“8 Noyabr” - Zəfər günü əbədiləşdirilir !

“Qələbə qazandığımız hər günün əbədiləşdirilməsi üçün dövlət tərəfindən görülən tədbrilər təqdirəlayiqdir”

“Bakı Metropoliteninin yeni stansiyasının “ 8 Noyabr” adlandırılması o günün bizim üçün nə qədər önəmli olduğunun göstəricisidir”


Tariximizin parlaq səhifələrindən biri 2020-ci ildə  yazıldı. Vətən müharibəsində qazandığımız qələbə, torpaqlarımızın işğaldan azad edilməsi həmin səhifələrin yazılmasına yol açdı. Bir ay yarımlıq müharibə müddətində kifayət qədər tarixi gün var. Onlardan biri də  Şuşanın əsarətdən qurtulduğu  “8 Noyabr”  qələbə günüdür.

Bu tarixin əbəbdiləşdirilməsi, daim yaddaşlarda qalması üçün dövlət tərəfindən bir sıra  addımlar atılıb.
Prezident İlham Əliyev  Bakı Metropoliteninin yeni stansiyasına Zəfər günü münasibətilə “8 Noyabr” adı verilməsi təşəbbüsü ilə çıxış edib.

Nazirlər Kabinetinin  bununla bağlı qərarında deyilib ki, Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təşəbbüsünə əsasən Bakı Metropoliteninin Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 1065 məhəllə ünvanında yerləşən yeni stansiyası “8 Noyabr” adlandırılsın.

Məlum məsələ haqqında “Sherg.az”a danışan millət vəkili Jalə Əliyeva söyləyib ki, Şuşanın qurtuluş tarixinin qələbə günü kimi Azərbaycan təqviminə yazılması olduqca əhəmiyyətlidir:

“Çünki Şuşa göz bəbəyimiz, mənəvi mərkəzimizdir. Onun işğaldan azad edildiyi gündə qələbəmizin qeyd edilməsi tarixi ədalətin zəfər çalması kimi qiymətləndirilməlidir. 

Ümumiyyətlə torpaqlarımızı azad etdiyimiz, zəfər qazandığımız hər günün əbədiləşdirilməsi üçün dövlət tərəfindən görülən tədbrilər təqdirəlayiqdir.

Bakı Metropoliteninin yeni stansiyasının “8 Noyabr” adlandırılması o günün bizim üçün nə qədər önəmli olduğunun göstəricisidir. Fikrimcə, bu günün adı əbədiləşdirilərək Azərbaycanın əhəmiyyətli məkanlarına  veriləcəkdir.

Ümumiyyətlə zəfər kompleksi abidəsi şəklində ölkəmizin ən görkəmli yerlərindən birində ölümsüzləşdiriləcəyini düşünürəm”.