“Parada xüsusi rəng qatan Azərbaycan -Türkiyə birliyi idi” - Münasibət

“Qardaş ölkə ilk gündən Azərbaycanın yanında olub, mənəvi dəstək göstərib”

“Ərdoğanın və Türkiyə ordusunun paraddda  iştirakı iki dövlət arasındakı sıx əlaqələrdən xəbər verir”

“Bu, Azərbaycan tək olmadığının ismarıcıdır. Biz bununla qürur duyuruq”



Bakının Azadlıq meydanında dekabrın 10-da Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev, ölkəmizin Birinci vitse-prezidenti Mehriban  xanım  Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Zəfər paradında iştirak ediblər. “Dəmir yumruq” əməliyyatında - Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəyə həsr olunmuş Zəfər paradına müdafiə nazirinin müavini, “Zəfər” ordenli general-leytenant Kərim Vəliyev komandanlıq edib. Paradda 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi baş tutub. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də göstərilib. 

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana raport verib.

Dövlət başçıları əsgərləri salamlayıblar.Hərbi orkestr Azərbaycanın və Türkiyənin dövlət himnlərini səsləndirib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev paradda çıxış ediblər.

Xalqımız isə ekran qarşısında qürur hissi ilə tarixi paradı izləyib. Bununla yanaşı canlı şəkildə izləmək istəyən vətəndaşlar yol kənarında gözləyib. Onlar  əvvəlcə prezidentləri qarşılayıb, daha sonra hərbi texnikaların keçidinə yaxından şahidlik ediblər. Qazilərlə, hərbçilərlə şəkil çəkdirənlər, bayraqlarla zəfər sevinclərini dilə gətirənlər Bakının küçələrini bəzəyib.
Bir sözlə əvəzolunmaz gün, bənzərsiz anlar yaşadıq.

Zəfər paradı ilə bağlı təəssüratlarını  “Sherg.az”la bölüşən ehtiyatda olan polkovnik Şair Ramaldanov hamı kimi qürurlu olduğunu söyləyib:

“Bu gün bir başqa gözəl hisslər yaşadım. Zəfər paradı münasibətilə Azərbaycan əsgərini, xalqımızı və Ali Baş Komandan cənab İlham Əliyevi təbrik edirəm. Paradla  qələbəmizi qeyd etdik. Həm də ordumuzun gücünü göstərdik, hərbçilərimizə  minnətdarlığımızı bildirdik, şəhidlərimizi yad etdik. Bu qələbə paradı Azərbaycan tarixinə qızıl  hərflərlə yazılan səhifədir.  Qələbəni 30 il arzuladıq. Bu müddət ərzində hazırlaşdıq. Azərbaycan ordusu döyüş qalibiyyətini yüksəltdi, cənab Prezident Silahlı Qüvvələri müasir hərbi texnikalarla təmin etdi. “Aprel döyüşləri”ndən sonra Prezident bildirdi ki, Azərbaycan və Ermənistan ordularını təkbətək döyüşməyə qoysalar, biz qısa zamanda onların qüvvələrini darmadağın edib, torpaqlarımızı işğaldan azad edərik. Həmin o qüdrəti 44 günlük qısa zamanda düşməni darmadağın edərək göstərdik.  Himnimizin sözlərində deyildiyi kimi: -

Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!.

 Məhz bu sözlər müharibədə öz təsdiqini tapdı. Hərbçilərimiz, əsgərlərimiz can verməyə,qan tökməyə hazır olduqlarını göstərdilər. Azərbaycan xalqının birliyi, ordumuzun hazırlığı bizə qələbə qazandırdı. Artıq bütöv Azərbaycanda yaşayırıq. İndi bizdə məcburi köçkün sözü yoxdur.

Onu da deyim ki, parada xüsusi rəng qatan Azərbaycan - Türkiyə birliyi idi. Qardaş ölkə ilk gündən Azərbaycanın yanında olub, mənəvi dəstək göstərib.

Bu gün paradda da Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın və ordunun şəxsi heyyətinin iştirakı iki dövlət arasındakı sıx əlaqələrdən xəbər verir.

Azərbaycan tək olmadığının ismarıcıdır. Biz bununla qürur duyuruq”.