Tarix belə yaradılır

Biz MDB məkanında öz ərazilərini işğaldan azad etmiş hələlik yeganə ölkəyik

“Müasir dünyada öz ölkəsinin ərazi bütövlüyünü hərbi həll yolla bərpa etmək, 30 illik işğala son qoymaqla Zəfər tarixi yaratmaq hər ölkənin liderinə qismət olmur”.

Bu sözləri “Şərq”ə açıqlamasında Milli Həmrəylik Partiyasının (MHP) sədri, Qarabağ qazisi Əlisahib Hüseynov deyib. Partiya rəhbəri bildirib ki, dövlət başçısı İlham Əliyev məhz bu ağlasığmaz işi bacardı:

“Biz MDB məkanında öz ərazilərini işğaldan azad etmiş hələlik yeganə ölkəyik. Bu həqiqətən böyük nəticədir. Bizim Zəfər günümüzü qeyd etməyə, Qələbə paradı keçirməyə tam haqqımız çatır.

Dekabrın 10-da keçiriləcək parad Qarabağın kimə məxsus olduğunu bir daha bütün dünyaya göstərəcək. Tanınmış rusiyalı hərbi ekspert İqor Korotçenko yazıb ki, “Bakıda möhtəşəm Qələbə paradını dünyanın aparıcı siyasətçilərinin onluğuna daxil olan İlham Əliyev qəbul edəcək. Bax, tarix belə yaradılır”.

İqor Korotçenkodan belə sözləri eşitmək həqiqətən çox xoşdur. Korotçenkonun açıqlamasında mübahisə olunmaz real fakt, günün gerçəkliyi öz əksini tapıb. Doğrudan da, tarix məhz belə yaradılır.

Tarix təmsil etdiyin millətin haqqını, hüququnu elə o dünyanın özünün formalaşdırdığı və “beynəlxalq hüquq” adlandırdığı qaydalara əsaslanaraq qorumaqla yaradılır”.