“İtaliya dar gündə bizə əsl dost münasibəti göstərdi” 

“İtaliya Vətən müharibəsi dövründə Qərb dövlətləri arasında ərazi bütövlüyümüzü tanıdığını bəyan edən ilk ölkələrdən biri oldu”

“Bu, qarşılıqlı dialoqlarımıza, inkişaf perspektivlərinə yeni töhfə olacaq”

“Azad olunmuş torpaqlarımızda quruculuq işlərində İtaliya şirkətlərinin iştirak etməsi də tam mümkündür” 


Azərbaycan Prezidenti İlham Əliyev bu gün İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi, Azərbaycan Respublikası və İtaliya Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Manlio Di Stefanonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd edək ki, bu, iki ölkə arasında əlaqələrin növbəti təzahürüdür.

 Parlamentari Cavid Osmanov Azərbaycan- İtaliya əlaqələri haqqında daha ətraflı “Sherg.az”a danışıb:

 “Bizim diplomatik əlaqələrimiz yüksək səviyyədədir. İqtisadi müqavilələr, o cümlədən imzalanan tərəfdaşlıq sənədləri bu istiqamətdə mühüm rol oynayır.

Bir müddət əvvəl İtaliya parlamentinin üzvləri ölkəmizdə gəldilər, Gəncə və Ağdamda oldular. Dövlət başçısı onları qəbul etdi. Həmçinin İtaliya Vətən müharibəsi dövründə Qərb dövlətləri arasında Azərbaycana dəstək verən, ərazi bütövlüyümüzü tanıdığını bəyan edən ilk ölkələrdən biri oldu.

Dost dar gündə tanınar. İtaliya bizə əsl dost münasibəti göstərdi. Bu, qarşılıqlı dialoqlarımıza, inkişaf perspektivlərinə yeni töhfə olacaq.

Azad olunmuş torpaqlarımızda quruculuq işlərində İtaliya şirkətlərinin iştirak etməsi də tam mümkündür”.