Türkiyə regionda sabitləşdirici faktordur

Erməni xalqı üçün də tarixi bir fürsət yaranıb 

Bundan sonra Ermənistanda sağlam qüvvələr hakimiyyətdə olsa, regionda tam, hərtərəfli və dərin inteqrasiya prosesləri gedə bilər

Ermənistanın Xarici işlər naziri Ara Ayvazyan dekabrın 7-də Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşüb. Sərsəm ittihamlar səsləndirən nazir iddia edib ki, Azərbaycan və onun “regional sponsoru” Türkiyə muzdluları və terrorçuları Qarabağa gətirib. Halbuki, Azərbaycan və Türkiyə Dağlıq Qarabağ bölgəsinə muzdluların gətirilməsinə dair əsassız iddiaları dəfələrlə qətiyyətlə rədd ediblər. Ermənistan və onun havadarları isə absurd iddialara sübut göstərə bilməyiblər.

Ekspertlərin fikrincə, Ermənistan xarici işlər nazirinin Moskva səfərində hüquqa zidd fikirlər səsləndirməsi ilk növbədə daxili auditoriyaya hesablanıb. Çünki Ermənistanda daxili ictimai-siyasi vəziyyət son dərəcə kritikdir. Ermənistanda fasiləsiz mitinqlər və Paşinyana qarşı istefa tələbi, hər zaman olduğu kimi ultra millətçiləri önə çıxarıb. Ona görə də istər müxalifət və yaxud iqtidar öz siyasi karyeralarını anti-türk, anti-Azərbaycan ritorikası üzərində qurmağa çalışırlar. Digər səbəb isə bəzi Qərb dairələrindən, konkret olaraq Fransadan aldıqları tapşırıqlarla bağlıdır. 

Politoloq Ceyhun Əhmədli hesab edir ki, Ermənistan Xarici işlər naziri Ayvazyanın Moskvada sərsəm bəyanatları ilk baxışdan Ermənistan dövlətinin hələ də ağıllanmaq istəmədiyi reallığını ortaya qoyur.

Analitikin sözlərinə görə, Paşinyan və komandası düçar olduqları rüsvayçı məğlubiyyətin fərqindədir: “Onlar bilirlər ki, Ermənistan dövləti öz qonşularına qarşı ədavətə son qoymasa, erməni xalqı daha faciəvi günlərlə üzləşə bilər. Erməni xalqının yeganə xilas yolu qonşuları ilə sülh şəraitində yaşamaqdır.

Görünür, Ermənistanın XİN rəhbəri baş verən hadisələrdən lazımi nəticələr çıxarmayıb. Ya da ki, Ayvazyanın diletant siyasətçi olması onun emosional davranaraq belə ziddiyyətli bəyanatlarla çıxış etməsini şərtləndirib.

Ermənistan baş diplomatınn Moskvada səsləndirdiyi fikirlər regional geosiyasi reallıqlarla uyğunlaşmasa da, Ermənistanın daxilində cərəyan edən siyasi proseslərin tərkib elementi kimi dəyərləndirilə bilər.

Hazırda düşmən ölkədə çox gərgin siyasi vəziyyət hökm sürür. Revanşist radikal siyasi dairələrin fəallaşması fonunda Paşinyan iqtidarı hansısa bir yolla kütləni sakitləşdirməlidir. Əks halda, müxalif siyasi düşərgənin sosial bazası genişlənə bilər”.

Siyasi şərhçinin sözlərinə görə, ayvazyanların nə deməsindən asılı olmayaraq, Türkiyə regionda sabitləşdirici faktordur və Azərbaycan-Türkiyə strateji müttəfiqliyi regional təhlükəsizliyə, tərəqqi və inkişafa başlıca zəmanət faktorudur:

"Regionda yaranmış yeni təhlükəsizlik formatının əsas tərəflərindən biri Türkiyədir. Bölgəmiz yeni bir mərhələyə qədəm qoyur. Erməni xalqı üçün də tarixi bir fürsət yaranıb.

Bundan sonra Ermənistanda sağlam qüvvələr hakimiyyətdə olsa, regionda tam, hərtərəfli və dərin inteqrasiya prosesləri gedə bilər.

Əks halda, Azərbaycan Prezidentinin də ifadə etdiyi kimi, əgər erməni faşizmi bir də baş qaldırsa, 10 qat artıq cavabını alacaqlar, heç kim bizi durdura bilməz”.