Qarabağda görüləcək işlər çoxdur ! - “İndi o səhvləri təkrarlamaq olmaz” 

“Məsələyə dair köklü fikrim budur ki, Azərbaycan ordusu Qarabağda digər qurumlardan öndə olacaq”

“Hərbi mundiri asanlıqla mülki geyimə çevirə bilən ermənilər daxillərindəki separatizm meyillərindən əl çəkməyəcəklər”

“Elə davranış forması seçilməlidir ki, hərbi-texniki şərait Azərbaycanın xeyrinə olsun”





Noyabrın 10-da imzalanan üçtərəfli bəyanatla İkinci Qarabağ müharibəsinə son qoyuldu. Azərbaycan tarixi qələbə qazandı, Ermənistan isə kapitulyasiyaya məcbur edildi. Başına dəmir yumruq dəyə-dəyə...Amma, əlbəttə, həll olunası hələ çox məqamlar var. Xüsusilə də məlum bəyanata dair hərbi-texniki planın hazırlanması müzakirə olunur. 

 Bu barədə “Sherg.az”a danışan millət vəkili Zahid Orucun fikrincə, görüləcək işlərimiz çoxdur: 

“Erməni hərbi birləşmələrinin Qarabağdan çıxarılması, sülhməramlıların fəaliyyəti, hansı coğrafiyada yerləşməsi, yarana biləcək fors-major hadisələrin həlli, Azərbaycan hərbçilərinin orada yerləşməsi və sair kimi məqamlar çox mühümdür.

Bunların hamısı bəyanatda əks oluna bilməzdi. Məsələyə dair köklü fikrim budur ki, Azərbaycan ordusu Qarabağda digər qurumlardan öndə olacaq.

Ən azı bir neçə il. Ona görə yox ki, PKK terrorçularına qarşı apardığımız mübarizənin ssenarisi təkrarlana bilər. Məsələ ondan ibarətdir ki, hərbi mundiri asanlıqla mülki geyimə çevirə bilən ermənilər daxillərindəki separatizm meyillərindən əl çəkməyəcəklər.

Belə bir halda yalnız hüquq- mühafizə orqanları vasitəsilə müqavimət göstərmək çətin olar.

Biz 1990-cı illərdə humanist, bir çox hallarda isə qeyri-adekvat danrandıq. İndi həmin səhvləri təkrarlamaq olmaz. Elə davranış forması seçilməlidir ki, hərbi-texniki şərait Azərbaycanın xeyrinə olsun. Bu, regionun və Qarabağın gələcəyi naminə çox mühümdür”.