"Şərtlərimə əməl edilsəydi, yoluxma bundan 20 dəfə az olardı"

Əhməd Qəşəmoğlu: "Mən dəfələrlə demişəm ki, bilmirsinizsə, təmənnasız kömək etməyə hazıram. Ancaq yox, özlərini hamıdan ağıllı sayırlar"

"Çalışmaq lazımdır ki, əhali özü mübarizə aparsın. Əhalini evə qapamaqla pandemiya ilə mübarizəyə nail olmaq mümkün deyil"


Yoluxma sayındakı kəskin artım daha sərt karantin qaydalarını qaçılmaz etdi. Operativ Qərargahın brifinqində elan olundu ki, dekabrın 14-dən etibarən paytaxt da daxil olmaqla 16 şəhərdə sərtləşdirilmiş karantin rejimi tətbiq ediləcək. Təəssüf ki, yenidən SMZ icazə ( 3 saatlıq) sistemi tətbiq ediləcək. Market və apteklər istisna olmaqla satış obyektləri, iaşə obyektlərinin fəaliyyəti dayandırılacaq, yalnız onlayn çatdırılmaya icazə veriləcək. Böyük şəhərlərə giriş-çıxışda məhdudiyyətlər tətbiq ediləcək. Bununla yanaşı açıq və qapalı məkanlarda, o cümlədən ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən vətəndaşlar cərimələnəcəklər. Bu isə o deməkdir ki, “evdə qal” çağırışı təkrar aktuallıq qazanır. 

Görünən mənzərədə fərqli olan nədir? İctimai nəqliyyatda yenə hədsiz sıxlıq, avtobuslar arasındakı interval uzun, pik saatlardakı dözülməz vəziyyət, nəinki süni havalandırma sistemi olmayan, ümumiyyətlə havasız avtobuslarda boğulan narazı sərnişinlər. Tikinti materiallarının satış nöqtələrində piyada gəzən “virus daşıyıcıları” – satıcı və alıcılar. Eləcə də antisanitar vəziyyətdə faəliyyət göstərən bazarlar; “8-ci kilometr” bazarı kimi. Bakı Nəqliyyat Agentliyinin “Koroğlu” Mübadilə Mərkəzində sürücülərə maskasız halda, asfaltın ortasında çay və sair ərzaq məhsullarını açıq şəkildə satanlar. Super-marketlər də təhlükəsiz sayılmaz. Çünki sosial məsafə qaydalarına riayət edilmir. Daha doğrusu, riayət etmək mümkün deyil. Axşam saatlarında vətəndaşlar marketlərə “basqın” edir. Hazırda ən böyük kütləvi toplaşma yeri məhz marketlərdir. Halbuki həyətlərdə, yol kənarlarında kiçik marketlərin fəaliyyətini tənzimləməklə ətraf sakinlərin iri marketlərə getməsinin qarşısını müəyyən qədər almaq olar. 

Sual yaranır. Operativ Qərargah qərar qəbul edərkən nəyə istinad edir? Metronun qapadılmasını süni havalandırma sistemi və yoluxma riski ilə əlaqələndirənlər ictimai nəqliyyatdakı sıxlığın və havasızlığın nə qədər yoluxmaya səbəb olduğunu araşdırıbmı, yoxsa, “metronun fəaliyyəti indiki halda sərf etmir” tezisini araşdırmasız-filansız - şəksiz qəbul ediblər?  Məsələn, gün ərzində hansısa geyim mağazasına aşağı-yuxarı, neçə müştərinin daxil olması kimlərsə tərəfindən öyrənilibmi?  Bəs kafel-metlax, divar kağızı... satan mağazalar? Bu araşdırmalar aparılıbmı və qərarlar nəyə əsasən verilir? Operativ Qərargah bir gün “Qara Qarayev” prospektində (“Neftçilər” metrostansiyası istiqaməti) yerləşən tikinti malları satışı cərgəsinə bir-iki könüllü göndərsinlər, oradakı mənzərənin fotosunu çəkib qərargah üzvlərinə göstərsinlər. Bəlkə sonra qərarlarını dəyişmək barədə düşünərlər. 

Sosioloq Əhməd Qəşəmoğlu “Şərq”ə açıqlamasında fevral ayından indiyədək pandemiya ilə mübarizə üsulları barədə dəfələrlə, azı 40 müsahibə verdiyini, lakin əlaqədar strukturların deyilənlərə əhəmiyyətsiz yanaşdığını söylədi: 

- Koronavirusla mübarizəni bu şəkildə qurmaq yanlışdır. İndiyədək dediyim şərtlərə əməl edilsəydi, yoluxma sayı bundan 20 dəfə az olardı. Mən dəfələrlə demişəm ki, bilmirsinizsə, təmənnasız kömək etməyə hazıram. Ancaq yox, özlərini hamıdan ağıllı sayırlar. Məsləhət də almaq istəmirlər. İdarəetmə elminin qənaəti budur ki, cəmiyyəti hərəkətə gətirmək lazımdır. Cəmiyyətə istiqamət diktə etmək yox. Bu, mənim kəşfim deyil. Elmin tələbidir. Çalışmaq lazımdır ki, əhali özü mübarizə aparsın. Əhalini evə qapamaqla pandemiya ilə mübarizəyə nail olmaq mümkün deyil. Vətəndaş küçədən evə gələndə evdə özünü necə aparmalı olduğunu bilməlidir. Çöldə cərimədən qorxub maska taxan adam evin kandarından içəri keçən kimi özünü azadlıqda görüb, “sevincindən” heç əllərini də yumursa, deməli, bu adam çöldəki virusu evə daşıyır. İctimai nəqliyyatda sərnişinlər bir-birinin “qarnına girirsə”, koronavirusla mübarizədə lazımi nəticə əldə edilməyəcək.

Ə.Qəşəmoğlu virusa yoluxma mənbələrini belə sıraladı: 

- Virusu ən çox yayan ilk növbədə satış mərkəzləridir. İkincisi, ictimai nəqliyyatdır. Mən müşahidə edirəm və görürəm ki, avtobuslarda sürücülər və sərnişinlər arasında tibbi maskadan düzgün istifadə etməyənlər çoxdur. Heç bilmirik, sürücülər bir maskadan neçə dəfə istifadə edir. Ümumiyyətlə, maskalarını dəyişirlərmi?

Bu məsələ ilə daşıyıcı şirkətlər məşğul olmalıdır. Yoluxmanın ən çox baş verdiyi əsas yerlərdən biri yas mərasimləridir. Sizə bir faciəli əhvalatı danışım. Tələbələrimdən biri danışıb ki, Bakıda koronavirusa yoluxmuş bir qadın dərmanlarını alıb gedib kəndə. Kənddə tibb bacısını çağırıb, iynələrini ona vurdurub.

Bu tibb bacısı da virusu ailəsinə daşıyıb. Nəticədə 34 yaşlı, kapitan rütbəli oğlu koronavirusdan dünyasını dəyişib. Bütün kənd əhalisi 7 gün həmin yas evinə axışıb. Mərasimlərdə iştirak ediblər. İcra nümayəndəsinə bunu irad tutanda, özünə haqq qazandırıb və söyləyib: “kimə deyim, yasa getmə?!” Deməli, kənd camaatının yoluxmasına avamlıq səbəb oldu. Yerlərdə icra nümayəndələri, dövlət orqanları əməkdaşları əhali arasında düzgün təbliğat işi aparmalıdır. 

Sosioloq hesab edir ki, yoluxmanın mənbələri tapılmalı və onlara qarşı mübarizə aparılmalıdır: 

- Yoluxma mənbələrinə diqqət edilməlidir. Ən təhlükəli mənbələrdən biri koronavirusa yoluxmuş, lakin heç bir köməyi olmayan adamlardır ki, onlar gündəlik ehtiyacları üçün  bayıra çıxmaq məcburiyyətindədirlər.

Bu adamın dərmanlarını kim alacaq? Bu məsələlərdə işlək mexanizmlər olmalıdır. Koronavirusa yoluxduğu təsdiqlənən vətəndaşlara xidmət göstərəcək sosial işçilər olmalıdır. Axı bu insanların gündəlik ehtiyacları, tələbatları var. Bütün bunlar onu deməyə əsas verir ki, koronavirusla mübarizə lazımi qaydada getmir.

Bu qədər nadanlıq olmaz. Biz dünyaya səs salan qələbə qazandıq. Cənab Prezident ən nümunəvi ölkə başçısı modelini öz şəxsində dünyaya nümayiş etdirdi. Göstərdi ki, necə fədakarlıq etmək olar.

Bəs koronavirusla mübarizədə səlahiyyət verilmiş şəxslər niyə bu fədakarlığı nümayiş etdirmir? Operativ Qərargahın yanında, onun tabeliyində sosial qrup yaradılmalıdır. 3 nəfər əməkdaş olsa, kifayətdir. Sosial tələbatı öyrənsinlər, araşdırma aparsınlar, harda hansı nöqsanlar, hansı çatışmazlıqlar və hansı tələbatlar var. Burda çətin bir iş yoxdur. Sadəcə, bir qədər artıq məsuliyyətli və fədakar olmaq lazımdır.