Niderlandın qərəzi absurddur ! “Ədalətli mövqeyimizə kölgə sala bilməz”

“2019-cu ildən bu günə qədər NATO üzvü olmasına baxmayaraq Niderland parlamenti Türkiyə və Azərbaycana qarşı ədalətsiz mövqe tutmağa başlayıb”.
Bunu “Sherg.az”a açıqlamasında tanınmış jurnalist, siyasi şərhçi Razi Abasbəyli deyib. 

Ekspert bildirib ki, Türkiyənin Suriyada  PKK-PYD terrorçularına qarşı əməliyyatlarının əleyhinə çıxan ilk Avropa ölkəsi Niderland oldu: 

“Niderland eyni hərbi siyasi blokda təmsil olunmasına baxmayaraq, öz beynəlxalq öhdəliklərinə əhəmiyyət verməyərək, Türkiyəyə qarşı ard-arda bəyanatlar verməyə başladı. Bunun ardınca Niderland Parlamentindəki 179 deputatdan 160-a yaxını irqçi, anti-islam mövqeyi nümayiş etdirməyə başladı. Qatı irqçilər Türkiyəyə qarşı ədalətsiz qərarlara həvəslə imza atdılar. Daha sonra Niderland NATO üzvü olsa da Türkiyə ilə hərbi ticarət və əməkdaşlığı dayandırdığını elan etdi”.



R.Abasbəyli bu ilin noyabr ayında belə bir qərarın verilməsinin təsadüfi olmadığını qeyd edib: 

“Azərbaycanla Türkiyənin yaxın hərbi və siyasi əməkdaşlığı Niderland millətçilərini ciddi narahat edirdi. Xüsusilə 44 günlük Vətən savaşında Türkiyə istehsalı olan hərbi texnikaların müasir döyüşdə nə qədər böyük üstünlüyə sahib olduğu ortaya çıxdı.

Dünyanın bir sıra dövlətləri Türkiyə hərbi sənayesinə maraq göstərməyə başladı. Nəticə etibarilə də Niderland millətçiləri Türkiyənin və Azərbaycanın hərbi uğurlarından dolayı dünyada siyasi olaraq söz sahibinə çevrilməsinə qısqanclıqla yanaşdılar.

Bu baxımdan da Niderland Parlamentinin verdiyi qərarlar Türkiyə və Azərbaycanın uğurlarını qısqanmaqdır və yeni dünya düzənində bu ölkənin heç bir münasibəti bizim ədalətli mövqeyimizə kölgə sala bilməz”.