Tehran narazı qala bilməz

Əslində  Mehridə Naxçıvan dəhlizinin açılması İranın xeyrinədir

“Noyabrın 10-da imzalanan bəyanatın 9-cu maddəsinə görə Mehridə Naxçıvan dəhlizi inşa edilməlidir. Bu, beştərəfli, yəni Azərbaycan, Türkiyə, İran, Rusiya və Ermənistanın iştirakı ilə həyata keçiriləcək məsələdir.

Şübhəsiz, sözügedən layihənin konturları ətrafında da dialoqlar aparıla bilər”.

Bu sözləri ötən günlərdə Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovun İrana səfəri barədə danışan politoloq Sədrəddin Soltan demişdi.

 İranın bəyanatın sözügedən maddəsindən o qədər də “xoşhal” olmadığı sezilir. Millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı isə məsələ barədə  “Şərq”ə danışarkən bunu əsassız hesab etdiyini deyib:

“Əslində bir çox amilləri, o cümlədən də Culfa-Təbriz yolunun açılacağını nəzərə alsaq, bu, İranın xeyrinədir. Niyə narazı qalmalıdır ki? Fikrimcə, xarici işlər nazirimizin iranlı həmkarı ilə səfərində bu məsələ müzakirə edilib. Amma hələ də dəqiq bir söz demək çətindir. Qarşılıqlı dialoqların davam edəcəyini düşünürəm”.