Həmsədrlər yenidən "dirçəlir"

"Kreml heç bir vəchlə ABŞ və Fransanın ciddi mənada prosesə müdaxiləsini istəmir"

30 ilə yaxın mandat sahibi olan ATƏT-in Minsk qrupu Qarabağ münaqişəsinin həlli üçün heç bir ciddi iş görmədi. Dəfələrlə ən yüksək səviyyədə bu qurumun fəaliyyəti tənqid edildi. Münaqişə Azərbaycan tərəfindən hərbi yolla həll olundu və 28 illik işğala son qoyuldu. Bugünkü reallıqda haqlı olaraq hesab olunur ki, Minsk qrupunun fəaliyyətinə ehtiyac duyulmur. Proses artıq stabilləşmə dövrünə qədəm qoyub. Sülhyaratma prosesini iki dövlət - Azərbaycan və Ermənistan Rusiya və Türkiyənin iştirakı ilə özləri də həll edə bilər.

Amma həmsədrlərin yenidən dövriyyəyə salınması ilə bağlı müəyyən cəhdlər edilir. Bir müddət əvvəl Rusiyanın Xarici işlər naziri Sergey Lavrov həmsədrlərlə görüşərək üçtərəfli birgə bəyanatdan sonra bölgədəki vəziyyətin həlli üçün vasitəçilik səylərinin əlaqələndirilməsi məsələlərini müzakirə edib.

Ötən gün yayılan məlumata görə isə ATƏT-in Minsk qrupunun həmsədri Endryu Şofer Dağlıq Qarabağa dair məsləhətləşmələr üçün Bakı və Yerevana səfər edəcək. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Filip Rikerin sözlərinə görə, Vaşinqton Azərbaycan və Ermənistanı ATƏT-in Minsk qrupunun həmsədrliyi formatında Qarabağ münaqişəsinin həllinə çağırmaqda davam edir. Bununla yanaşı, Riker Şoferin səfər müddətini dəqiqləşdirməyib. Eyni zamanda qeyd edilib ki, A.Şofer Gürcüstanla bağlı danışıqlar üçün Cenevrəyə də gedəcək. 

Hər fürsətdə Azərbaycana açıq qərəzini nümayiş etdirən həmsədr Fransa da sonrakı proseslərdə iştirakının təmin edilməsi üçün canfəşanlıq edir. Fransanın Azərbaycandakı səfiri Zakari Qross bəyan edib ki, Fransa beynəlxalq hüququ, BMT Təhlükəsizlik Şurasını və ATƏT-in Minsk qrupunun razılaşdığı prinsipləri, eləcə də Azərbaycanın və region ölkələrin ərazi bütövlüyünü, millətlərin öz müqəddəratını təyinetmə və bərabər hüquqlarını dəstəkləməyə davam edəcək:

“Hər iki ölkədən olan qaçqınlar və köçkünlərin regiona qayıdışı ilə çoxlu suallar yaranacaq. Birgə yaşamanın yeni formaları tapılmalıdır. 2020-ci ildə Azərbaycan və Ermənistan arasında iki dəfə - iyulda və payızda hərbi qarşıdurma baş verib. Azərbaycan Dağlıq Qarabağa bitişik yeddi rayon və Şuşa şəhərini qaytarıb. Hər iki tərəfdən çox sayda insan həlak olub. Hazırda Qarabağda Rusiya qoşunları yerləşdirilib. Hər iki ölkədən olan qaçqınlar və köçkünlərin regiona qayıdışı ilə çoxlu suallar yaranacaq. Birgə yaşamanın yeni formaları tapılmalıdır. Çağırışlar və perspektivlər olacaq. Fransa beynəlxalq hüququ, BMT Təhlükəsizlik Şurasını və ATƏT-in Minsk qrupunun razılaşdığı prinsipləri, eləcə də Azərbaycanın və region ölkələrin ərazi bütövlüyünü, millətlərin öz müqəddəratını təyinetmə və bərabər hüquqlarını dəstəkləməyə davam edəcək. Sülhə hazırlaşmağın, nifrətə son qoymağın və regionda etimadı, tərəqqini və sabitliyi möhkəmləndirməyin vaxtıdır”. 

Rusiyanın da Minsk qrupunu yenidən masaya qaytarmaq təşəbbüsləri ortaya çıxır. Məsələn, Rusiyanın Xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ara Avyazyanla görüşü zamanı bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri son illər ərzində çox böyük iş görüblər. Ümumilikdə münaqişənin baza prinsiplərini hazırlayıb tərəflərlə razılaşdırıblar. Lavrov baza prinsipi deyərkən Azərbaycana 5, daha sonra iki rayonun verilməsini, sülhməramlı qüvvələrin yerləşdirilməsini, Qarabağla Ermənistan arasında Laçın dəhlizinin yaradılmasını, nəqliyyat və kommunikasiya əlaqələrinin açılmasını nəzərdə tutduğunu deyib:

“Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr tarixli birgə üçtərəfli bəyanatının əsasında da bu baza prinsipləri dayanır. Bunlar üçtərəfli bəyanatda əksini tapıb və onun maksimal dərəcədə effektli şəkildə həyata keçirilməsinə başlanılıb”. Lavrovun sözlərinə görə, bu proses həmsədrlərin münaqişə tərəfləri ilə razılaşdığı qaydada gedir: “Hesab edirik ki, indi üçtərəfli bəyanata hərtərəfli dəstəyi təmin etmək başlıca məsələdir. Ötən həftə ATƏT XİN başçılarının virtual iclasında üç həmsədr ölkənin XİN başçıları 10 noyabr tarixli üçtərəfli bəyanatı alqışladılar və bu bəyanatın reallaşdırılmasını dəstəklədiklərini bildirdilər. Fikrimcə, bu prosesə beynəlxalq təşkilatların cəlb olunmasında həmsədrlər öz nüfuzlarından istifadə edə bilərlər”. Rusiya XİN başçısı BMT sistemində olan təşkilatların Qarabağda gözlənilən fəaliyyətindən danışıb: “Onlar Azərbaycan və Ermənistanda fəaliyyət göstəriblər. Lakin Qarabağda olmayıblar. Ona görə də indi BMT baş katibi qiymətləndirici missiyanı hazırlayır. Təəssüflər olsun ki, bu bir az vaxt alacaq, bürokratiya məsələləri var. Qiymətləndirici missiya hazırlanır. Həmin missiyanı haradasa dekabrın ortalarında regiona göndərməyi ümid edirlər”.



Missiyasını uğursuzluqla başa vurmuş Minsk qrupu ilə bağlı gündəmə gətirilən təklifləri “Şərq”ə dəyərləndirən Milli Strateji Tətqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri deyib ki, həmsədrləri proseslərə yenidən cəlb etmək təşəbbüslərinin arxasında bir sıra məqsədlər dayanır. Ekspert vurğulayıb ki, ABŞ regionda baş verən hadisələri özü üçün müəyyən mənada həqarət hesab edir. Çünki vəziyyətin bu cür şəkil alması Amerikanın Cənubi Qafqaz siyasətinə ziddir:

“Belə bir vəziyyət Rusiyanın Cənubi Qafqazda, xüsusən bölgənin ən strateji ölkəsi sayılan Azərbaycanda varlığı anlamına gəlir. Bu da Vaşinqtonun geosiyasi maraqlarına daban-dabana ziddir. Amerika istəmir ki, Rusiya regionda təkbaşına gücə çevrilsin. Ələlxüsus Qarabağa “rus sülhməramlısı” adı qoşunların gəlməsi Ağ Ev üçün narahatedici məqamdır. Bildiyiniz kimi Mardid prinsiplərində nəzərdə tutulmuş razılaşmaya görə, Qarabağda hansısa ölkənin sülhməramlı qüvvələri 30 faizdən yuxarı olmamalıdır. ABŞ bu məsələni əsas gətirərək prosesə müdaxilə etmək istəyir. Ən azından Rusiya hərbi qüvvələrinin regionda dominant olmasının qarşısını almağa çalışır. Gələcək perspektivdə, yəni prezident Co Baydenin dönəmində ola bilsin ki, bu məsələ qaldırılacaq”. 

Analitik bildirib ki, məsələnin digər tərəfi isə odur ki, ABŞ birmənalı olaraq prosesin Azərbaycanın xeyrinə başa çatmasında o qədər maraqlı deyil:

“Ermənistanın baş naziri Nikol Paşinyan Soros Fondunun və digər maliyyə qaynaqlarının dəstəyi ilə hakimiyyətə gəlib. Əslində qismən də olsa Paşinyan ABŞ-ın maraqlarını regionda ifadə edirdi. Prezident Bayden “Soros”a çox yaxın olduğu və məhz onların maliyyə dəstəyi ilə seçkidə qələbə qazandığı üçün Amerikanın prosesə müdaxiləsi Ermənistanın maraqlarını təmin etmək məqsədinə qulluq edir. Ancaq 10 noyabrda imzalanmış üçtərəfli Bəyannamə tamamilə fərqli bir situasiyanı diktə edir. Qeyd edim ki, üçtərəfli bəyanatın ortalığa çıxmasında mühüm rol oynayan əsas tərəflər Azərbaycan və Ermənistan deyil. Prosesi təmin etmək üçün əlini daşın altına qoyan əsas regional qüvvələr Rusiya və Türkiyə dövlətidir. Məhz bu iki dövlətin birbaşa təşəbbüsü ilə proses baş tutub. Bundan sonra regionda təhlükəsizliyin və atəşkəsin təminatı üçün söz sahibi sayılan ölkələr də Rusiya və Türkiyədir. Təkcə hərbi sahədə deyil, siyasi danışıqlar masasında da iki dövlət həlledici amil rolunu oynayır. ABŞ-ın bütün istək və təzyiqlərinə rəğmən, ortada imzalanmış 10 noyabr sənədi var. Qarabağda Rusiya sülhməramlıları yerləşib. Qardaş Türkiyənin hərbçiləri də Azərbaycana gəlmək üzrədir. Belə təqdirdə prosesi tamamilə başqa yönə çevirməyə cəhd edən ABŞ və Fransa kimi ölkələrə imkan verilməməlidir. Üçtərəfli Bəyanata əsasən konkret icraatlar ortadadır və həmin sənədə əsasən, işğalda olan üç rayonumuz bir güllə atılmadan Azərbaycana təhvil verilib. Hazırda qarşılıqlı şəkildə əsir və girovların, həmçinin cənazələrin dəyişdirilməsi prosesi gedir. Yaxın müddətdə bu proses də tamamilə bitəcək. Gələcəkdə kommunikasiya və lojistika məsələləri də öz əksini tapacaq. Bununla bağlı müəyyən anlaşmalar əldə olunub və bəzi humanitar proqramların həyata keçirilməsi ilə bağlı konkret razılaşmalar var. Anlaşma şərtlərinin ardıcıl reallaşdığı bir vaxtda ABŞ və Fransanın yersiz müdaxiləsi prosesə müsbət mənada heç nə qazandırmayacaq”. 
N.Miri hesab edir ki, həmsədr institutu formal olaraq hələlik mövcud olsa da, onların aktiv şəkildə hansısa prosesə qoşulması, alınan qərarlarda yer almağa çalışması yolverilməzdir: “Bundan sonra Minsk formatına, həmsədr institutuna ehtiyac yoxdur. Çünki işğalda olan torpaqlarımızı savaş yolu ilə geri qaytarmışıq. Azərbaycan birmənalı bəyan edir ki, “Dağlıq Qarabağ münaqişəsi” artıq mövcud deyil. Mövcud olmayan münaqişədə Qərb ölkələrinin vasitəçilik etməsinə lüzum qalmır. Sülh prosesini həyata keçirmək üçün yuxarıda sadaladığım iki-üç humanitar məsələ öz həllini tapmalıdır. Amma bu da müəyyən vaxt aparan məsələdir. Kommunikasiya infrastrukturlarının bərpası, iqtisadiyyatın dirçəldilməsi, insanların öz yurdlarına qaytarılması mərhələli şəkildə həyata keçirilməlidir”. 

Siyasi şərhçi vurğulayıb ki, indiyədək prosesə zərrə qədər xeyir verməyən ATƏT-in Minsk qrupunun əvəzinə gələcəkdə regionda sülh və təhlükəsizliyi, ticarəti və iqtisadiyyatı inkişaf etdirəcək yeni format yaradılmalıdır:

“Artıq bu cür format üfüqdə görünür və qlobal deyil, regional xarakter daşıyır. Bu format Türkiyə-Rusiya-Azərbaycan və İran dördlüyüdür. Əlbəttə, gələcəkdə əgər ağıllanarsa, daşı ətəyindən tökərsə, Ermənistan da bu yeni formatda təmsil oluna bilər. Demək olar ki, Cənubi Qafqaz regionunun bütün ölkələri mövcud reallığı qəbul ediblər. Xarici işlər nazirimiz Ceyhun Bayramovun İrana səfərində həm bu məsələ, həm də Naxçıvana yeni dəhliz ciddi müzakirə mövzusu olunacaq. O ki qaldı Rusiyanın digər həmsədr ölkələrin prosesə qoşulmasına imkan verməsinə, daha doğrusu, belə görüntü yaratmasına, bu, Moskvanın ikiüzlülüyündən başqa bir şey deyil. Rusiya öz istəklərini Azərbaycana qəbul etdirmək üçün həmsədrləri prosesə qoşmaq niyyətindədir. Əslində isə Kreml heç bir vəchlə ABŞ və Fransanın ciddi mənada prosesə müdaxiləsini istəmir”.