“Dünya qardaşlığımızı növbəti dəfə görəcək”

“Bizim əbədiyyətə vektorlanmış siyasətimiz hər kəsə bəyan olacaq”

“Bu, təkcə dövlət başçılarının yox, eyni zamanda iki ordunun birliyinin göstəricisi kimi müstəsna hadisədir”


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəmizdə səfərdədir. Məlumatlara görə, qardaş ölkə rəhbəri sabahkı Qələbə paradında iştirak edəcək. Beləliklə, iki qardaş dövlətin başçıları böyük qurbanlar tələb edən qələbənin təntənəsini birlikdə izləyəcək və dostluğumuzu, sarsılmaz birliyimizi dünyaya növbəti dəfə nümayiş etdirəcəklər.




Millət vəkili Tahir Kərimli “Sherg.az”a açıqlamasında səfərin əhəmiyyətini yüksək qiymətləndirib: 

“Əlbəttə, bu, hər şeydən əvvəl simvolik əhəmiyyətlidir. Çünki dünya, o cümlədən də Rusiya həmrəyliyimizi növbəti dəfə görəcək. Bizim əbədiyyətə vektorlanmış siyasətimiz hər kəsə bəyan olacaq.

Bu, təkcə dövlət başçılarının yox, eyni zamanda iki ordunun birliyinin göstəricisi kimi müstəsna hadisədir. Şübhəsiz, bundan sonra Türkiyənin Qarabağla bağlı proseslərdə daha yaxından iştirakı təmin ediləcək.

Prezidentlər arasında mühüm müzakirələr olacağı da sözsüzdür.

Beləliklə, əlaqələrimiz bir az da möhkəmlənəcək. Bunu hər iki xalq yaxşı bilir. Türkiyə dəfələrlərlə Azərbaycanda xilaskarlıq missiyası ilə çıxış edib. Biz tarixi faktları unuda bilmərik. Qələbə paradında cənab Ərdoğanın iştirakı hər iki dövlət liderinə eyni ehtiramın, hörmətin təzahürüdür.

Beləliklə, gələcək üçün böyük perspektivlər vəd edən görüş, bəlkə də, “iki dövlət, bir millət” prinsipindən “bir dövlət, bir millət” prinsipinə keçid olacaq”.