi və psixoloji problemlər yaradır. Test pozitiv çıxdığında adamlar dərhal qaçırlar kompüter tamoqrafiyası vasitəsi ilə ciyərlərini yoxlatmağa. Burada da 90-110 manat, əgər evə çağırırsansa 180 manata qədər vəsait ödəməli olurlar. Klinikalarda növbə hədsiz çox olduğundan bu yoxlama da bir neçə gün gecikə bilər. Ardınca dərmanların qiyməti də kəlləçarxa çıxdığından insanlar müalicə almaqda xeyli çətinlik çəkirlər. Bütün bu sıxıntılar dünyanın hər bir ölkəsində olduğuna görə ayrıca olaraq səhlənkarlığa görə nə müvafiq qurumları, nə də qoruyucu vasitələrdən istifadə etməyən vətəndaşları qınamaq fikrində deyiləm. Sadəcə çıxış yolu təcili tapılmalıdır. Test qiymətləri 50 manatı keçməməlidir. Hətta imkan varsa gəlir səviyyəsi aşağı olan vətəndaşlar üçün 30 manata qədər endirilməlidir. Eyni zamanda kompüter tamoqrafiyası üçün də ödənişlər 50 manatı keçməməlidir.  Apteklərdə də COVİD-19 üçün istifadə olunan dərmanların da maksimum qiymət standartları nəzarətə götürülməli, möhtəkirliyə qarşı ciddi tədbirlər görülməlidir. COVİD-19 səbəbinə tətbiq olunan məhdudiyyət tədbirləri onsuz da insanların iqtisadi vəziyyətinə ciddi təsir göstərib, gəlir səviyyəsi aşağı düşüb. Bu elə bir xəstəlikdir ki, onun fəsadlarına qarşı dövlət və vətəndaşlar bir-birinə dəstək verərək effektli mübarizə apara bilərlər. Həkimlərimizin və tibb bacılarımızın da durumu hədsiz dərəcədə ağırdır, onların arasında da itkilərimiz böyükdür. Onların da işini asanlaşdırmaq üçün evlərdə müalicə alanlar üçün formal deyil, işləyən qaynar xətt şəbəkəsi qurulmalıdır ki, insanlarımız zəng edib peşəkar tibbi məsləhət və tövsiyələr ala bilsinlər. Hər evə həkim gedə bilmirsə, xəstələrə vaxtında yetişməyə təcili yardımın imkanları xeyli çətinləşibsa, heç olmasa, insanların öz-özlərini xilas etməsi üçün ilkin addımları doğru atmasına yardım etmək vacibdir. Allah bütün xəstələrimizə şəfa versin, dünyasını dəyişənlərə rəhmət etsin, həkimlərimizi və tibb bacılarımızı qorusun, onlara güc versin ki, bu bəladan minimum itkilərlə çıxa bilək”. 
    
“Təcili yardıma yersiz zənglər yolverilməzdir” 

Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bildirib ki, evdə özünü təcrid, digər qoruyucu tədbirlərlə bağlı təcili yardıma zəng etmək yolverilməzdir. 

Onun sözlərinə görə, evdə özünü təcrid, digər qoruyucu tədbirlər, xəstəlik haqqında müxtəlif suallar məhz poliklinika həkimləri və tibb işçiləri ilə müzakirə oluna bilər. Bu məqsədlər üçün təcili yardıma zəng etmək yolverilməzdir və həmin xidmətin və onun əlaqə vasitələrinin izafi yüklənməsinə səbəb olur. Təcili yardıma yalnız davam edən yüksək qızdırma, xəstənin vəziyyəti qəfil pisləşən zaman, boğulma halları və s. zamanı müraciət edilməlidir:
"Bəzi hallarda evdə müalicə alan koronavirus xəstələrində vəziyyətin pisləşməsi zamanı poliklinika tərəfindən də təcili yardım çağırıla bilər. Nəzərə almaq lazımdır ki, təcili yardımın hər bir əsassız çağırışı hansısa bir ağır xəstəyə göstəriləcək zəruri tibbi yardımın geçikməsinə səbəb olur".

Dərman vasitələrinin xəstələrə çatdırılması təmin edilməlidir

“Təəssüf ki, payız-qış mövsümünun gəlməsi və havaların soyuması ilə əlaqədar olaraq bütün dünyada, o cümlədən də, ölkəmizdə koronavirusun yeni dalğası sürətlə yayılmaqdadır”. Bu sözləri isə Trend-ə açıqlamasında millət vəkili Musa Quliyev deyib. Millət vəkili bildirib ki, Azərbaycanda koronavirusla mübarizə dövlətin daxili siyasətinin ən prioritet istiqamətidir və pandemiya ilə mübarizədə dövlət tərəfindən bütün lazımi tədbirlər həyata keçirilir:  
“Müşahidəmiz göstərir ki, bu günlərdə əsas ağırlıq təcili yardım xidmətinin və koronavirusla mübarizə üçün ayrılmış klinikaların üzərinə düşür. Son günlər isə bu sahədə vəziyyət idarə olunmaz səviyyəyə yaxınlaşmaqdadır.
Bütün gücləri birləşdirməyin, həyəcan təbilini daha bərkdən çalmağın vaxtıdır.
Belə bir vəziyyətdə hesab edirəm ki, səhiyyə xidməti bir mərkəzdən idarə olunmalı, yaxud Səhiyyə Nazirliyi, Tibbi Sığorta Agentliyi və TƏBİB-in fəaliyyəti Nazirlər Kabineti səviyyəsində dəqiq koordinasiya olunmalıdır.
Stasionar müalicəyə ehtiyacı olanlar və evdə müalicəyə cəlb olunanlar ciddi çeşidlənməlidir. Bu gün artıq xəstəxanalarda yer yoxdur, elə xəstələr var ki, onların həyatı zamanında göstəriləcək tibbi yardımdan asılıdır.
Evdə müalicə üçün nəzərdə tutulan dərmanların çeşidi artırılmalı, antiviral dərmanlar bu siyahıya əlavə olunmalıdır. Bu məqsədlə Koronavirusla Mübarizəyə Dəstək Fondundan lazımi vəsait ayırmaq olar. Dərman dəstlərinin xəstələrə çatdırılması üçün hər rayonda könüllülərdən ibarət qruplar yaradıla bilər.
Antiviral dərmanların ölkəyə gətirilməsi stimullaşdırılmalı, hər bir topdansatış dərman şirkətinin imkan və əlaqələrindən istifadə olunmalı və apteklərdə satışına icazə verilməlidir. Bu bir tərəfdən dərman möhtəkirliyinin qarşısını alar, dərmanların qiyməti aşağı düşər, digər tərəfdən imkanı olanlar evdə müalicəsi üçün dərmanlarını özü alar, dövlət isə imkansız şəxslərin evdə müalicəsinə diqqəti artırmaq imkanı qazanar”.

Türkiyə “evdə qal”ır, Almaniya sərt tədbirlərə əl atır…

Dünyada koronavirusla bağlı vəziyyət kritik həddədir. ÜST-nin məlumatına görə, dünyada COVID-19-a yoluxanların sayı 66 milyon nəfərə yaxınlaşıb. 
Pandemiyaya qalib gəldiyi düşünülən Gürcüstan yoluxmanın ikinci – daha dəhşətli dalğasını yaşayır. Bu ölkədə son sutkada 4 min 673 nəfər COVID-19 virusuna yoluxub. Xəstələrin 3 min 893-ü sağalıb, 36 pasiyent isə həyatını itirib. 
Bəs, dünya dövlətləri bu bəladan qurtulmaq üçün hansı planlar üzərində işləyir?
Koreya Respublikası gələn il 44 milyon insan üçün koronavirusa qarşı peyvənd tədarükü üzrə müqavilə imzalayıb. Hökumət 34 milyon insanın vaksinasiyasına dair bir neçə kompaniya ilə razılığa gəlib. Həmçinin 10 milyon insan üçün peyvənd dozaları Ümumdünya Səhiyyə Təşkilatının qlobal vaksinasiya layihəsi çərçivəsində əldə ediləcək.

Türkiyədə yeni növ koronavirus infeksiyasının sürətlə yayılması səbəbindən gündəlik ölüm sayı artmaqda davam edir. Bu səbəbdən də ölkə üzrə məhdud saatlı “evdə qalmaq” rejimi tətbiq olunur.

Vyetnam dekabrın 10-dan etibarən koronavirus əleyhinə öz peyvəndinin könüllülər üzərində sınaqlarının ilk fazasına başlayacaq.
AzərTAC Vyetnam hökumətinin internet-portalına istinadla xəbər verir ki, hazırda ölkədə fəaliyyət göstərən üç vaksin istehsalçısı intensiv şəkildə koronavirus əleyhinə preparatın hazırlanması ilə məşğuldur.

Onların hamısı bu yaxınlarda heyvanlar üzərində sınaq mərhələsini başa çatdırıb. “Nanogen” əczaçılıq kompaniyasının preparatı isə insanlar üzərində sınağa hazır vəziyyətə gətirilib. “Nanogen” kompaniyası dekabrın 10-da Vyetnam Hərbi Tibb Universiteti ilə birgə könüllülər üzərində sınaqların ilk mərhələsinə başlayacaq.

Estoniyada xəstəxanalarda COVID-19 xəstələrinə ayrılan çarpayıların sayı artırılacaq, digər xəstəliklərlə bağlı planlaşdırılmış müayinə, müalicə və əməliyyatların təxirə salınacağı istisna edilmir.

Bildirilir ki, xəstəxanaların dekabrın 10-dan etibarən koronavirus xəstələrini qəbul etmək üzrə hazırlıq səviyyəsinin yüksəlməsi ilə əlaqədar olaraq əlavə personala ehtiyac duyulacaq. Bu isə digər şöbələrdən alınmaqla təmin ediləcək və bununla da planlaşdırılmış əməliyyatların həyata keçirilməməsi təhlükəsi yaşanacaq.

Böyük Britaniyada 50 xəstəxanada koronavirusa qarşı peyvəndin vurulmasına başlanılır. Səhiyyə Nazirliyi bu həftə başlayacaq COVID-19 peyvəndinin istifadəsini ölkə tarixinin ən əhatəli peyvənd tətbiqi olaraq tarixə düşəcəyini qeyd edib. Peyvənd, ilk növbədə, səhiyyə işçiləri, 80 yaşdan yuxarı olanlar və qocalar evi işçilərinə tətbiq olunacaq. 

Almaniya hökuməti isə Milad bayramından sonra sərt karantin rejimi tətbiq edəcək. Bu barədə “Bild” qəzeti məlumat yayıb. Məlumata görə, ölkədə yalnız supermarketlər fəaliyyət göstərəcək. Almaniya kansleri Angela Merkel hökumətin sərt karantin rejimi tətbiq etməyə məcbur olduğunu bildirib: “Əlavə tədbirlər olmadan bu qışa dayana bilmərik”.

Onun sözlərinə görə, Milad bayramına qədər koronavirusa qarşı yeni plan işlənib hazırlanmalıdır.
Qeyd edək ki, Azərbaycan da karantin qaydalarının daha da sərtləşdirilmısinə qərar verib. Operativ Qərargahın brifinqində elan edilib ki, bütün ölkə üzrə dekabrın 14-dən etibarən  sərtləşdirilmiş qaydalar yenidən qüvvəyə minəcək.