Professor Rusiyadan “Şərq”ə danışdı: “...Məcburi köçkünlər geri qayıtmalıdırlar” – MESAJ ! 


“Dağlıq Qarabağda Azərbaycan qanunvericiliyi bərpa edilməlidir”

“Türkiyə, Rusiya, İran, İsrail, Çin, İngiltərə Qarabağdakı yenidənqurma işlərində iştirak etmək istədiyini bildirib”

“Hər şey arzulanan kimi olsa, Azərbaycan bölgədə böyük bir iqtisadi gücə çevrilə bilər”

“Hər halda daim ayıq-sayıq olmalıyıq. Çünki düşmən reallığı qəbul etmək istəmir”



Məlum olduğu kimi, bu gün Azərbaycanda möhtəşəm qələbə paradı keçirilir. Tarixi anlar 44 günlük müharibədə əldə etdiyimiz qələbənin təzahürüdür. Amma gərək “44 gün” deyib keçməyək.


Çünki böyük siyasət heç vaxt qısa müddətli olmur. Yəni apardığımız Vətən müharibəsinin başladanmasına zəmin yaradan amillər kimi, gələcəyə təsir edəcək faktorları da var. Hər halda döyüşlər dayansa da, proses hələ tam yekunlaşmayıb. Hər gün görüşlər, telefon danışıqları…Deməli, təhlillərə də ehtiyac var.

 “Sherg.az”ın bu dəfəki müsahibi Rusiyada yaşayan soydaşımız, tarix elmləri doktoru, Sankt- Peterburq Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin professoru Niyazi Niyazovdur.

-Sizcə, müharibə otuz il sonra niyə məhz indi başladı? Bunu şərtləndirən məqamlar nələr idi?

-Savaşın birdən-birə başladığını demək olmaz. Əslində hazırlıq çoxdan-hələ 1994-cü ildə atəşkəs imzalanandan vaxtlardan gedirdi. Bir gün də olmayıb ki, Azərbaycan bu günə hazırlaşmasın. Ordu quruculuğu işləri görülüb, texnika, silah-sursat alınıb. 2010-cu ildən etibarən məsələ daha da konkretləşdi- Azərbaycan ya sülh, ya da hərbi əməliyyatlar yolu ilə torpaqlarını mütləq qaytarmalıdır. Mən bu barədə o vaxt nəşr olunan kitabımda da yazmışdım. 2014-cu ildən etibarən  cəbhəboyu atəşkəsin pozulması daha intensiv hal aldı. Bunun bizim üçün ən uğurlu  vaxtı 2016-cı ilə təsdüf etdi. Özümüz öz gücümə bir daha əmin olduq və bildik ki, lazım olan döyüşlərə başlaya bilərik. 2020-ci ilin iyulundakı hadisələr bunu bir daha təsdiqlədi. Azərbaycan vaxtı çatan an döyüşlərə başlayacaqdı. Belə də oldu.

-Əvvəlki dövrlərlə müqayisədə Rusiyanın məsələyə münasibətini necə qiymətləndirirsiniz?

 -Əgər belə demək mümkünsə, Kreml bu dəfə “özünü yaxşı apardı”. Fikrimcə, bu, hər şeydən əvvəl Azərbaycan iqtisadiyyatının uğurları ilə bağlı idi. Rusiya uzun müddətdir yaratdığı iqtisadi birliklərdə Azərbaycanın da olmasını istəyir. Bizim şərtimiz isə məlum idi: Qarabağ probleminin həll olunması. Son illərdə investiyalarımızın təkcə qardaş Türkiyəyə yox, həm də ayrı-ayrı ölkələrdə, o cümlədən Rusiyaya da yatırıldığını bilirik. Yəni Azərbaycan iqtisadi cəhətdən şimal qonşumuza maraqlıdır. Son illərin nümunəsində də görürük ki, Rusiya qarşılıqlı əlaqələrimizin, əməkdaşlığımızın güclənməsini istəyir.

-Bəs ABŞ-dakı hakimiyyət dəyişikliyi regiondakı vəziyyətə necə təsir göstərəcək? 

-ABŞ-ın yaxın gələcəkdə həll ediləsi başqa problemləri var. Buna misal olaraq, Qərb birliyinin möhkəmlənməsini, yerli iqtisadiyyatın dirçəldilməsini, ABŞ-Çin iqtisadiyyatını göstərə bilərik. Yəni Amerika Cənubi Qafqazdakı proseslərə o qədər də diqqət göstərməyəcək.

-Noyabrın 10-da imzalanan üçtərəfli bəyanatı necə qiymətləndirirsiniz?

-Siyasi reallığı nəzərə almaq şərti ilə bu sənədin bizim xeyrimizə olduğunu əminliklə deyə bilərəm. Beləliklə, nəinki hərbi, həm də diplomatik uğur qazandıq. Bu, qələbəmizin bünövrəsidir. Bundan sonra qarşımızda ordu quruculuğunun davam etdirilməsi kimi mühüm vəzifələrimiz var. Hər halda daim ayıq-sayıq olmalıyıq. Çünki düşmən reallığı qəbul etmək istəmir.

-Sizcə, hərbi əməliyyatlar yenidən başlaya bilər?

-Önümüzdəki on ildə belə bir ehtimalı istisna edirəm. Azərbaycan inkişafını davam etdirəcəyi təqdirdə, yarımçıq qalan məsələlərimizi sülh yolu ilə də həll edə bilərik. Lakin dediyim kimi, hansısa xarici müdaxilə ilə üzləşməmək naminə ordu qurucuğunu həmişə diqqətdə saxlamalıyıq.

-Proseslərin bundan sonrakı inkişafını necə görürsünüz?

-Azad olunan torpaqlarda yenidənqurma işləri görülməli, qaçqın və məcburi köçkünlər geri qayıtmalıdırlar. Dağlıq Qarabağda Azərbaycan qanunvericiliyi bərpa edilməlidir. Bir çox ölkələr, o cümlədən Türkiyə, Rusiya, İran, İsrail, Çin, İngiltərə Qarabağdakı yenidənqurma işlərində iştirak etmək istədiyini bildirib. Hər şey arzulanan kimi olsa, Azərbaycan bölgədə böyük bir iqtisadi gücə çevrilə bilər. Bu isə, əlbəttə, insanlarımızın həyat şəraitinin yaxşılaşması üçün müstəsna əhəmiyyətlidir. Onu da deyim ki, bəziləri Türkiyənin proseslərdəki iştirakını müvəqqəti hesab edirlər. Lakin mən bu yanaşma ilə razı deyiləm. Hətta deyə bilərəm ki, qardaş ölkədə hakimiyyətdə kimin gəlməsindən asılı olmayaraq bizim xarici siyasətimiz stabil qalacaq. Başqa sözlə, Türkiyə hakimiyyəti həmişə Azərbaybaycanın köməkliyi və vasitəsilə regiondakı mövqeyini gücləndirməyə çalışacaq. Bu isə, şübhəsiz ki, bizim milli maraqlarımıza uyğundur.