Manukyanın Türkiyəyə qarşı koalisiya avantürası – “Xal qazanmaq istəyir”

“Eyni zamanda bu bəyanat Paşinyanın siyasi imicinə zərbə vurmağa hesablanıb”

“Səslənən fikirlər söz səviyyəsindən o tərəfə keçə bilməz. Bunun üçün real güc yoxdur” 



Qarabağ məğlubiyyətindən sonra Ermənistanda Paşinyanın istefasını tələb edən müxalifət lideri Vazgen Manukyan ilk açıqlamasında Türkiyəyə qarşı mübarizə aparmalı olduqlarını deyib. O, Türkiyəyə əleyhinə çalışmalı olduqları barədə danışıb: “Türkiyəyə qarşı bir cəbhə quracağıq və buna qarşı ciddi mübarizə aparacağıq”.

Həqiqətənmi, Ermənistan bunu bacarar? Axı artıq onun özünün bir dövlət kimi mövcudluğu sual altındadır. Elə isə yeni hökumət  Türkiyə əleyhinə koalisiyanı necə yaradacaq? Hansı güclə, hansı cəsarətlə?

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bu barədə “Sherg.az”a açıqlamasında məsələnin mahiyyətini izah edib:

 “Türkiyə əleyhinə Aralıq dənizindəki ölkələrdən, o cümlədən Yunanıstan, Misir, BƏƏ-dən ibarət bir koalisiya onsuz da var. Ermənistanın müxalifət liderinin açıqlamasında bu koalisiya ilə bağlı hansısa keyfiyyət dəyişikliyindən söhbət getmir. Sadəcə orada türkofobiya var. Ermənistan yeganə ölkədir ki, konstitusiyasında Azərbaycana və Türkiyəyə ərazi iddiaları barədə maddüəlar yer alıb. Yəni bəyanat daha çox onların xislətlərinin təzahürüdür”.
 
Ə.Əlibəylinin fikrincə, belə bir açıqlamanın reallaşması mümkün deyil: 

“Ermənistanın xarici siyasətinin müstəqil olmadığı, onu Rusiyanın “layihələndirdiyi” aydındır. İkinci bir tərəfdən bəyanat Manukyana “xal qazandırmağa”, Paşinyanın siyasi imicinə isə zərbə vurmağa hesablanıb. Bu, yeni mərhələnin başlanacağı demək deyil. Sadəcə hesablaşma cəhdləridir. Səslənən fikirlər söz səviyyəsindən o tərəfə keçə bilməz. Bunun üçün real güc yoxdur”.