Hər kəs məmnun qaldı

Prezident öz qərarı ilə hərbçilərə ən yüksək dəyəri və qiyməti verdi

Prezident İlham Əliyevin Sərəncamı ilə ərazi bütövlüyümüzün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdikləri igidliyə görə üç nəfərə - general-mayor Polad Həşimova, polkovnik İlqar Mirzəyevə və ehtiyatda olan baş çavuş İbad Hüseynova Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Milli Qəhrəman adına layiq görülən hərbçilərdən İbad Hüseynov həyatdadır. General Polad Həşimov və polkovnik İlqar Mirzəyev isə iyul ayında, Tovuz hadisələri zamanı erməni təxribatının qarşısını alarkən şəhidlik zirvəsinə ucalıblar. Sərəncama əsasən, Prezidentin aylıq təqaüdü də təyin edilib. Aylıq təqaüd, yəni 1500 manat milli qəhrəmanlarımızın özlərinə, şəhidlik zirvəsinə ucalmış hərbçilərimizin isə ailə üzvlərinə ödəniləcək. 

General-mayor Polad Həşimovun anası Səmayə Həşimova oğluna “Milli Qəhrəman” adının verilməsinə görə Prezidentə təşəkkür edib. Şəhid anası bildirib ki, oğlu öz canını torpaqlarımız uğrunda fəda edib: “Ali Baş Komandan onun əziyyətini qiymətləndirdi. Buna görə öz ailəmiz adından Ali Baş Komandana təşəkkürümüzü bildiririk”. 

Şəhid polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev də dövlət başçısına minnətdarlıq edib. Azərbaycan Ordusu ilə fəxr etdiyini söyləyən E.Mirzəyev bütün şəhidlərin qisasının alındığını deyib: “Prezidentimizə minnətdaram ki, atama layiqli adı verdi. Bu xəbər məni sevindirdi. Qürurla dostlarıma dedim ki, atam Milli Qəhrəmandır”. 

Ehtiyatda olan baş çavuş İbad Hüseynov da ona Milli Qəhrəman adının verilməsini yüksək dəyər hesab edib və Prezidentə təşəkkürünü bildirib. İ.Hüseynovun sözlərinə görə, o hər zaman xalqının qəhrəmanı kimi tanınıb: “Cənab Prezident sağ olsun ki, məni qiymətləndirdi.

Bu adı aldığım üçün çox sevinirəm. Çünki sevinməyə haqqım var. Mən hər zaman əsgər olmuşam. Bu gün də cənab Prezidentin əsgəriyəm”. Keçmiş döyüşçü Milli Qəhrəman adını alacağını hər zaman gözlədiyini də etiraf edib: “Bu adı alacağım günü həmişə gözləmişəm”. 

Məlumat üçün deyək ki, ölkə başçısının bu sərəncamından sonra Azərbaycanın Milli Qəhrəmanlarının sayı artaraq, 218 nəfərə çatıb. Sonuncu dəfə bu ad 2017-ci ildə şəxsi igidliyə görə ölümündən sonra əsgər Çingiz Qurbanova verilmişdi. Hazırda Azərbaycanın 218 Milli Qəhrəmanından yalnız 16 nəfəri sağdır.

Dövlət başçısının təltifləri ilə bağlı “Şərq”ə danışan Azərbaycanın Milli Qəhrəmanı, ehtiyatda olan polkovnik-leytenant Vahid Quliyev deyib ki, Tovuz hadisələri 44 günlük müharibəyə gedən zəfər yolunun başlanğıcı idi. Polkovnikin sözlərinə görə, məhz iyul olaylarından sonra xalqın milli həmrəyliyi, müharibə əzmi daha da artdı:

“General Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin şəhid edilməsi xalqın düşmənə olan nifrət hissini alovlandırdı. Ermənilərin təxribat törədərək generalımızı şəhid etməsi sonrakı qətiyyətli addımların atılması üçün zəmin formalaşdırdı. Nəzərə alaq ki, ölkə ictimaiyyətinin şəhid general və polkovnik haqqında rəyi, münasibəti çox yüksək idi. Həm də mərhum generalımız Türkiyədə təhsil almışdı və onun haqqında qardaş ölkənin tanınmış hərbi mütəxəssisləri olduqca yüksək düşüncədə idilər. Dövlət başçısının müvafiq sərəncamı ilə hərbçilərimizə Milli Qəhrəman adının verilməsi ictimaiyyətin müsbət fikirlərini tamamladı. Hər kəs bundan məmnun qaldı. Prezident öz qərarı ilə hərbçilərə ən yüksək dəyəri və qiyməti verdi”.